Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-803/2021 30.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Zeynalova Günel Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 469.2-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 07 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin (9 nəfər) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-803/2021 saylı 06.05.2021-ci il tarixli qərarı ilə Şəxs MMC İXM-in 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 26.07.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-803/2021 saylı 06.05.2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 çıxış edərək barələrində tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz etdiyini bildirmişdir. Belə ki, X2 Xidməti tərəfindən MN ******* saylı 07 aprel 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokol qəbul edilərkən hüquqi şəxs məlumatlandırılmamışdır, nümayəndəsinin iştirakı təmin edilməmişdir. Protokolda formal olaraq “İmza etməkdən imtina etmişdir” qeyd edilmişdir ki, bu da qanunvericiliyini tələblərinin kobud şəkildə pozulması deməkdir. Səlahiyyətli orqan birtərəfli və qərəzli şəkildə protokol tərtib etmişlər. Son olaraq Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsinə dair iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında nümayəndənin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. 18.01.2019-cu il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, X3 Şəxs MMC-də direktor vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi üzrə əmək haqqı 300 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış 24 fevral 2021-ci il tarixli məktubdan görünür ki, daxil olmuş müraciətlərin araşdırılması və “Əmək müqaviləsi bildirişləri” təhlil altsisteminə yenidən baxış keçirən zaman tərəfinizdən bir neçə işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanılmadığı və inzibati xəta əlamətlərinin olması müəyyən edilmişdir. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq 09 mart 2021-ci il tarixdə saat 14:30-da X2 Xidmətinə (Bakı şəhəri, Yasamal rayonu, M.Naxçıvani 25A, 2-ci mərtəbə, otaq 20. Əlaqə: *** *** ** **, daxili 6023) dəvət olunmuşlar. İcbari Sığorta Bürosunun 11.12.2020-ci il tarixli məktubundan və ona əlavə olunmuş siyahıdan görünür ki, informasiya sistemində qüvvədə olan müqavilələrin siyahısında Şəxs MMC qeyd olunmamışdır. Şəxs MMC ilə "xxxx" Sığorta şirkəti ASC arasında istehsalatda “bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” 06.04.2021-ci il tarixdə müqavilə bağlanmış, həmin müqavilə 07.04.2021-ci il tarixdə qüvvəyə minmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla MMC-nin inzibati xəta törətməsində təqsiri məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi əsası kimi İcbari Sığorta Bürosunun 11 dekabr 2020-ci il tarixli, 10-OQ/956/20 nömrəli məktubu əsas götürüldüyü halda, həmin məktub 15 dekabr 2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə daxil olmuşdur ki, uzanan inzibati xətaya münasibətdə məsuliyyətə cəlb etmə müddəti inzibati xətanın aşkara çıxarıldığı vaxtdan hesablanır. Göründüyü kimi MMC tərəfindən qeyd olunan inzibati xəta 11 dekabr 2020-ci il tarixdə törədilmişdir. Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə inzibati xətanın 11 dekabr 2020-ci il tarixdə törədildiyini və həmin vaxtdan 3 ay müddətin keçdiyini nəzərə alaraq Şəxs MMC MN seriyalı ******* nömrəli, 07 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb oluna bilməz, bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olsa da, inzibati xətanın törədildiyi 11.12.2020-ci il tarixdən üç aydan artıq müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 07 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-803/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-803/2021
30.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver