Məhkəmə qərarları › İş №3(005)-752/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-752/2024

03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-752/2024 03.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi ilə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Nümayəndə1, Şəxs MMC-nin qanuni təmsilçisi X1, Şəxs MMC-nin vəkili və nümayəndəsi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 370-2.1-ci maddəsi üzrə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqiliyyat Nazirliyi tərəfindən Şəxs MMC barəsində İXM-nin 370-2.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs MMCnin ünvanına göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-27/2-578/2024 nömrəli məktubunu xx.xx.2024, xx.xx.2024-cü il tarixli 3-27/2-1169/2024 nömrəli məktubu xx.xx.2024-cü il tarixində almasına baxmayaraq “Telekommunikasiya haqqında” Qanunla müəyyən edilmiş 03 iş günü müddətində tələb olunan məkumatlar nazirliyə təqdim edilməmişdir. Məhkəmədə iştirak edən Şəxs MMC-nin qanuni təmsilçisi Orxan Kərimov və vəkili Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 müəssisə barəsində tərtib olunmuş protokola etiraz edərək bildirmişdir ki, qeyd edilən xx.xx.2024-cü il tarixli, 3-27/2- 1666/2024 saylı məktub onların əvvəlki ünvanlarına göndərilmiş buna görə də uzun müddət bu barədə heç bir məlumatları olmamışdır. Bundan başqa məktublarda qeyd olunan məlumatlar mahiyyəti üzrə sorğu hesab edilə bilməz, istənilən məlumatlar hesabat xarakterli geniş informasiyalardır. Həmin məlumatların İnformasiya Kommunikasiya və Texnologiyalar Agentliyinə təqdim edilməsi müəssisənin kommersiya sirlərinin pozulması ilə nəticələnə bilər. Qeyd edilənlərin nəzərə alınmasını, eləcə də Agentlik tərəfindən verilmiş bütün sorğulara operativ şəkildə mail üzərindən cavab verildiyini, sadalanan məktubların sorğu xarakterli olmadığının nəzərə alınmasını və iş üzrə icraata xiatm verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştirak edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, idarə tərəfindən xx.xx.2024-cü il tarixli, 3-27/2-1666/2024 saylı məktub Şəxs MMC-nin ünvanına göndərilərək müvafiq məlumatların təqdim edilməsi tələb olunmuşdur. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.9-2-ci maddəsin əsasən 03 iş günü müddətində Nazirliyin sorğularına cavab verilməli olduğu və tələb olunan məlumatların təqdim edilməli olduğu bildirilmişdir. Məhkəməyə təqdim olunan poçt qəbzlərindən, eləcə də “watsap” üzərindən şirkətin nümayəndəsi ilə aparılan yazışmalarla bağlı verilmiş çıxarışdan aydın olur ki, Şəxs MMC tərəfindən bütün məktublar alınmış, sorğulardan məlumatlı olmuşlar. Lakin tərəflərindən heç bir rəsmi cavab verilməmişdir. Həmçinin müəssisə tərəfindən tələb olunan məlumatların kommerisya sirri təşkil edildiyi bildirilsə də qeyd olunmalıdır ki, Agentlik tərəfindən vəzifələrdən biri müəssisələrin kommersiya sirrinin və məxfilik rejiminin qorunması üçün müvafiq tədbirlərin görülməsindən ibarətdir. Qeyd etmək istərdik ki, "xxxx" MMM öz növbəsində tələb olunan dövri məlumatları vaxtında və tam şəkildə təqdim etdiyi təqdirdə özünü "xxxx" MMM-nin məhsulu kimi təqdim edən Şəxs MMC belə məlumatları təqdim etməkdən imtina edir. Bundan belə nəticəyə gəlmək olar ki, Şəxs MMC ondan təqdim olunması üçün tələb olunan məlumatları qəsdən və qərəzli şəkildə təqdim etməkdən boyun qaçırır. Bundan başqa "xxxx" MMC-nin “Azərekspresspoçt” rabitə müəssisə filialı tərəfindən verilmiş arayışda, məktubların Şəxs MMC tərəfindən onun hüquqi ünvanında (uçot üçün ərizədə Şəxs MMC tərəfindən onun hüquq və fəaliyyət ünvanı eyni ünvan kimi qeyd olunub) deyil, uçot məlumatlarında göstərdiyi nömrə ilə əlaqə saxlanıldığı zaman kuryerə deyildiyi ünvan 1 ünvanına çatdırılmışdır. Bu hal 2023-cü və 2024-cü il ərzində dəfələrlə baş vermişdir. Qeyd edilməlidir ki, Şəxs MMC-nin rəsmi blanklarında və rəsmi internet səhifəsində belə onun nə hüquqi, nə də ki, faktiki ünvanı qeyd edilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqiliyyat Nazirliyi tərəfindən Şəxs MMC-nin ünvanına qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq sorğular ünvanlanmış və müəssisə tərəfindən, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə qəbul edilmişdir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 33.1.9-2-ci maddəsinə əsasən Operatorların və provayderlərin vəzifələrindən biri kimi müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq mühafizə orqanlarının sorğularına 3 iş günündən gec olmayaraq cavab vermək və tələb olunan məlumatları təqdim etmək (bu müddətdə həmin informasiyanın aktuallığını itirməsi ilə əlaqədar sorğunun təcili olması barədə sorğu verənin qeydi olduqda, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab vermək) qeyd olunmuşdur. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndində həmin Qanunun 7.3-cü, 7.4-cü, 7.7-ci, 7.9-cu, 7.10-cu, 11.2.4-cü, 12.2-ci, 12.3-cü, 12.4-cü, 13.3cü, 13-1.1-ci (hər iki halda), 14.0-cı, 15.1-ci, 17.1-ci, 17.3-cü, 18.1-ci, 19.3-cü, 20.3-cü, 31.3-cü, 31.3.2-ci, 31.4-cü (hər iki halda), 31.7-ci, 33.1.9-2-ci, 40.7-ci, 43.4-cü, 43.5-ci, 53.2-ci və 56.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirdiyi müəyyən edilmişdir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 3.0.6-cı maddəsinə əsasən informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. İnzibati Xətalar Məcəlləsinin 370-2.1-ci maddəsinə əsasən Telekommunikasiya operatoru və provayderi tərəfindən müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq mühafizə orqanlarının sorğularına “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərdə cavab verilməməsinə və tələb olunan məlumatların təqdim edilməməsinə görə-vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən 03 iş günü müddətində sorğulara cavab verilməyərək, eləcə də tələb olunan məlumatlar təqdim edilməyərək qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən Şəxs MMC tərəfindən İXM-nin 370-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və sair nəzərə alaraq hesab edir ki, ona İXM-nin 370-2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 43-cü, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-2.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar