Məhkəmə qərarları › İş №3(005)-8/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-8/2024

10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-8/2024 10.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili X1 iştirakları ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib edilmiş 09 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Türkiyə Respublikasının vətəndaşı xx.xx.1963cü il təvəllüdlü X3 iş icazəsi olmadan Şəxsndə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)-2536/2023 nömrəli qərarına əsasən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 15000 (on beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-2249/2023 nömrəli qərarına əsasən apelyasiya şikayətinin qismən təmin edilməsi, Doğtaş» MMC-nin Azərbaycan Respublikası İXM-nin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə tətbiq edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)-2536/2023 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə1 protokolda göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi və vəkili X2 izahatında bildirmişdir ki, X7 Dövlət Miqrasiya Xidmətinin 07 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında eyni tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İXM-nin 575.1.4-cü maddəsinə əsasən (şəxsin iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması) barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla, 400 (dörd yüz) manat məbləğində cərimə edilərək inzibati tənbeh növü tətbiq edilmişdir. Qeyd edilən protokol və onun əsasında çıxarılan qərar üçün hüquqi əsas X5 yazılı izahatı olmuşdur. Belə ki, müvafiq şəxs qeyd edilən tarixdə bəhs olunan təşkilatda yarım gündən çox bir müddət ərzində saxlanıldığından və azərbaycan dilini səlis başa düşmədiyindən verdiyi izahatında Şəxs MMC-də mağaza müdiri vəzifəsində işlədiyini bildirmişdir. Miqrasiya Xidməti heç bir hüquqi əsası olmadan, yeganə yanlış bir izahatla kifayətlənərək, müvafiq protokolu tərtib etmiş və həmin protokol əsasında verdiyi qərarla qeyd edilən cərimə məbləğini müəyyən etmişdir. X7 tətbiq olunmuş inzibati cəriməni ödəməkdən imtina etdiyini bildirdiyindən, Dövlət Miqrasiya Xidmətinin “Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi haqqında” 07 avqust 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən onun Azərbaycan Respublikasına gəlişi inzibati cərimə (hesablanmış dəbbə pulu da daxil olmaqla) ödənilənədək qadağan edilmiş, X7 tərəfindən inzibati cərimə (hesablanmış dəbbə pulu da daxil olmaqla) ödənildikdə onun ölkəyə gəlişinə qoyulmuş qadağanın götürülməsi qərara alınmışdır. Müvafiq qadağanın götürülməsinə görə X7 məcbur olaraq 08 avqust 2023-cü il tarixdə müvafiq cərimə məbləğini ödəmişdir. Hesab edirlər ki, Şəxs MMC-nin barəsində Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib olunmuş 09 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsassızdır və ləğv edilməlidir. Belə ki, X7 ilə Şəxs MMC arasında bağlanmış və 07 iyun 2023-cü il tarixdə işəgötürən şəxsin müvafiq əmri ilə xitam verilmiş sonuncu əmək müqaviləsinə əsasən, X7 “direktor müavini” vəzifəsində işləmişdir. Həmçinin, X6 30 avqust 2023-cü il tarixdən 30 avqust 2024-cü il tarixədək bir illik iş icazəsi almışdır. Eləcə də, Şəxs MMC-nin Yasamal mağazası 2022-ci ilin dekabr ayında açılmış və açıldığı vaxtdan etibarən 2023-cü ilin sentyabr ayınadək həmin mağazanın müdiri olmamış, Əhmədli filialının müdiri olan şəxs həm də Yasamal mağzasına müvafiq nəzarəti həyata keçirmişdir. 07 sentyabr 2023-cü il tarixdən rəhbərliyin müvafiq əmri ilə X7 Yasamal mağazasının müdiri vəzifəsinə təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 578.1-ci maddəsi ilə tərtib edilmiş 09 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev 1969-cu məhəllədir. xx.xx.2023-cü il tarixli X5 izahatından görünür ki, X7 Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində vermiş olduğu izahatda müvəqqəti iş icazəsinin və yaşayış icazəsinin tarixinin xx.xx.2023-cü il tarixdə bitdiyini, bundan sonra icazə alınması üçün Xidmətə müraciət edildiyini və həmin vaxtdan mağazanın Yasamal filialında müdir olaraq işə başladığını göstərmişdir. Aylıq maaşının 1300 manat olduğunu qeyd etmişdir. Sonuncu maaşı xx.xx.2023-cü il tarixdə almışdır. Lakin, Miqrasiya Xidmətindən icazə verilməmişdir və yaxın zamanda təkrar müraciət edəcəyini bildirmişdir. 07 avqust 2023-cü il tarixli MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 575.1.4-cü maddəsinə (iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına görə) əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla 400 manat məbləğində cərimə edilmişdir. “Ödəniş tapşırığı”ndan olan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə X7 tərəfindən 400 manat məbləğin cərimə ödənilmişdir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.013-cü maddəsinə əsasən iş icazəsi – Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilən icazədir. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən: 51.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. 51.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. 51.3. İş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir. 51.4. İş icazəsi bu Məcəllə ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Türkiyə Respublikasının vətəndaşı olan X5 07 iyun 2023-cü il tarixdən müvafiq iş icazəsi olmadan Şəxs Yasamal fiailialında mağaza müdiri vəzifəsində işləməsini təkidlə qeyd etsə də, bunun heç bir hüquqi əsası yoxdur. Belə ki, ilk növbədə qeyd etmək lazımdır ki, Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 07 iyun 2022-ci il tarixli MYİ seriyalı ******* nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqət yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Türkiyə Respublikası vətəndaşı, U23319254 nömrəli pasporta malik 23 sentyabr 1963-cü il təvəllüdlü X7 üçün müvəqqəti yaşamaq üçün icazə 07 iyun 2022-ci il tarixdə verilmiş, etibarlılıq müddəti 07 iyun 2023-cü il tarixədək müəyyən edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş İİ seriyalı ******* nömrəli iş icazəsinin (Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən) surətindən görünür ki, Türkiyə Respublikası vətəndaşı, 23 sentyabr 1963-cü il təvəllüdlü X7 üçün Şəxsndə “bölmə rəhbəri” vəzifəsində 06 iyun 2019-cu il tarixdən 06 iyun 2020-ci il tarixədək işləməsinə icazə verilmişdir. Sonradan həmin şəxsin müvafiq cəmiyyətdə direktor müavini vəzifəsinə təyin olunması ilə bağlı müvafiq iş icazəsinin alınmasına ehtiyac qalmamışdır. Belə ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin: 61.1-ci maddəsinə əsasən, 18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs bu Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərlə onu işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə iş icazəsi aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər; 63.2-ci maddəsinə əsasən, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, bu Məcəllənin 64-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, işə cəlb etmək istədikləri hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almalıdırlar; 64-cü və 64.0.13-cü maddələrinə əsasən, xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinləri üçün iş icazəsinin alınması tələb olunmur. Həmçinin, Şəxs 07 iyun 2023-cü il tarixli 73 qeydiyyat nömrəli 20/23 istinad nömrəli əmrinin surətindən görünür ki, müvafiq cəmiyyətin direktor müavini vəzifəsində işləyən 23 sentyabr 1963-cü il təvəllüdlü X7 ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəninə əsasən (tərəflərdən birinin təşəbüsü) 07 iyun 2023-cü il tarixdən xitam verilmişdir. Habelə, 08 iyun 2023-cü il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, müvafiq əmək müqaviləsinə yuxarıda göstərilən əsasla 07 iyun 2023-cü il tarixdə xitam verilmişdir. Xüsusilə vurğulanmalıdır ki, mübahisəli protokolun tərtib edilməsi üçün hüquqi əsas kimi götürülmüş Türkiyə Respublikası vətəndaşı olan X7 tərəfindən verilmiş yanlış izahatın təsdiqi öz sübutunu tapmamışdır. Belə ki, həmin şəxsin qeyd edilən mağazada olması onun işçi olaraq orada işləməsini təsdiq etmir. Belə ki, əmək müqaviləsi bildirişin və yaşama icazəsinin bitdiyi tarixə işdən azad olunma ilə bağlı əmrin surəti məhkəməyə təqdim edilmiş və həmin şəxsin qeyd edilən hüquqi şəxslə bəhs edilən dövr üçün heç bir əmək münasibətlərinin olmaması sübut edilmişdir. Eyni zamanda, izahat belə qəbul edilsə və bu məsələyə yeganə hüquqi aydınlıq gətirə biləcək bir sübut olsa belə, qeyd edildiyi kimi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin müvafiq maddəsinin tələbinə əsasən (64 və 64.0.13), xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinləri üçün iş icazəsinin alınması tələb olunmur. İş materiallarından da göründüyü kimi, Türkiyə Respublikası vətəndaşı olan X7 ilə Şəxs arasında bağlanmış və 07 iyun 2023-cü il tarixdə işəgötürən şəxsin müvafiq əmri ilə xitam verilmiş sonuncu əmək müqaviləsinə əsasən, qeyd edilən şəxs “direktor müavini” vəzifəsində işləmişdir. Həmçinin, Türkiyə Respublikası vətəndaşı olan X7 30 avqust 2023-cü il tarixdən 30 avqust 2024-cü il tarixədək bir illik iş icazəsi almışdır. Eləcə də, Şəxs Yasamal mağazası 2022-ci ilin dekabr ayında açılmış və açıldığı vaxtdan etibarən 2023-cü ilin sentyabr ayınadək həmin mağazanın müdiri olmamış, Cəmiyyətin Əhmədli filialının müdiri olan şəxs həm də Yasamal mağzasına müvafiq nəzarəti həyata keçirmişdir. Yalnız 07 sentyabr 2023-cü il tarixdən Cəmiyyətin direktorunun müvafiq əmri ilə 23 sentyabr 1963-cü il təvəllüdlü X7 Yasamal mağazasının müdiri vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin yuxarıda qeyd edilən tələblərinə əsasən, heç bir əmək münasibəti olmadan və yaşama icazəsinin bitdiyi tarixdə Türkiyə Respublikası vətəndaşı, 23 sentyabr 1963-cü il təvəllüdlü X7 tərəfindən verilmiş yanlış bir izahatı rəhbər tutaraq Miqrasiya Xidməti heç bir hüquqi əsası olmadan müvafiq protokolu tərtib etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs MMC-nin inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib edilmiş 09 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 578.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 578.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə tərtib edilmiş 09 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar