Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-770/2023 28.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Nəsimi Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi barədə qərarın ləğv edilməsi və protokol üzrə yenidən araşdırılma təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o idarə etdiyi 99C529 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2022 tarixdə Rəşid Behbudov və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində işıqforun sürücülər üçün yaşıl işıq yanan zaman piyada yol-hərəkət qaydalarını pozaraq hərəkət olan yola çıxmışdır. Bunun nəticəsində isə kiçik qəza hadisəsi baş vermişdir. Hadisə baş verdikdən sonra YPX əməkdaşı yaxınlaşməş və həmçinin X6 gəlmişdir. Piyadanın sağlamlığında xəsarət olmamış və hadisə ilə bağlı şikayətçi olmadığını bildirmişdir. Barəsində İnzibati xəta haqqında iş üzrə icraata başlanılmış və başlanılmış iş üzrə icraata xitam verilmişdir. 2 aydan sonra yəni, xx.xx.2023 tarixdə isə ona inzibati tənbehlə bağlı bildiriş gəlmişdir. Bildirişdə cərimənin hüquqi əsası kimi İXM-nın 330.0.1 nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsi qeyd edilmişdir. Lakin yuxarıda da qeyd etdiyi kimi sözü gedən qəza İşıqforun yanında yerləşən piyada keçidində baş vermişdir və hadisə baş verən zaman piyadalar üçün qırmızı işıq yanmışdır, yəni nəqliyyat vasitələri üçün hərkətə icazə verən yaşıl işıq idi. Yəni yuxarıda qeyd olunmuş inzibati xəta tərkibi ümumiyyətlə mövcud olmamışdır. Bundan başqa inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrindən biri də inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan ibarətdir. Bununla bağlı inzibati xəta haqqında iş üzrə icraata başlanhnış və başlanılmış iş üzrə icraata xitam verilmişdir. 2 aydan sonra isə inzibati tənbeh haqqında bildiriş gəlməsi İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsilə uyğunsuzluq yaradır. Belə ki, 53.1.7-ci maddədə qeyd olunmuşdur ki, İnzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat rədd olunmuş hesab olunmalıdır. Əgər həqiqətən inzibati xəta sübut olunarsa, o, inzibati məsuliyyət daşımağa hazırdır. Hesab edir ki, inzibati xəta tərkibi olmadığından qərar ləğv olunmalı və inzibati xəta haqqında icraata xitam verilməlidir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 məhkəmədə şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarın qanunsuz hesab edilərək, ləğv olunmasını və iş üzrə yenidən araşdırılma təyin edilməsini xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Nəsimi Rayon DYPŞ-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, M.Məmmədov 02 dekabr 2022-ci il tarixdə, saat 19:20-də idarə etdiyi “YAMAHA FZS Fİ MT15” motosikl, 99-C-529 qeydiyyat nişanlı nəqliyyat vasitəsilə sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni nizamlanmayan piyada keçidinə daxil olmuş və buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X2 İXM-in 330.0.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Nəsimi Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması Nəsimi Rayon DYPŞ tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs M.Məmmədova lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə, sonuncu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum edilmişdir. Yuxarıda göstərilən səbəblərdən də, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi inzibati xəta hadisəsinin mövcudluğu əks etdirən videogörüntüləri və ya səs yazıları məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Nəsimi Rayon DYPŞ-nin TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən kobud prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X3 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X3 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət təmin edilməli, Nəsimi Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X3 barəsində işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəsimi Rayon DYPŞ-nə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Nəsimi Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəsimi Rayon DYPŞ-nə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-770/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-770/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver