Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-737/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Vəkil oğlunun iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 469.2-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 30 mart 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin (17 nəfər) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli, 3(005)-737/2021 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5.000 (beş min) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 25.05.2021-ci il tarixli qərarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 3(005)-1217/2021 saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi Vəkil izahatında göstərdi ki, inzibati xəta haqqında qərar qəbul olunarkən artıq inzibati xətaya cəlb etmə müddəti keçmişdir. Belə ki, inzibati icraatın başlanılmasına səbəb İcbari Sığorta bürosu tərəfindən daxil olmuş 11 dekabr 2020-ci il tarixli məktub olmuşdur. Yeni inzibati xətanın aşkara çıxarıldığı tarix 11 dekabr 2020-ci ildir. İnzibati xəta haqqında qərar isə inzibati xətanın aşkara çıxarıldığı tarixdən 3 ay sonra yəni, 30 aprel 2021-ci il tarixdə tərtib edilmişdir. İXMnin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin əsasən (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hüquqi şəxsin barəsində İXM-nin 469.2-ci maddəsi ilə inzibati qərar qəbul olunmuşdur. Həmin maddə İXM-nin 36-cı fəslində əks olunmuşdur. Həmin fəsi vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətaları özündə əks etdirir. Fəslin adından da göründüyü kimi həmin fəsi dörd növ inzibati xətanı özündə əks etdirir: 1.vergilərin ödənilməsi əleyhinə, 2. rüsumların ödənilməsi əleyhinə, 3.maliyyə qaydaları əleyhinə, 4. Sığorta qaydaları əleyhinə. İXM-nin 469.2-ci maddəsinin dispozisiyası isə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasını özündə ehtiva edir. Maddənin dispozisiyasından da görünür ki, (sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) həmin maddə sığorta əleyhinə olan inzibati xətadır. İXM-nin 469.2-ci maddəsinin sığorta əleyhinə olan inzibati xəta olmasını həm onun adından, həm aid olduğu fəsildən aydın görünür. Bundan başqa inzibati xəta haqqında protokolun X1 tərəfindən tərtib olunması onun İXM-nin 36-cı fəslində olan digər inzibati xətalara deyil, məhz sığorta qaydaları əleyhinə olan inzibati xəta olduğunu sübut edir. Çünki X1 işçilərin hüquqlarını qoruyan bir qurumdur. Onun digər (vergilərin ödənilməsi əleyhinə, rüsumların ödənilməsi əleyhinə, maliyyə qaydaları əleyhinə) inzibati xətalara dair inzibati protokol tərtib etməsi qanunvericiliklə öz təsdiqini tapa bilməz. Həmçinin, sözügedən hüquqpozmanın (inzibati xətanın) obyekti işçilərin sığorta hüquqlarıdır. Qərarda qeyd olunduğu kimi Şəxs MMC tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması nəticəsində işçilərin sığorta olunmaq hüquqları pozulmuşdur. Hüquqpozmanın obyektindən də aydın olur ki, inzibati xəta sığorta qaydaları əleyhinə olan inzibati xətadır. Sadalan hallardan göründüyü kimi İXM-nin 469.2-ci maddəsi sığorta qaydaları əleyhinə olan inzibati xətadır. İXM-nir 38-ci maddəsində qeyd olunur ki. maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi, burada sığorta qaydaları əleyhinə olan inzibati xətalar yoxdur. Yəni, sığorta qaydaları əleyhinə olan inzibati xətalarda inzibati xətaya cəlb etmə müddəti 3 aydır. Beləliklə inzibati xəta haqqında qərar inzibati xətanın aşkara çıxarıldığı vaxtdan 3 ay sonra qəbul olunmuşdur ki, bu da onun ləğv olunmasına əsasdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında tədqiq olunmuş: İcbari Sığorta Bürosunun X1 Xidmətinə ünvanlandığı 11.12.2020-ci il tarixli məktubdan görünür ki, Paşa Həyat Sığorta ASC tərəfindən xitam verilmiş müqavilələr üzrə araşdırma həyata keçirilmişdir. İnformasiya sistemində qüvvədə olan müqavilələrin siyahısını və sığorta haqqı ödənişləri ilə bağlı məlumatları təqdim etmişdir. "xxxx" ASC-nin X1 Xidmətinə ünvanlandığı 26.10.2020-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC ilə İSB-nin mərkəzləşdirilmiş proqram təminatında buraxılmış ümumi müqavilələr üzrə 692 sayda təşkilat bu il ərzində sığorta haqqını ödəmədiyi üçün müqavilələrinə birtərəfli qaydada tərəflərindən xitam verilmişdir. Xitam olunmuş müqavilələrin hal-hazırda digər həyat sığortası təşkilatlarında sığortalı olub-olmamasını bilmədikləri üçün bu barədə dəqiq məlumat verə bilmirlər. Tərəflərindən tərtib edilmiş siyahıda Şəxs adı da siyahıya əlavə edilmişdir. Həmin siyahı ilə müəyyən edilmişdir ki, Şəxs tərəfindən AR Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamışdır. "xxxx" ASC-nin X1 Xidmətinə ünvanlandığı 26.10.2020-ci il tarixli məktubda, "xxxx" ASC ilə İSB-nin mərkəzləşdirilmiş proqram təminatında buraxılmış ümumi müqavilələr üzrə 692 sayda təşkilat bu il ərzində sığorta haqqını ödəmədiyi üçün müqavilələrinə birtərəfli qaydada tərəflərindən xitam verildiyi göstərilmiş, tərəflərindən tərtib edilmiş siyahıda Şəxs adı da siyahıya əlavə edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla MMC-nin inzibati xəta törətməsində təqsiri məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi əsası kimi İcbari Sığorta Bürosunun 11 dekabr 2020-ci il tarixli, 10-OQ/956/20 nömrəli məktubu əsas götürülmüşdür. İXM-in 38.2-ci maddəsinə əsasən uzanan inzibati xətaya münasibətdə məsuliyyətə cəlb etmə müddəti inzibati xətanın aşkara çıxarıldığı vaxtdan hesablanır. Göründüyü kimi MMC tərəfindən qeyd olunan inzibati xəta 11 dekabr 2020-ci il tarixdə törədilmişdir. Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə inzibati xətanın 11 dekabr 2020-ci il tarixdə törədildiyini və həmin vaxtdan 3 ay müddətin keçdiyini nəzərə alaraq Şəxs MMC MN seriyalı ******* nömrəli, 30 mart 2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb oluna bilməz, bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olsa da, inzibati xətanın törədildiyi 11.12.2020-ci il tarixdən üç aydan artıq müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 30 mart 2021-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-737/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-737/2021
08.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver