Məhkəmə qərarları › İş №3(005)-763/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-763/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-763/2022 17.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin 15.02.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin 15.02.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli Qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfinddən "xxxx" MMC-nin direktoru X2 vəzifəli şəxs qismində Azərbaycan Respublikası İXM-nin 192.1-cci maddəsi ilə təqsirli bilinməsinə dair 15.02.2022-ci il tarixli MN ******* nömrəİi protokol tərtib edilmiş və baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilmişdir. Protokol ona 25.02.2022-ci il tarixdə təqdim edilmişdir. Aşağıdakı səbəblərə görə hesab edirlər ki, protokol tərtib edilərkən qanun pozuntularına yol verilmiş, inzibati xətanın subyeki, yəni xətanı törətmiş olan şəxs düzgün müəyyən edilməmiş, həmin inzibati xətaya aidiyyəti olmayan və əməlində inzibati xəta tərkibi olmayan hüquqi şəxs barəsində protokol tərtib edilmişdir. 1. İnzibati xəta üzrə protokol tərtib edilərkən DƏM tərəfindən müəyyən edildi ki, protokolda qeyd edilən Yasamal rayonu, Mətbuat prospekti 3141-ci məhəllə ünvanda yerləşən 35, 35A və 35 B saylı binaların idarə edilməsi özünü komendant kimi təqdim edən Vasif Babayev tərəfindən həyata keçirilir. Vasif Babayev həmin 3 yaşayış binasının sakinlərindən kommunal xidmətlər üçün pul vəsaitlərini nağd qaydada yığır, həmin pul vəsaitindən özünün işə cəlb etdiyi şəxslərə əmək haqqı şəklində nağd qaydada pul vəsaitləri verir, işıq və suya görə ödənişləri nağd qaydada ödəniş terminalları vasitəsi ilə edir və qalan məbləği öz ehtiyaclarına xərcləyir. V.Babayev tərərfindən toplanmış vəsaitlərdən "xxxx" MMC-yə hər-hansı pul vəsaitləri ödənilmir. Həmin hallar iş materiallarında olan ödəniş qəbzləri və digər sənədlərlə təsdiq edilir. Vasifin həmin qeyriqanuni hərəkətləri barəsində dəfələrlə hüquq-mühafizə orqanlarına məlumat verilsə də, heç bir nəticəsi olmamışdır. 2. Qüvvədə olan qanunvericiliklə, o cümlədən Əmək Məcəlləsinin 3-cü madəsi ilə «işəgötürən şəxs»in anlayışı verilmişdir. İşəgötürən -tam fəaliyyət qabiliyyətli olub əmək müqaviləsini bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətlərinə malik olan mülkiyyətçi, onun təyin etdiyi rəhbər və ya fiziki şəxs ola bilər. Protokol tərtib edilərkən Əmək Müfəttişliyi tərəfindən protokoldda qeyd edilən mülikiyyətçinin kim olması müəyyən edilməmiş, binaların hansı şəxsin (fiziki və ya hüquqi şəxsin) balansında olması aydınlaşdırılmamış, məsuliyyət daşımalı olmayan vəzifəli şəxsin barəsində protokolun tərtib edilməsi qərara alınmışdır. Bütün sənədlərlə təsdiq edilir ki, V.Babayev binaların idarə edilməsini qanunsuz həyata keçirir, ayrı-ayrı şəxsləri işə cəlb edir və onlara əmək haqqı şəklində pul verir, şirkətə hər-hansı ödənişləri etmir. Qanunun mənasına görə əmək haqqı ödəyən və ya ödəməli olan kimdirsə, işgəöürən də odur. O baxımdan barəsində inzibati protokol tərtib edilmiş "xxxx" MMC-nin direktoru işətürən şəxs ola bilməzdi. Bundan başqa, hesab edirlər ki, iş üzrə inzibati məsuliytə cəlb etmə müddəti də keçmişdir, lakin bu hallar DƏM tərəfindən nəzərə alınmamışdır. Protokol tərtib edilərkən bütün qeyd edilən DƏM-nin nəzərinə çatdırılsa da, bunun əhəmiyyəti olmamış, protokol baxılması üçün məhkəməyə göndərimlişdir. 3. Protokolda qeyd edilən Yasamal rayonu, Mətbuat prospekti 3141-ci məhələ ünvanda yerləşən 35, 35A və 35 B saylı binalar "xxxx" MMC tərəfindən inşa edilməyib və həmin şirkətin balansında deyil və heç vaxt olmayıb. Qeyd edilən binalar başqa şirkət tərəfindən tikilmiş və istismara təhvil verilmişdir. Bu səbəblərə görə "xxxx" MMC-nin rəhbəri tərəfindən həmin binalara hər-hansı işçinin işə qəbul edilməsi qanuni və əsasla sayıla bilməz. Bununla bağla şirkətin vəifəli şəxsinin işəgötürən qismində əmək müqaviləsini bağlamağa qanuni əsaslar baxımından hüquqları olmamışdır. Əmək haqqı ödənişi üçün pul vəsaiti şirkətin həmin binalar üzrə fəaliyyəti nəticəsində yaranmalı və daha sonra işçiyə ödənilməlidir. "xxxx" MMC-nin rəhbərinin isə həmin binlar üzrə heç bir fəaliyyəti yoxdur və əvvəllər də olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin 15.02.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayət vermiş şəxs və qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə şikayət vermiş şəxsin və qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin 15.02.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin İdarəyə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin 15.02.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X4 və X3 2006-cı ilin aprelindən 12.01.2022-ci il tarixədək, X6 31.08.2020-ci ildən 12.01.2022-ci il tarixədək hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin 15.02.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün həmin orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarından müəyyən edilmişdir ki, X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X2 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. X1 müraciətində həmin inzibati xətaya aidiyyəti olmadığını göstərmişdir. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X5 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X2 şikayətində göstərdiyi dəlilər məhkəmədə onun inzibati xətanın subyekti olmasına şübhə yaradır. Bundan başqa, qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi və məhkəmə iclasının vaxtı və yeri barədə üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, X2 inzibati xəta haqqında iş üzrə icraat zamanı iştirakının təmin edilməsinin mümkünlüyü, həmçinin düzgün hüquqi nəticəyə gəlinməsini təmin edəcək işin faktiki halları X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən araşdırılmamışdır. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X5 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X5 barəsində “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X5 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X2 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Ona görə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin 15.02.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən qəbul olunmuş 15.02.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar