Məhkəmə qərarları › İş №3(005)-817/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-817/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-817/2025 01.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokol əsasında tərtib olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokol əsasında tərtib olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:00 radələrində **- TN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Neftçilər prospektindən üzü Azadlıq meydanı istiqamətində hərəkətdə olarkən DYP inspektoru Azneft dairəsi adlanan ərazidə təhlükəsizlik adacığının üzərində dayanmağı ilə bağlı ona işarə edib. DYP əməkdaşı ona yaxınlaşdıqda hərəkət zamanı nəqliyyat vasitəsinə yol vermədiyini bildirdi. O, yolda intensiv hərəkət olduğuna və nişanlanma düzgün aparılmadığına asfalt üzərindəki nişanlanma xəttlərinin görünmədiyini, ərazidə şərait olmasına baxmayaraq dirək üzərində 5.8.1-zolaqlar üzrə hərəkət nişanının quraşdırılmadığını, eyni zamanda asfalt üzərində çəkilmiş nişanlanma xəttinin yolun əvvəlində deyil, yalnız dairənin tam ortasında olduğunu, ondan solda olan nəqliyyat vasitəsindən işıq siqnalı və əl vasitəsilə icazə istədikdən və həmin nəqliyyat vasitəsinin ona yol verdiyindən tam əmin olduqdan sonra hərəkətini davam etdirdiyini və buna görə də hər hansı bir qayda pozuntusunun olmadığını bildirsə də, DYP inspektoru əvvəlcə 100 manatlıq, daha sonra 40 manatlıq adlandırdığı cərimə yazacağını qeyd etdi. DYP əməkdaşı tərəfindən barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olundu. xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli protokol üzrə TP ******* saylı icra qərarının qüvvəyə mindiyinə dair SMS məlumat almışdır. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X2 şikayəti müdafiə edərək barəsində tərtib olunmuş TP seriyalı, ******* saylı qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında qərar qəbul edən qurumun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə onu iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokol əsasında tərtib olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən X2 xx.xx.2025-ci il tarixdə **-TN-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” minik markalı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan X2 barəsində xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək X1 iştirakını təmin etməmiş və bununla onun hüquqlarını pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X2 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X2 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Baş X5 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-nin 327.1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokol əsasında tərtib olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərar ləğv edilməli X2 barəsində işə yenidən baxılması Baş X5 İdarəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokol əsasında tərtib olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar