Məhkəmə qərarları › İş №3(005)-729/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-729/2025

07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-729/2025 07.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X7, Şikayət vermiş şəxsin vəkili Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Şikayət vermiş şəxs "xxxx" Firmasının direktoru X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət vermiş şəxs "xxxx" Firmasının direktoru X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən (bundan sonra "inzibati orqan") Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmə əsası ilə barəsində xx.xx.2025-ci il tarixli MN1869946 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək vəzifəli şəxs kimi 3500 (üç min beş yüz) manat inzibati cərimə cəzası tətbiq edilmişdir. Eyni əsasla direktoru olduğu "xxxx" Firması barəsində də hüquqi şəxs qismində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə “İnzibati orqan" tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 8(060)-275/2025 nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Firmasının Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan İnzibati orqana qaytarılmışdır. "İnzibati orqan" tərəfindən vəzifəli şəxs kimi barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN1869946 nömrəli inzibati tənbeh vermə haqqında qərarla "Hünər-İnşaat” Firmasının işçisi olmuş X1 “Qarabağ və Şərqi Zəngəzur rayonlarında, əmək müqaviləsi AR-nın Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi əsası ilə 3500 (üç min beş yüz) manat inzibati cərimə cəzası tətbiq edilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında işin mahiyyəti ondan ibarətdir ki, vətəndaş X4 (61KHOF7) ilə “Hünər-İnşaat" Firması arasında xx.xx.2024-cü il tarixində Əmək müqaviləsi bağlanmış, ona Cəbrayıl, Qubadlı və Zəngilan Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxs (bundan sonra “Xidmət”) vasitəsilə iş icazəsi alınmış (Sifarişçi), xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a bəndi (tərəflərdən birinin təşəbbüsü) ilə Əmək müqaviləsinə xitam verilmiş və aktiv iş icazəsinin deaktiv edilməsi üçün xx.xx.2025-ci il tarixində aidiyyəti üzrə “Xidmət" ə müraciət edilmişdir. Lakin "Xidmət” tərəfindən X1 iş icazəsinin deaktiv edilməməsi səbəbindən icazə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq" alt sistemində aktiv qalmış, bununla da əmək müqaviləsi bağlamadan işə cəlb etmə faktı ilə “Hünər-İnşaat" Firmasına və onun vəzifəli şəxsinə protokol tərtib edilmişdir. Bildirir ki, xx.xx.2024-cü il tarixinədək qüvvədə olan “Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “Xidmətlə “Hünər-İnşaat" Firması arasında xx.xx.2024-cü il tarixli Mallar (işlər və xidmətlər) üzrə ŞZİ/2024-006 nömrəli satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin razılaşdırılmış şərtlərinə əsasən zəruri olduğu halda “Hünər-İnşaat" Firması ilə əmək müqaviləsi bağlanmış müvafiq sahədə çalışacaq işçilərə və subpodrat müqaviləsi ilə cəlb ediləcək şəxslərə iş icazələrinin alınması “Xidmətin öhdəliklərinə aiddir. Bununla əlaqədar olaraq tərəfindən həmin işçilərin siyahıları (subpodratçılara dair ayrıca siyahı (vendor siyahı)) “Xidmətin elektron poçt ünvanına göndərilir. Bundan sonra işlərin icrası məqsədilə, müvafiq sahələrə giriş icazələrinin verilməsi və bu icazələrin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən yaradılmış icaze.gov.az portalına daxil edilməsi üçün “Xidmət” tərəfindən müvafiq siyahılar işçi qaydada Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına giriş-çıxışın xüsusi rejimini müəyyənləşdirən, həmin rejimin tətbiqini təmin edən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə göndərilir və sonda giriş icazələrinin verilməsi nümayəndəlik tərəfindən həyata keçirilir. Həyata keçirilən prosedurun ardıcıllığından da görünür ki, icazələrin verilməsi və ya Əmək müqaviləsinə xitam verilmiş işçilərin icazələrinin deaktiv edilməsi həlli “Xidmət” tərəfindən təmin edilir, burada “Hünər-İnşaat" Firması yalnız məlumat ötürən, siyahı təqdim edən funksiyasına malik olduğundan, Firmanın və ya onun vəzifəli şəxsinin inzibati xətaya yol verməsi əsası ilə məsuliyyətə cəlb edilməsinin heç bir hüquqi əsası yoxdur. Bununla əlaqədar “Hünər-İnşaat" Firması tərəfindən xx.xx.2025-ci il tarixli 29 nömrəli məktubla “Xidmət”ə rəsmi olaraq müraciət olunmuş və məsələnin araşdırılması xahiş edilmişdir. “Xidmət” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli,17-1/2-143/2025 nömrəli cavab məktubunda bildirilir ki: ‘‘Məktubunuzda qeyd edilən məsələ ilə bağlı araşdırma aparılaraq adıçəkilən əməkdaşın adı olan siyahı xx.xx.2025-ci il tarixində aktiv icazənin deaktiv edilməsi üçün elektron poçt vasitəsilə Xidmətin aidiyyəti strukturuna daxil olmuş və işçi qaydada aidiyyəti üzrə yönləndirilmişdir. Lakin Portalda müvafiq sahələrə aktiv giriş icazələrinin deaktiv edilməsi funksiyası yeni olduğundan və yetərincə təkmilləşdirilmədiyindən Portal Podratçı tərəfindən göndərilmiş excel cədvəlində yazılmış boşluğu əlavə simvol olaraq qəbul etmiş və xəta bildirişini göndərməmişdir. Nəticədə işçi icazəsinin ləğv edilmədiyi barədə Portal üzrə məsul şəxslərin məlumatı olmadığından Podratçını da məlumatlandırmaq mümkün olmamışdır”. Məktubun məzmunundan göründüyü kimi X1 aktiv iş icazəsinin deaktiv edilməməsinin məsuliyyəti "xxxx" Firmasına aid deyil, belə ki, Firma adıçəkilən əməkdaşın adı olan siyahını xx.xx.2025-ci il tarixində deaktiv edilməsi üçün elektron poçt vasitəsilə “Xidmətin aidiyyəti strukturuna göndərməklə öz funksiyasını yerinə yetirmişdir. Məktubda icazənin deaktiv edilməməsi “Hünər-İnşaat" Firmasından, onun vəzifəli şəxsindən asılı və aid olmayan səbəbdən baş verdiyi bildirilmişdir. Sözügedən məktubun “İnzibati orqan”a təqdim olunmasına baxmayaraq, məktubda qeyd olunanlar nəzərə alınmamış, yuxarıda qeyd etdiyi kimi X3 alınmış iş icazəsinin deaktiv edilməməsində hüquqi şəxs kimi "xxxx" Firmasına Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmiş, vəzifəli şəxs kimi isə barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilərək 3500 manat cərimə tətbiq edilmişdir. Baxmayaraq ki, X3 əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə olmadan hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi barədə tərtib olunmuş inzibati məsuliyyət yaradan prosessual sənədlərin heç bir hüquqi əsası yoxdur və iş üzrə müvafiq əmək müqaviləsi bağlamadan işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olma faktı mövcud deyildir. Qeyd olunanlar məhkəmə iclasına şahid qismində dəvət edilmiş X1 məhkəmədə verdiyi ifadəsi ilə də təsdiq olunmuşdur. O, ifadəsində Əmək müqaviləsinə xitam verilməsi barədə ərizə təqdim etdiyi üçün xx.xx.2025ci il tarixində Zəngilan rayonunun ərazisini tərk edərək yaşadığı Bərdə rayonuna getdiyini və əraziyə bir daha giriş etmədiyini bildirmişdir. xx.xx.2025-ci il tarixində isə onun əmək müqaviləsinə xitam verilmişdir. Belə olduğu halda onunla əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinə daxil olma faktına görə vəzifəli şəxs qismində onun əməlində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN1869946 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Beləliklə, “İnzibati orqan” tərəfindən araşdırma aparılan zaman Azərbaycan Azərbaycan İXM-nin tələbləri pozulmuş, “Hünər-İnşaat" firmasının İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı material üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamışdır. Şikayət vermiş şəxsin vəkili X5 bildirmişdir ki, X1 əmək müqaviləsinə xitam verilmiş, lakin adı portalda olduğuna görə şirkət təqsirli bilinmişdir. Firma tərəfindən aktiv iş icazəsinin deaktiv edilməsi üçün Xidmətə müvafiq müraciət də edilmişdir. Yekunda məhkəmədən verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X13 izahatında bildirmişdir ki, vəzifəli şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən göndərilmiş portal çıxarışına əsasən məsuliyyətə cəlb edilmişdir. Şirkət tərəfindən X4 müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Qərar yalnız portal çıxarışına əsasən qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, "xxxx" Firmasının direktoru X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3500 manat cərimə edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 42/K №-li əmrin surətindən görünür ki, "xxxx" Firmasında “fəhlə” vəzifəsində işləyən X1 əmək müqaviləsinə AR ƏM-nin 68.2 maddəsinin “a” bəndinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. "xxxx" Firması tərəfindən Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsinə edilmiş müraciətdən görünür ki, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və iş icazəsi alınmış, xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş X1 iş icazəsinin deaktiv edilməsi xahiş olunmuşdur. "xxxx" Firması tərəfindən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə ünvanlanmış 19 fevral 2025-ci il tarixli “işçi icazəsinin ləğvinin araşdırılması” haqqında məktubun məzmunundan görünür ki, məktubda qeyd edilən məsələ ilə bağlı araşdırma aparılaraq adıçəkilən əməkdaşın adı olan siyahı xx.xx.2025-cı ti tarixində aktiv icazənin deaktiv edilməsi üçün elektron poçt vasitəsilə Xidmətin aidiyyəti strukturuna daxil olmuş və işçi qaydada aidiyyəti üzrə yonləndirılmişdır. Lakin Portalda müvafiq sahələrə aktiv giriş icazələrinin deaktiv edilməsi funksiyası yeni olduğundan və yetərincə təkmilləşdirilmədıyindən Portal Podratçı tərəfindən göndərilmiş excel cədvəlində yazılmış boşluğu əlavə simvol olaraq qəbul etmiş və xəta bildirişini göndərməmişdir. Nəticədə işçi icazəsinin ləğv edilmədiyi barədə Portal üzrə məsul şəxslərin məlumatı olmadığından Podratçını da məlumatlandırmaq mümkün olmamışdır. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vətəndaş X4 ilə “Hünər-İnşaat" Firması arasında xx.xx.2024-cü il tarixində Əmək müqaviləsi bağlanmış və ona Cəbrayıl, Qubadlı və Zəngilan Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxs vasitəsilə iş icazəsi alınmış, xx.xx.2025-ci il tarixində tərəflər arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.a bəndinə əsasən xitam verilmiş və aktiv iş icazəsinin deaktiv edilməsi üçün xx.xx.2025-ci il tarixində aidiyyəti üzrə Cəbrayıl, Qubadlı və Zəngilan Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsə müraciət edilmişdir. X14 Şəxs tərəfindən Feyruz Dadaşovun iş icazəsinin deaktiv edilməməsi səbəbindən icazə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq" alt sistemində aktiv qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Cəbrayıl, Qubadlı və Zəngilan Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxs vasitəsilə alınmış iş icazəsinin deaktiv edilməməsi "xxxx" Firmasının vəzifəli şəxsindən asılı olmayan səbəbdən baş vermişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, səlahiyyətli orqan inzibati araşdırma zamanı yalnız bir sübuta (X12 portaldan çıxarışı) istinad etmişdir. X12 portaldan çıxarışı olsa belə həmin şəxsin şəxsiyyəti müəyyən edilməmiş və onun hüquqi şəxs tərəfindən işğaldan azad olunmuş ərazilərdə işlərə cəlb edilməsinə dair istiqamətdə hər hansı araşdırma aparılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X6 əməlində AR İXM-nin 192.1-ci maddəsinin tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, qərardan göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, "xxxx" Firmasının direktoru X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. "xxxx" Firmasının direktoru X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3500 (üç min beş yüz) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar