Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-742/2021 21.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1 və 491.3-cü maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin rəis müavini X1 Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1 və 491.3-cü maddələri ilə 00100-0645/21 nömrəli, 01 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) tərəfindən Çin Xalq Respublikasından OV754VO nömrəli avtomaşını idxal edilmiş və Bakı Bas Gömrük İdarəsində 29.03.2021-ci il tarixdə **********0824 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən 18000 ədəd saat üçün plastik materiallardan qutular yükü ünvan 2 ünvanında yerləşən idxalatçının istifadəsində olan anbarda gömrük orqanı tərəfindən avtomaşına vurulan gömrük plombu qırılaraq, gömrük orqanının icazəsi olmadan malların bir hissəsinin özbaşına boşaldıldığı müəyyən edilmişdir. Özbaşına boşaldılmış mallar **********0824 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallarla eyniləşdirilmiş, malların eynilik təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 492.1 və 491.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan “İpək yolu” gömrük postundan daxil olan 30.03.2021-ci il tarixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına ÇXR-dan OV754VO nömrə nişanlı avtomaşında daxil olmuş yük **********0824 saylı GB-lə bəyan edilmişdir. Bildirirlər ki, qeyd edilən avtomaşın 29.03.2021-ci il tarixdə “İpək Yolu“ gömrük postunda möhürlənərək, gömrük nəzarəti altında boşaldılması üçün terminaldan çıxıb, Şəxs MMC-nin Əhməd Rəcəbli 219 ünvanında yerləşən anbarına yollanıb. Lakin yük sahibi gömrük orqanının icazəsi olmadan gömrük plombunu məhv edərək , yükü özbaşına boşaltmışdır. İş materiallarında olan 29.03.2021-ci il tarixli Aktdan görünür ki, Bakı Baş Gömrük idarəsi İpək Yolu gömrük postunun inspektoru X2, Şəxs MMC-nin nümayəndəsi X4 və Şəxs MMC-də satış meneceri vəzifəsində çalışan X3 iştirakı ilə həmin Aktı ondan ötrü tərtib etmişdir ki, 29.03.2021-ci il tarixdə Çin Xalq Respublikasından OV754VO nömrəli avtomaşında idxalatçı Şəxs MMC-nin ünvanına daxil olmuş və Bakı Baş Gömrük İdarəsində 29.03.2021-ci il tarixdə **********0824 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən 18000 ədəd saat üçün plastik materiallardan qutular yükü ünvan 4 ünvanında yerləşən idxalatçının istifadəsində olan anbarda gömrük orqanı tərəfindən avtomaşına vurulan gömrük plombu qırılaraq, gömrük orqanının icazəsi olmadan mallar özbaşına boşaldıldığı aşkar edilmişdir. İş materiallarında olan Şəxs MMC-nin nümayəndəsi X5 izahatında göstərmişdir ki, Şəxs MMC-nin əsas fəaliyyəti ölkə ərazisinə məişət əşyaları idxal edərək satışını həyata keçirməkdən ibarətdir. Sonuncu dəfə Cin Xalq Respublikasından OV754VO qeydiyyat nişanlı avtomaşında daxil olmuş cəmi çəkisi 18000 ədəd saat üçün plastik materiallardan qutular yükü Bakı Bas Gömrük idarəsində **********0824 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Bəyan edilmiş mallara görə cəmi 7855,96 manat gömrük ödənişləri ödənilmişdir. Bəyannamə buraxılışa verildikdən sonra, avtomaşına İpək Yolu gömrük postunda vizual baxış keçirilmişdir. Baxış keçirildikdən sonra gömrük plombu vurulmuşdur. Mallar 29.03.2021-ci il tarixdə Şəxs MMC-nin istifadəsində olan ünvan 5 ünvanında yerləşən anbarda boşaldılmalı olub. Avtomaşın axşam saatlarında qeyd olunan ünvana çatmışdır. Orada MMC-nin fəhlələri tərəfindən səhvən gömrük plombu qırılmış və malların bir hissəsi boşaldılmışdır. O, avtomaşından biraz gec ora çatmışdır, fəhlələr ona zəng ediblər ki, fəhlələrdən biri səhvən avtomaşına vurulmuş gömrük plombunu qırıb və malların bir hissəsi boşaldılıb. Daha sonra gömrük əməkdaşı ona zəng edərək avtomaşının boşaltma yerini soruşduqda, o, ona fəhlə tərəfindən plombun qırıldığını və malın bir hissəsinin boşaldıldığını bildirmişdir. Daha sonra onlar avtomaşının yanına gəliblər, orada avtomaşından boşaldılmış mallar maşına yüklənərək İpək Yolu gömrük postuna gətirilmişdir. İpək Yolunda mallara baxış zamanı malların bəyannamə ilə eynilik təşkil etdiyi müəyyən edilmiş və Akt tərtib edilmişdir. Fəhlələr hava qaranlıq olduğundan avtomaşına vurulmuş plombu görməyiblər və qapını çəkərək plombu qırıblar. Gömrük qaydalarının pozulduğunu etiraf edirlər. Lakin bu əməl qəsdən edilməyib. Azərbaycan Respublikası İXM-in 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından OV754VO nömrəli avtomaşının idxal edilmiş və Bakı Bas Gömrük İdarəsində 29.03.2021-ci il tarixdə **********0824 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların bir hissəsinin özbaşına boşaldıldığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən gömrük təminatının, yəni nəqliyyat vasitəsinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb vasitəsinin həmin orqanın icazəsi olmadan qırılmasına və müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların boşaldılmasına yol verilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, MMC-nin hərəkətlərində İXM-nin 491.3 və 492.1-ci maddələrinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxs Azərbaycan Respublikası İXM-nin 491.3 və 492.1-ci maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, sonuncuya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3cü maddəsi nəzərə alınmaqla barəsində 1000 (min) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-742/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-742/2021
21.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver