Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-753/2025 18.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Şikayətçi- X2 iştirakı ilə, X2 Nərimanov Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 idarə etdiyi Nissan Teana markalı 99AJ982 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olduğu zaman Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli ünvanında Nərimanov Rayon Dövlət X9 yol patrul xidməti inspektoru serjant X8 tərəfindən ona saxla əmri verilmiş və barəsində xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir.Bundan sonra barəsində xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar qəbul edilmiş və əsas olaraq göstərilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.2-ci maddəsinə əsasən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməmişəm sola və ya geriyə dönmə əməliyyatı (düz xətti kəsərək sola dönmüşəm) yerinə yetirmişəm. Bildirirəm ki, barəmdə qərar qəbul edilirkən maddi pozuntuya yol verilmişdir. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət onun əməlində olmamışdır. Protokolun tərtib edildiyi tarixə də baxılsa aydın görünər ki, həmin günü güclü qar yağıntısı mövcud olmuş və bütün yollar qar altında qalmışdır. Bununla əlaqədar olaraq, yol xətlərini görmək mümkünsüz olmuşdur. DYP-nin əməkdaşı tərəfindən barəsində protokol tərtib edildiyi zaman da bu onun tərəfindən etiraf edilmiş, lakin yol nişanı olduğuna istinad edilərək qanunsuz və əsassız olaraq barəsində protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. DYP-nin əməkdaşı barəsində protokol tərtib etdikdən sonra həmin ünvana baxış keçirdiyi zaman heç bir yol nişanının mövcud olmadığını görmüşdür. Hazırkı şikayətə əlavə etdiyim şəkillərə də baxılan zaman sözügedən ünvanda hər hansı yol nişanının olmadığı aydın görsənir. O, sadəcə şəkildə qeyd edilən yoldan düz keçib sola dönmüş ki, həmin gün də bütün yollar qar və buzla örtüldüyü üçün yoldakı xətlənməni (üfüqi nişanlanma 1.1 nişanı üzrə) görməmişdir.Yəni, DYP tərəfindən inzibati xəta olaraq qiymətləndirilən əməlin törənməsi zamanı əməlimdə təqsir olmamış, ümumiyyətlə mövcud şəraitdə hər hansı nişanın və ya xətlənmənin (çünki həmin anda xətlənmə mövcud olmamışdır) tələbləri tərəfindən pozulmamışdır.İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, inzibati xəta haqqında protokol tərtib edilən yolda sola dönmə əməlinin qadağan edilməsinə dair hər hansı yol nişanı mövcud deyil. Yəni, sözügedən ünvanda X6 müəyyən edilmiş vəzifələrini icra etməmiş, yol nişanı qurmamış, hava şəraitinin pis olması ilə əlaqədar sürücülər üçün təhlükəsizlik tədbirləri görməmişdir. Belə ki, 1.1-nişanı görülmədiyi üçün həmin günlərdə daha ciddi qəzalar baş verə bilərdi. Yaxşı olardı ki, həmin ünvanda X11 pozuntunun olmasını gözləyib sürücüləri cərimələmək niyəti ilə saxlamaq yerinə yol xətləri görülmədiyi üçün sürücülərə öncədən yol hərəkətinin təşkili ilə bağlı müvafiq köməklik göstərərdi. Əlavə olaraq bildirirəm ki. “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa 5 saylı əlavədə qeyd edilən. 1.1 üfüqi nişanlanma xəttinin mövcudluğuna dair həmin ərazidə hər hansı xəbərdarlıq nişanı mövcud olmamışdır. Qeyd edilənlərə əsasən bildirilir ki, DYP əməkdaşının nişana istinad edərək pozuntu faktının mövcud olduğunu deməsi, yol xətlərinin buz və qarla örtülməsi səbəbindən onların görülə bilməməsi, habelə qanunvericilikdə yolayrıcı zamanı müvafiq hərəkəti qadağan edən nişanın mövcud olmaması səbəbindən əməlində inzibati xəta tərkibi mövcud olmadığından Nərimanov Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında X5 şikayətini müdafiə edərək bildirdi ki, Nərimanov Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur. Ona görə də Nərimanov Rayon DYPŞ inspektoru tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Nərimanov Rayon DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Nərimanov Rayon DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nərimanov Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 100 (bir yüz) manat miqdarında cərimə edilmişdir. Qərarın məzmunudan görünür ki, sürücü X5 xx.xx.2025-ci il tarixdə saat 21:31-də “NİSSAN TEANA MİNİK” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X3 İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Nərimanov Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması Nərimanov Rayon DYPŞ-yə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X5 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xətanın mövcudluğu ilə razılaşmayan X3 barəsində tərtib edilən inzibati xəta haqqında protokola baxılarkən onun iştirakı təmin edilməmiş, araşdırma düzgün aparılmamış və barəsində inzibati qaydada cərimə olunmasına dair qərar qəbul edilmiş, həmçinin hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, halbuki sübutetmə yükü məhz onun üzərinə düşür (İXM-8.2). İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X5 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X5 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Nərimanov Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X5 barəsində işə yenidən baxılması Nərimanov Rayon DYPŞ-yə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 İXM-in 327.2-ci maddəsi ilə cərimə olunmasına dair Nərimanov Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin və işə yenidən baxılması Nərimanov Rayon DYPŞ-Yə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-753/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-753/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver