Məhkəmə qərarları › İş №3(005)-809/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-809/2021

22.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-809/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 barəsində Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən qəbul edilmiş 18.03.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4, barəsində Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən qəbul edilmiş 18.03.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 18.03.2021-ci il tarixdə barəsində qəbul olunmuş TP ******* nömrəli qərarı qəbzə imza etməklə Bakı şəhər DYP-in polis kapitanı X2 19.03.2021-ci il tarixdə almışdır. 03.03.2021-ci il tarixdə saat 07:55 radələrində övladlarını məktəbə aparan zaman idarə etdiyi “Hyunday Santafe” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Nərimanov rayon ərazisində Ə.Rəcəbli küçəsində orta zolaqla hərəkətdə olan zaman, sağ dönmə işığını yandıraraq sağa dönərkən, arxadan gələn “Mercedes-Benz” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomaşın sağdan ötmə edərək bardyura çırpılaraq idarə etdiyi avtomaşının arxa sağ tərəfini vurmuşdur. Nəticədə idarə etdiyi avtomaşının arxa buferi zədələnmişdir. “Mercedes Benz” markalı avtomaşının sağ təkəri partlamış və sol fara zədələnmişdir. “Yol hərəkəti haqqında” qanunvericiliyin tələblərini o, yox “Mercedes-Benz” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən şəxs pozmuşdur. Hadisədən, yəni toqquşma olandan dərhal sonra “Mercedes- Benz” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən şəxs ona yaxınlaşaraq bildirmişdir ki, polis çağırmasın, özləri həll etsinlər, çünki etibarnaməsi yoxdur. Beləliklə “Mercedes-Benz” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən şəxs öz günahını etiraf etmiş olmuşdur. Həmin hadisədən 5 dəqiqə keçməmiş polis əməkdaşları hadisə yerinə gələrək sənədlərini almışlar. Bakı şəhər DYP-in polis kapitanı X5 araşdırma aparmadan görüntü kamerasını onlara göstərməkdən açıq-aydın boyun qaçırmaqla hansı maraq ucbatındansa baş vermiş hadisəyə düzgün hüquqi qiymət vermədən barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 03.03.2021-cı il tarixdə İXP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq qüvvədə olan mövcud qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla qanunla qorunan hüquqlarına açıq aşkar təcavüz etməklə Bakı şəhər X8 İdarəsinin polis kapitanı X3, onun barəsində qəbul etdiyi 18.03.2021-ci il tarixdə TP seriyalı ******* nömrəli qərarın ləğv olunması barədə müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş 03.03.2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, X4 03.03.2021-ci il tarixdə saat 07:55 radələrində Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində «HYUNDAİ SANTAFE» minik markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətlə nəqliyyatın yoluna çıxmadan manevr etmə qaydasını pozmuşdur. Bununla əlaqədar barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən qəbul edilmiş 18.03.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, 03.03.2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokolun əsasında vətəndaş X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X1 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X4 barəsində 18.03.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X4 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən qəbul edilmiş 18.03.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhəri DYPİ-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən qəbul edilmiş 18.03.2021-ci il tarixli TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. X4 barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri DYPİ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar