Məhkəmə qərarları › İş №3(005)-75/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-75/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-75/2025 07.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X1, Şikayət vermiş şəxs – X2 iştirakı ilə, AR DİN-in Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 AR DİN-in Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, **-HS-*** dövlət qeydiyyat nişanlı “Khazar” markalı avtomobillə 10:00-da icazə olan avtobus zolağına daxil olmuşdur. YPX əməkdaşı avtomobilini saxlayaraq avtomobilində dəyişiklik olduğunu bildirmişdir, lakin heç bir şey tapmadığına görə zolağa daxil olduğunu demişdir. X4 buna etiraz etsə də, ona cərimə yazılmışdır. O, YPX idarəsinə online şikayət yazmış, heç bir xəbər çıxmadıqda idarəyə yaxınlaşmış və ona video görüntü göstərilməsini tələb etmişdir. Ona görüntü olmadığı deyilmişdir. Sonra radar proqramına telefonla baxdıqda avtobus zolağına 08:54-də daxil olduğu qeyd edildiyini görmüş, buna idarədə etiraz etmişdir. Oradakı əməkdaş kompyuterə baxaraq 10:01-də protokol yazıldığını demişdir. İki məhkəmə aktına baxmayaraq YPX əməkdaşları bu qərarı ləğv etmir və yenidən cərimə yazır. Şikayət vermiş X4 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərar iki dəfə məhkəmə qərarı ilə ləğv edilərək yeni araşdırmaya göndərilmişdir. Buna baxmayaraq səlahiyyətli orqan tərəfindən hər hansı araşdırma aparılmadan yenə də eyni qərar qəbul edilmişdir. Protokolda və qərarda inzibati xəta hadisəsi saat 08:54 göstərilsə də, o, həmin vaxt ümumiyyətlə o yolda olmamışdır. Protokolda hadisənin göstərildiyi vaxt evdə olmuşdur. O, həmin yola 10:00 radələrində daxil olmuşdur. Həmin yolda isə məhdudiyyət 07:00-10:00-dək müəyyən olunmuşdur. Həmin yolda ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına digər nəqliyyat vasitələrinin daxil olmasına dair vaxt məhdudiyyəti ilə bağlı quraşdırılmış lövhənin videogörüntüsünü təqdim etmişdir. Əməlində inzibati xəta tərkibi olmadığından verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, X4 ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına daxil olaraq hərəkət etdiyinə görə polis əməkdaşı tərəfindən saxlanılaraq barəsində protokol tərtib edilmişdir. Həmin protokol əsasında qəbul edilmiş qərarın qanuni olduğunu və ləğv edilməsi üçün əsas olmadığını bildirərək verilmiş şikayətin təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AR DİN-in Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Halbuki təqdim edilmiş materiallardan müəyyən edilmişdir ki, X4 xx.xx.2024-cü il tarixdə saat 08:54 radələrində Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 254-də “Khazar SD” minik markalı, 77HS037 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə qoyulmuş məhdudiyyətə baxmayaraq həmin zolağa daxil olaraq yol hərəkəti qaydalarını pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, X4 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, barəsində AR DİN-in Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 AR DİN-in Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar