Məhkəmə qərarları › İş №3(005)-771/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-771/2021

16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-771/2021 16.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, X1 iştirakı ilə, X5 Nərimanov rayon DYPŞ-nin polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 rayon DYPŞ-nin polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X8 şikayəti müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. İzahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, X11 küçəsi, 135A ərazisində idarə etdiyi “Kia Rio” minik **-OU-*** dövlət nömrə nişanlı avtomobili ilə hərəkət edərkən saat 14:20 radələrində Nərimanov rayon DYPŞ -nın YPX əməkdaşı, polis baş serjantı X3 onu saxlamış və barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsində göstərilən tələblərin pozulması qeyd olunaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 342.5 və 342.2.2-ci maddələri ilə törətmiş olduğu xətaya görə məsuliyyəti qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor razılaşmamışdır. Protokola etirazını bildirmiş olduğu üçün şikayətinə xx xxxx 2021-ci il də BŞBPİ DYPİ-də baxılsa da, əsaslandırmasına heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin tələblərini pozmaqla 150 (yüz əlli) manat məbləğində cərimə edilməyi ilə bağlı qərar çıxarılmışdır. Onun avtomobilində heç bir xüsusi işıq cihazları quraşdırılmamışdır və yoxlama zamanı aşkar olunmamışdır. Aparılan araşdırmanı əsassız hesab edir və qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Həmçinin qeyd etdi ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən onun iştirakı təmin edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nərimanov rayon DYPŞ-nin polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 xx xxxxxx 2021-ci il tarixdə saat 14:22-də Ak.Həsən Əliyev küçəsində “Kia Rio” minik markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi nəticəsində X8 barəsində 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsindən Elçin Əhmədova ünvanlanmış xx xxxx 2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə idarə etdiyi avtomobilin Nərimanov RPİ-nin DYPŞ-nin “267” çağırışlı patrul avtomobilində xidmət aparan YPX inspektoru Toğrul Həsənəliyev tərəfindən saxlanılaraq nəqliyyat vasitəsinin xarici işıq cihazlarına normativ tələblər pozulmaqla əlavə və dəyişikliklər edilməsi, şüşə silənin olmaması səbəbi ilə avtomobilin mühafizə olunan duracağa yerləşdirilməsi və orada sonuncunun digər qanunsuz hərəkətlərinə məruz qalması ilə yanaşı barəsində tərtib edilmiş protokola etiraz barədə DİN-in rəhbərliyinə ünvanlanan müraciətə Bakı Şəhər Baş Polis İdarəsi X13i İdarəsində baxılmışdır. Bildirilir ki, aparılan araşdırma zamanı DYP əməkdaşlarının qanunsuz hərəkətləri barədə müraciətində göstərdiyi xüsusatların təsdiqlənməməsi, tərəfindən avtomobil nəqliyyat vasitəsinin istismarı qaydaları pozulmaqla idarə edildiyinə görə barəsində İXM-nin 342.2 və 342.5-ci maddələri ilə əsaslı İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilib təqsiri sübuta yetirildiyindən 150 manat məbləğində cərimə edilməyi ilə bağlı qanuni inzibati tənbeh tətbiqetmə barədə qərarın qəbul olunması, həmçinin qanuni əsaslarla avtomobilin duracağa yerləşdirilməsi və saxlanılması zərurəti aradan qaldırıldıqdan sonra buraxılması müəyyən olunmuşdur. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X8 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İşin hallarından göründüyü kimi, törədilməsi ehtimal olunan inzibati xəta xx xxxxxx 2021-ci il tarixdə baş vermiş, bu barədə xx xxxxxx 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar isə xx xxxxxx 2021-ci il tarixdə, yəni 14 gün sonra tərtib edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman inzibati xəta haqqında protokola etiraz edən X5 iştirakı təmin edilməmiş və onun etiraz etdiyi hallar araşdırılmamışdır. Səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi zamanı X5 hüquqlarının aşkar surətdə pozması inzibati icraatın qanunvericiliyin tələblərinə əməl edilmədən aparıldığını təsdiq edir. Həmçinin məhkəmə iclasında müəyyən edildi ki, X8 inzibati xətanın mövcudluğu ilə razılaşmamışdır və buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xətanın aşkar edildiyi vaxtdan 14 gün sonra onun iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərarın qəbul edilməsi zamanı inzibati icraat qaydaları pozulmuşdur. Belə ki, İXM-in: 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır; 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göstərilən inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilib iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilsə də, qərarın qəbul edilməsi zamanı da X5 inzibati icraatda iştirakı təmin edilməmiş, bununla da səlahiyyətli vəzifəli şəxs qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. İXM-in: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 342.2.2-ci maddəsinə əsasən Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni n ormativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir; 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan inzibati xəta haqqında protokola baxarkən X5 iştirakını təmin etməmiş, ziddiyyətli məqamları aradan qaldırmamışdır. Bununla yanaşı, səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir ki, qərarın əsaslılığını məhkəmədə sübuta yetirsin. Halbuki, həmin halları sübutetmə vəzifəsi bilavasitə qərarı qəbul etmiş orqanın üzərinə düşür. İXM-in: 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Bununla da məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmaqla qərar qəbul edərək X5 hüquqlarını pozmuşdur. X8 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, X8 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X8 barəsində Nərimanov rayon DYPŞ-nin polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında işə yenidən baxılması Nərimanov rayon DYPŞ-yə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.5-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Nərimanov rayon DYPŞ-nin polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Nərimanov rayon DYPŞyə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar