Məhkəmə qərarları › İş №3(005)-801/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-801/2021

15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-801/2021 15.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhər DYPİ-nin əməkdaşı X3 tərəfindən qəbul edilmiş 13.07.2020-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər DYPİ-nin əməkdaşı X3 tərəfindən qəbul edilmiş 13.07.2020-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X4 şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ailəsi 1997-ci ildən Sabunçu rayonu X7 ərazisində heyvandarlıqla məşğul olur. Özləri Ermənistan Respublikasından 1988-ci ildə məlum səbəblərdən Azərbaycana köçmüşlər. Son illər Prezidentin kəndli fermer təsərrüfatlarına dəstək və qayğı siyasətinin nəticəsində bu gün Aqro Lizinq yolu ilə əldə etdikləri 40 baş südlük inəkləri var. Hal hazırda 10 ailə bu təsərrüfat obyektindən çörək pulu qazanır. Bildirmək istəyir ki, onlar 20 ildir həmin ərazidə süd istehsalı fəaliyyəti ilə məşğul olurlar. İnəklərdən əldə olunan südü hər gün mütəmadi olaraq X7, Maştağa Qəsəbəsi, Zabrat, Balaxanı, Bakıxanov Qəsəbəsi və Montin istiqamətində hərəkət edərək, süd məhsulları istehsalı ilə məşğul olan fiziki şəxslərə və süd sexinə çatdırırlar. Azərbaycanda koronavirus pandemiyasına qarşı tətbiq edilən karantin rejimi müddətində də məcburən bu proses təkrarlanmış və o, öz minik maşını ilə təsərrüfata aid günlük südü Ramana Sovxoz, Maştağa, Zabrat, Balaxanı, Bakıxanov və Montin istiqamətində hərəkət edərək süd məhsulları istehsalı ilə məşğul olan müştərilərinə çaldırmışlar. Bu müddət ərzində, karantin qaydalarının icrasına nəzarət edən polis əməkdaşları tərəfindən dəfələrlə saxlanılsa da, heyvandarlıqla məşğul olduğu və südün istehsalçıya çatdırmaq öhdəliyi barədə sənədləri təqdim etdikdən sonra heç bir problemlə qarşılaşmadan, o cümlədən cərimə olunmadan fəaliyyətini davam etdirmişdir. Ancaq, 12.07.2020-ci il tarixində Heydər Əliyev prospektində (Nərimanov Rayonu Ərazisi) Bakı Şəhəri DYP yol patrul xidməti əməkdaşı, polis kiçik serjantı Pənahov Natiq, təqdim etdiyi sənədləri qəbul etməyərək əsassız olaraq protokol tərtib edib cərimə yazmışdır. Nəzərə çatdırmaq istəyir ki, sözü gedən cərimə əsassızdır. Belə ki, fəaliyyəti ilə əlaqəli məcburi olaraq evdən çölə çıxmalıdır (gündə 5 saat müddətinə) Sözü gedən cərimədən əvvəl və sonrakı müddətdə dəfələrlə polis (PPX və YOL) əməkdaşları tərəfindən saxlanılsa da, fəaliyyəti ilə əlaqəli məlumatın ardından cərimə olunmadan yoluna davam etmişdir. Ancaq hansı səbəbdənsə polis kiçik serjantı Pənahov Natiq cərimə yazmaq qərarına gəlmişdir. Fəaliyyətini və fəaliyyəti ilə bağlı öhdəliklərini diqqətə çatdıraraq məhkəmədən Bakı şəhər DYPİ-nin əməkdaşı X3 tərəfindən barəsində qəbul edilmiş 13.07.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi X5 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər DYPİ-nin əməkdaşı X3 tərəfindən qəbul edilmiş 13.07.2020-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, X4 12.07.2020-ci il tarixdə saat 16:11 radələrində “Mitsubishi Pajero” minik markalı, **-KL-*** nömrəli avtomobili H.Əliyev prospekti ərazisində idarə edərkən tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi müəyyən olunmuşdur və həmin inzibati xətaya görə barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə X4 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəməyə təqdim edilən sənədlərlə onun İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə-fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayət verən şəxs X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər DYPİ-nin əməkdaşı X3 tərəfindən qəbul edilmiş 13.07.2020-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X1 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar