Məhkəmə qərarları › İş №3(005)-751/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-751/2021

06.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-751/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X2, Müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X4 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 04:50 radələrində Nərimanov rayonu Xətai prospektində polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X4 izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 04:50 radələrində xidməti ərazidə olan polis əməkdaşları iki nəfər şəxsin karantin rejimi ilə əlaqədar olaraq tibbi maskadan istifadə etmədiyini görüb onlardan tibbi maskadan istifadə etməyi tələb etmişlər. Lakin həmin şəxslərdən biri onlarla mübahisə etmiş və nalayiq ifadələr verməyə başlamışdır. Həmin şəxsi 18-ci polis bölməsinə dəvət edən zaman o, şöbəyə getməkdən imtina etmiş, cərimənin yerində yazılmasını tələb etmişdir. Şəxs polis əməkdaşlarının qanuni tələbinə aktiv hərəkətləri ilə müqavimət göstərmişdir. Həmin şəxsi polis əməkdaşları sakitləşdirərək polis şöbəsinə gətirmiş və bu barədə raportla müraciət etmişlər. Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Sonda Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 05:00 radələrində “Qorqud” oteldən tibbi maskadan istifadə etmədən çıxıb küçədə dayanan zaman polislər ona yaxınlaşmış və karantin rejimi ilə əlaqədar olaraq tibbi maska taxmağını bildirmişlər. Şəxsiyyət vəsiqəsini tələb edəndə o, şəxsiyyət vəsiqəsinin oteldə qaldığını bildirmişdir. Otelin qarşısında dayanan otelin işçisindən xahiş etmişdir ki, şəxsiyyət vəsiqəsini gətirsin və polis əməkdaşı da cərimə yazsınlar. Lakin polis əməkdaşları ona bildirmişlər ki, maska taxmadığına görə polis şöbəsinə getmək lazımdır. O, polislərə polis şöbəsinə getməyəcəyini bildirmiş və cərimənin yerində yazılmasını tələb etmişdir. Sonra aralarında mübahisə yaranmış və polis əməkdaşları onu itələyib polis maşınına zorla otuzdurub onu şöbəyə aparmışlar. Həmin polislər onunla söhbət edən zaman özləri tibbi maskadan istifadə etməmişdir. Hesab edir ki, polis əməkdaşlarının onu polis şöbəsinə aparmaq barədə tələbi qanuni deyil və buna görə də o, düzgün olaraq şöbəyə getməkdən imtina etmişdir. Belə ki, o, şəxsiyyət vəsiqəsini təqdim etməyə hazır olmuş və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə heç bir maneçilik törətməmişdir. Yekunda barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri X3 izahatında göstərdi ki, xx.xx.2021ci il tarixdə saat 05:00 radələrində xidməti ərazidə olarkən “Qorqud” oteldən iki nəfər şəxsin tibbi maskadan istifadə etmədən çıxıb küçədə dayandığını görüb onlara yaxınlaşmış və karantin rejimi ilə əlaqədar olaraq tibbi maska taxmağını bildirmişlər. Onların inzibati xəta haqqında protokol yazmağa səlahiyyətləri və yerindəcə protokol tərtib etməyə texniki imkanı olmamışdır. Bu səbəbdən şəxsiyyəti sonradan məlum olan Şəxs şöbəyə getməyə dəvət etmişlər. Lakin Şəxs polis şöbəsinə getməkdən imtina edib aktiv hərəkətlərlə tabesizlik göstərmişdir. Həmin şəxsi zorla avtopatrul maşınına mindirib şöbəyə aparmış və növbətçi hissəyə təhvil verərək müvafiq raportla şöbə rəhbərliyinə müraciət etmişlər. Həmçinin izahatında göstərdi ki, Şəxs tibbi maska taxmadığına görə barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə etiraz etməmiş və şəxsiyyət vəsiqəsini təqdim etməyə hazır olmuşdur. Sadəcə Şəxs onların polis şöbəsinə getmək barədə tələbini yerinə yetirməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri X6 iş üzrə digər şahid X1 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətlərinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən 18-ci Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış xx xxxxx 2021-ci il tarixli raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 04:50 radələrində iki nəfər şəxsin karantin rejimi ilə əlaqədar olaraq tibbi maskadan istifadə etmədiyini görüb ondan tibbi maskadan istifadə etməyi tələb etmişlər. Lakin həmin şəxs onlarla mübahisə etmiş və nalayiq ifadələr verməyə başlamışdır. Həmin şəxsi 18-ci polis bölməsinə dəvət edən zaman o, şöbəyə getməkdən imtina etmişdir. Xidməti maşına dəvət edən zaman onlara müqavimət göstərib tabesizlik göstərmişdir. Həmin şəxs barəsində qanuni tədbir görülməsi xahiş olunmuşdur. xx xxxxx 2021-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 05:15-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən Şəxs barəsində başlanmış İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, işin hallarından və işdə iştirak edən şəxslərin izahatlarından aydın olur ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 05:00 radələrində “Qorqud” otelin qarşısında dayanan zaman polis əməkdaşları ona yaxınlaşmış və fərdi qoruyucu vasitədən istifadə etmədiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyini bildirmişlər. Şəxs polis əməkdaşlarının göstərilən tələbi ilə razılaşmış, oteldə olan şəxsiyyət vəsiqəsini təqdim etməyə hazır olduğunu və inzibati xəta haqqında protokolun tərtib edilməsinə etiraz etmədiyini bildirmiş, yəni polis əməkdaşlarının bu tələbini haqlı irad kimi qəbul edərək şəxsiyyəti ilə bağlı sənədi təqdim etməkdən imtina etməmişdir. Lakin polis əməkdaşları inzibati xəta haqqında protokolu tərtib etməyə səlahiyyətləri, həmçinin bunu yerindəcə tərtib etməyə texniki imkanlarının olmadığını bildirmişdir. Şəxs isə polis şöbəsinə getmək barədə tələbi qəbul etməmiş və həmin tələbə tabe olmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, İXM-in 535.1-ci maddəsinin tərkib hissəsinin yaranması üçün polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması mövcud olmalıdır. Lakin qeyd edildiyi kimi, Şəxs polis əməkdaşlarının fərdi qoruyucu vasitədən istifadə etməməsinə dair barəsində protokol tərtib edəcəklərinə dair qanuni tələbə etiraz etməmiş və şəxsiyyəti barədə məlumat verməkdən imtina etməmişdir. İnzibati xəta haqqında protokol tərtib etməyə səlahiyyəti və yerindəcə protokolu tərtib etməyə texniki imkanın olmaması səbəbindən Şəxs polis şöbəsinə getməli olması barədə polis əməkdaşlarının tələbini isə məhkəmə qanuni tələb hesab etmir və qeyd edir ki, göstərilən halların mövcudluğu şəxsin polis şöbəsinə aparılması üçün əsas ola bilməz. İXM-in: 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək məhkəmə belə bir nəticəyə gəlir ki, polis əməkdaşlarının Şəxs polis şöbəsinə getməsi barədə tələbi qanuni olmamış və bu səbəbdən sonuncunun həmin tələbə tabe olmaması qanun pozuntusu kimi, yəni İXM-in 535.1-ci maddəsinin tərkibini yaradan polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama hərəkəti kimi qiymətləndirilə bilməz. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmaması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 53.0, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində başlanmış İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Əlavə olaraq məhkəmə qeyd edir ki, İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir; 4-cü bəndinə əsasən bu qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına vəkillərin müvafiq ərazi qurumu hesabına ödənilir; 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri İXM-in 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin Vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, xx xxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Vəkil tərəfindən Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar