Məhkəmə qərarları › İş №3(005)-783/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-783/2023

05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-783/2023 05.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X3 işirakları ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X9 Xidmətinin Bakı şəhər Ərazi İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində araşdırma apararaq, qeyd edilən MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 21 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib etmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Qulamlı Orxan Rafiq oğlu 30 okyabr 2022-ci ildən 06 yanvar 2023-cü il tarixinə kimi "xxxx" MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuşdur. Nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 21 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X7 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 21 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokolu müdafiə edərək müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə izahatında göstərdi ki, Azərbaycan Respublikasının qanunvericiliyi əsasında fəaliyyət göstərən X2 tərkibində fəaliyyət göstərən “Bakı Peşə Hazırlığı Mərkəzi” tərəfindən sığorta agenti peşəsi ilə bağlı işsizlər üçün peşənin mənimsənilməsi sahəsində “Peşə fəaliyyətinin ümumi əsasları”, “İxtisas modulları” və “Yekun qiymətləndirmə” mövzularında təlim tədris dəsrlərinin keçirilməsi ilə bağlı təlim keçirilmişdir. Qulamlı X10 Sığorta Agentliyində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi X4 Bakı Peşə hazırlığı kursunun iştirakçısı olmuşdur. Təlim bitdikdən sonra kurs iştirakçıları imtahandan keçməli və daha sonra imtahan nəticələrinə uyğun olaraq işə götürülməsi nəzərə tutulmuşdur. Ümumiyyətlə Xəzər Sığorta Agentliyində “Biznes inkişaf meneceri” üzrə vakansiya elanı olmamışdır və belə bir ştat da yoxdur. Qulamlı Orxan Rafiq oğluna sığorta təlimindən başqa sosial media, dizayn prgoramı, nitq və danışıq dərsləri keçirilmişdir. O, isə bir müddətdən sonra onlardan “biznes inkişaf meneceri” kimi işə götürülməsini tələb etmiş, bunlardan imtina etdikdə isə onların şirkət bazasından məxfi məlumatları götürdüyünü və tələblərini yerinə yetirməyəcəkləri təqdirdə onlara hədə qorxu gəlməyə başlamışdır. Daha sonra isə onun heç bir tələbini icra etmədiyimiz üçün barəmizdə bir çox dövlət orqanına əsli olmayan şikayətlər yazmışdır. Həmçinin təşkil olunan təlimlə mütəmadi şəkildə iştirak etməmiş və bunu təsdiq edən jurnalı da məhkəmyə təqdim etmişdir. Qulamlı Orxan Rafiq oğlunun şikayət ərizəsində göstərdiklərinin həqiqətə uyğun olmadığını bildirərək, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, hazırda Xəzər Sığorta Agentliyində fəaliyyət göstərir, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X2 Bakı Peşə hazırlığı kursuna xx.xx.2022-ci il tarixdən 10.02.203-cü il tarixədək cəlb edilmişdir. Kursun məqsədi dərslərdə iki ay müddətində iştirak etməklə sığorta sahəsində biliklərə yiyələnmək olmuşdur. Kursun sonunda isə imtahan edilərək bilikləri qiymətləndiriləcəkdi. Kurs müddətində X4 tərəfindən təqaüd verilirdi və eyni zamanda dörd dərs buraxıldığı halda verilən təqaüd dayandırılır və şəxs təlimdən xaric olunurdu. Qulamlı Orxan Rafiq oğlu ilə həmin təlim müddətində tanış olmuş, lakin Qulamlı Orxan bir ay təlimdə iştirak etmiş, lakin ikinci ay dərslərdə iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 və X11 da şahid X5 ilə eyni məzmunlu ifadə vermiş və məhkəmə iclasında dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, Xəzər Sığorta Agentliyində fəaliyyət göstərir və eyni zamanda X2 Bakı Peşə hazırlığı kursunda müəllim kimi işləyir və müxtəlif mövzularda dərslər tədris edir. Qulamlı Orxan Rafiq oğlunu da həmin təlim ərzində tanımışdır. Təlim 2 aylıq müddəti nəzərdə tutmuşdur. İlk bir ay nəzəri mövzuları əhatə edirdi, ikinci ay isə praktiki dərslər idi. Təlimin əsas məqsədi bu sahəyə marağı olan şəxsləri təlimləndirmək və daha sonra imtahandan keçdikləri halda işlərə cəlb etmək idi. Təlimə cəlb edilmiş şəxslər heç bir halda Agentlikdə işgüzar fəaliyyətə cəlb edilməmişdirlər, onlara təqaüd olaraq pul verilirdi və həmin pulu da X4 ödəyirdi. Təlim ərzində davamiyyəti nəzarətdə saxlamaq üçün jurnal tərtib olunmuş və hər gün həmin jurnalda qeydiyyatlar aparılmışdır. Eyni zamanda iştirakçılarla daha operativ əlaqə yaratmaq üçün telefonda “watsap” sosial şəbəkəsi üzərindən qrup yaradılmış və müxtəlif suallar və ya mövzular orada paylaşılmışdır. Qulamlı Orxan Rafiq oğlu təşkil olunan təlimin ilk bir ayında iştirak etmişdir, daha sonra dərslərə gəlməmişdir. Eyni zamanda Xəzər Sığorta Agentliyində heç bir fəaliyyətə də cəlb edilməmişdir. Beləliklə, məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, sənədləri tədqiq edib, aşağıda qeyd olunan maddi normalara əsaslanıb belə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs Qulamlı Orxan Rafiq oğlunun hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, bununla da Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetmədiyindən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə başlanmış icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Peşə hazırlığına cəlb olunan, peşə təhsili müəssisəsində qısamüddətli kursalarda təhsil alan şəxslərə peşə təhsili və təliminin keçirilməsi ilə bağlı, tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin saat hesabı dərslərinin aparılması üzrə pedaqoji fəaliyyət göstərilməsi barədə xx.xx.2022-ci il tarixli BPHM/2022/MM-0197 saylı mülki hüquqi müqaviləyə əsasən müəllim adlandırılacaq X1 şəxsində “Sığorta agenti” peşələrinin mənimsənilməsi sahəsində təlim-tədris dərslərinin keçirilməsi təsdiq edilmişdir. X2 tərkibində fəaliyyət göstərən “Bakı Peşə Hazırlığı Mərkəzi”ndə “Sığorta agenti” peşəsi üzrə hazırlıq kursuna cəlb edilmiş işsiz şəxslərin Siyahısından aydın olur ki, Qulamlı Orxan Rafiq oğlu işsiz şəxs statusunda təlimə cəlb edilmişdir. X2 tərkibində fəaliyyət göstərən “Bakı Peşə Hazırlığı Mərkəzi”nin “Sığorta agenti” peşə hazırlıq kursunun dərsə davamiyyət jurnalından aydın olur ki, Qulamlı Orxan Rafiq oğlu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək dərslərdə iştirak etməmişdir. Bakı Peşə Hazırlığı Mərkəzinin müdiri tərəfindən imzalanmış “Sığorta agenti” peşə hazırlıq kursundan xaric olunma haqqında xx.xx.2023-cü il tarixli 3-172/3-2-139/2023 saylı Əmrdən aydın olur ki, Qulamlı Orxan Rafiq oğlu xx.xx.2023-cü il tarixdən kursdan xaric olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti inzibati icraat zamanı araşdırma apararkən işin hallarına düzgün hüquqi qiymət vermədən, Qulamlı Orxan Rafiq oğlu ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əmək münasibətlərinin mövcud olması, həmin şəxsin MMC tərəfindən işə cəlb edilməsi və bununla da İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qənaətinə gəlmişdir. Halbuki, məhkəmə iclasında araşdırılan sübutlarla şikayət verən şəxslə MMC-nin arasında əmək münasibətlərinin olması öz təsdiqini tapmır. Belə ki, araşdırılan sübutlardan göründüyü kimi Qulamlı Orxan Rafiq oğlu yalnızca X4 ilə əməkdaşlıqda təşkil olunmuş təlimlərə cəlb edilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin üzərinə düşür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edərkən yalnız Qulamlı Orxan Rafiq oğlunun izahatına istinad etmişdir ki, həmin izahatda göstərilən hallar məhkəmə iclasında araşdırılan sübutlarla təkzib olunur. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, Qulamlı Orxan Rafiq oğlu ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əmək münasibətlərinin mövcud olması sübuta yetmədiyindən MMCnin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında qeyd edilən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, bununla da Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetmədiyindən məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə başlanmış icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 21 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinın hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar