Məhkəmə qərarları › İş №3(005)-813/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-813/2021

21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-813/2021 21.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri 18-ci PŞ-nin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “Şuşa” restoranında müdir işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 12 aprel 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin 18ci Polis Şöbsəsinin sahə inspektoru X4 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər daxil olmuşdur. MN seriyalı ******* nömrəli, 10 aprel 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokolda göstərilir ki, vəzifəli şəxs Şəxs 10 aprel 2021-ci il tarixdə, saat 15:15 radələrində karantin rejimi qaydalarını pozmuş, “Şuşa” restoranında tədbir keçirilməsinə şərait yaratmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli, 3(005)-813/2021 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan narazı qalan Şəxs apelyasiya şikayəti ilə məhkəməyə müraciət edərək barəsində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli, 3(005)-813/2021 nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09.06.2021-ci il tarixli, 3(103)-1328/2021 nömrəli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, iş üzrə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi barəsində 4000(dörd min) manat inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xata haqqında iş materialları yenidən baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunan qərarda göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi barəsində 4000(dörd min) manat inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qənaətinə gəlinmişdir, lakin, iş materiallarından göründüyü kimi, 10 aprel 2021-ci il tarixdə Bakı şəhərinin Təbriz küçəsində yerləşən “Şuşa” restoranında toy məclisinin olması barədə X5 tərəfindən verilmiş məlumat yoxlanılaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin sahə inspektoru X4 tərəfindən vəzifəli şəxs Şəxs 10 aprel 2021-ci il tarixdə, saat 15:15 radələrində karantin rejimi qaydalarını pozaraq “Şuşa” restoranında tədbir keçirilməsinə şərait yaratması barədə 10 aprel 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, lakin, hansı tədbirin keçirilməsinə şərait yaradılması, “Şuşa” restoranında toy məclisinin olub-olmaması tərtib olunmuş həmin inzibati xəta haqqında protokolda qeyd olunmamış və fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilməmişdir, həmçinin X5 tərəfindən verilmiş məlumatla bağlı X2 izahatı alınmamış və verdiyi məlumatın düzgün olub olmaması, həqiqətən “Şuşa” restoranında toy məclisinin olub-olmaması və ya karantin rejiminin pozulmasına səbəb olan digər tədbirin keçirilməsini təsdiq edən hallar araşdırılmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri 18-ci PŞ-nin sahə inspektoru X4 məhkəmə iclasında tərtib etmiş olduğu protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, vəzifəli şəxs Şəxs 10 aprel 2021-ci il tarixdə, saat 15:15 radələrində karantin rejimi qaydalarını pozmuş, “Şuşa” restoranında tədbir keçirilməsinə şərait yaratmışdır. Qeyd olunan faktı təsdiq edən iş materiallarında olan sənədlərlə yanaşı videogörüntü materialları da vardır. Son olaraq vəzifəli şəxs Şəxs barəsində tənbeh tədbirnin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, hadisədən təxminən 2-3 gün öncə sahibi olduğu “Şuşa” restoranının administratoru Əmrah Əhmədov ona 10.04.2021-ci il tarixdə hansısa şirkətin 15 nəfər işçisinin yeyib-içməyə gələcəyini və bütün karantin qaydalarına əməl olunacağını bildirmişdir. Tədbirdə hər şeyin qaydasında olmasına şəxsən özü nəzarət etmişdir. Masalar arasında məsafə qorunmuş, hər masada 3 və ya 4 nəfər müştəri əyləşmişdir. 10.04.2021-ci il tarixdə təxminən saat 15:15 radələrində polis əməkdaşları restorana daxil olmuş və DİN-nin 102 Xidmətindən daxil olan məlumata əsasən “Şuşa” restoranında toy mərasiminin keçirildiyini bildirmişdir. Lakin polis əməkdaşları restoranda nə bəy-gəlinin olmasını, nədə ki musiqiçilərin olmasını görməmişlər. Buna baxmayaraq polis əməkdaşları onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Həmçinin videomaterialdan da görünür ki, sarayın zalında heç bir toy məclisi keçirilmir. İnsan sayı da azdır. Araməsafələr vardır. Odur ki, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbsəsinin sahə inspektoru X4 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 10 aprel 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, vəzifəli şəxs Şəxs 10 aprel 2021-ci il tarixdə, saat 15:15 radələrində karantin rejimi qaydalarını pozmuş, “Şuşa” restoranında tədbir keçirilməsinə şərait yaratmışdır. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2020-ci il tarixli, 336 nömrəli qərarının 1.1-ci bəndinə əsasən 2021-ci il 1 iyun saat 06:00-dək Azərbaycan Respublikasının ərazisində (bu Qərarın 1.2-ci və 1.3-cü bəndləri nəzərə alınmaqla) tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər istisna olmaqla digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir: 1.1.6. tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən İXM-nin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz.. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir 211.1-ci maddəsinə əsasən fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, “Şuşa” restoranında toy mərasiminin keçirilməsi öz təsdiqini tapmasa da, toy mərasimi olmasa belə, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2020-ci il tarixli, 336 nömrəli qərarı ilə qadağan olunmuş başqa bir mərasimin (şirkət tərəfindən sifariş verilmiş 15 nəfərlik mərasim) Şəxs tərəfindən təşkil olunmuşdur. Eyni zamanda məhkəmə iclasında diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, sarayın zalında tədbir keçirilir və həmin tədbirdə 25-dən çox şəxs iştirak edir. Məhkəmə, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə inzibati tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar