Məhkəmə qərarları › İş №3(005)-820/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-820/2022

29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-820/2022 29.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, X2 barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 barəsində Bakı şəhəri Nərimanov RPİ-nin X15 Şöbəsi tərəfindən 07 mart 2022-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Nərimanov RPİ TŞ-nin təhqiqatçısı N.Rzazadənin 124 nömrəli rədd materialının qərarına əsasən sürücü düzgün ara məsafəsi seçməyib qarşısında olan “Toyota Corolla” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşub. Toqquşmanın təsirindən sonuncunun avtomobili irəli gedərək piyada X9 dəyərək sağlamlığına “Yüngül” dərəcəli bədən xəsarəti yetirib. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, X2 həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: 21 yanvar 2022-ci il tarixli, HK-1/85/102-1166/ nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:23-də DİN-nin 02 Xidməti-Zəng Mərkəzinə müraciət edən vətəndaş X10 məlumat verərək, F.X.Xoyski küçəsi 130 ünvanın qarşısında “Saipa” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun idarə etdiyi “Toyota” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmasını onun isə 1 nəfər piyadaya dəyməsini bildirdi. 21 yanvar 2022-ci il tarixli, HK-2/771 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:30-da Travmatologiya İnstitutundan tibb bacısı Həsənova məlumat verərək, F.X.Xoyski küçəsində baş vermiş YNH nəticəsində 1968-ci il təvəllüdlü X5 diz oynağının və sol mil-bilək oynağının əziyi xəsarəti ilə müraciət etməsini bildirdi. xx.xx.2022-ci il tarixli, 2/2665 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, xx.xx.2022-ci il tarixdə X1 alkoqol sərxoşluğu vəziyyəti yoxdur ayıqdır. xx.xx.2022-ci il tarixli, 2/2664 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, xx.xx.2022-ci il tarixdə X4 alkoqol sərxoşluğu vəziyyəti yoxdur ayıqdır. Aparılan araşdırma zamanı X10 izahat verərək bildirmişdir ki, o, etibarnamə əsasında idarə etdiyi “Toyota Corolla” markalı **-BN-*** dövlət nömrə nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixdə saat təxminən 13:20 radələrində F.X.Xoyski küçəsi ilə yolun soldan birinci zolağı ilə üzü Ə.Rəcəbli küçəsi ilə olan kəsişməyə doğru saatda 30-40 km sürətlə hərəkətdə olarkən onunla eyni istiqamətlə sağ tərəfdən keçən sərnişin avtobusunun dayandığını görüb əyləcdən istifadə edib və bu vaxtı onunla eyni istiqamətdə arxadan hərəkətdə olan avtomaşın onun maşınının arxa hissəsindən vurub. Onun maşınıda 1.5 metr irəli atılıb yolun sağ zolağından sol zolağına doğru piyada keçən kişini maşının ön tərəfi ilə piyadanı sol tərəfdən vurub. Sonra ona köməklik göstərib. Hadisə yerinə gələn YPX-nin əməkdaşları tıxac yaratdığından hər ikisinə avtomaşınları kənara, yəni sağ tərəfə çəkməklərini bildirib. Aparılan araşdırma zamanı X2 izahat verərək bildirmişdir ki, o, etibarnamə əsasında idarə etdiyi “Saipa” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixdə saat təxminən 13:20 radələrində F.X.Xoyski küçəsi ilə yolun soldan birinci zolağı ilə üzü Ə.Rəcəbli küçəsi ilə olan kəsişməyə doğru saatda 10-20 km sürətlə hərəkətdə olarkən onunla eyni istiqamətlə irəlidə hərəkətdə olan avtomaşınının ön tərəfi ilə “Toyota” markalı avtomobilin arxa hissəsi ilə toqquşub. Zərbədən həmin avtomobil qabağı atlayıb piyada zolağının üstü ilə keçən piyadanı vurub. Həmin piyada büdrədi sonra yerə yıxıldı. Onlar maşınları olan vəziyyətdə saxlayıblar. Həmin piyadanı onun dostu gəlib maşını ilə xəstəxanaya aparıb. Sonra hadisə yerinə gələn YPX-nin əməkdaşları tıxac yaratdığından hər ikisini avtomaşınları kənara, yəni sağ tərəfə çəkməylərini bildirdi. “Toyota Corolla” markalı **-BN-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşarkən o piyada zolağının artıq üzərinə daxil olmuşdu. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X14 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 80 nömrəli ekspert rəyindən görünür ki, X7 almış olduğu xəsarətlər-sol diz oynağının əzilməsi ilə müşayiət olunan yan bağlarının zədələnməsi-gərilməsi sol əlin İ barmağın və mil bilək oynağının yumuşaq toxumalarının şişkinlik halında əzilməsi-sol əlin İ barmağın ovuc səthinin qançırı-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 07 fevral 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə X2 barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın sürətinin X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmişşəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar