Məhkəmə qərarları › İş №3(005)-822/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-822/2021

26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-822/2021 26.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 07 yanvar 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 07 yanvar 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 200 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış X3 inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 07 yanvar 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon 17-ci Polis İdarəsinin MN № ******* 07 yanvar 2021-ci il tarixli Qərarı qanunsuz və əsassızdır. Belə ki, o, Oğuz rayonu Bucaq kəndində qeydiyyatda olsa da, faktiki Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi Xaşaxuna mövsüm bağları massivində ərimlə birgə yaşayır. 07 yanvar 2021-ci il tarixdə təxmini saat 11:00-12:00 radələrində o, əri ilə Bakı şəhəri, Nərimanov rayonu, X6, 17B ünvanda fəaliyyət göstərən “Hl-Fİ Stomatoloji Klinikasında olmuş və orada dişlərini müalicə etdirmişdir. Saat 12:03-də həmin klinikanı tərk edərək ictimai nəqliyyatla yaşadıqları evə yollanmışlar. Müayinə və müalicə işlərinin müddəti uzanması, yaşadıqları evin klinika ilə uzaq məsafədə olması həmçinin klinikaya gedərkən və qayıdarkən ictimai nəqliyyatdan istifadə etdikləri üçün evdən çıxarkən aldıqları SMS icazəsinin müddəti saat 12:45-də bitmişdir. Klinikadan çıxaraq yaşadıqları evə ictimai nəqliyyatla qayıdarkən Nərimanov rayon 17-ci Polis İdarəsinin inspektorunun avtobusda reyd aparmış və SMS icazəsinin müddəti bitdiyi üçün onu və yoldaşını İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada cərimələyərək barələrində İnzibati Xəta haqqında Protokol tərtib etmişdir. Bu zaman o, “Hİ-Fİ Stomatoloji Klinikası”-dan müalicə müddətinin uzanması səbəbindən verilmiş “Xüsusi Karantin rejimi” ilə əlaqədar müvafiq arayışı təqdim etsə də polis inspektoru həmin arayışı nəzərə almamışdır. O, bir vətəndaş kimi qanunlara və qaydalara hörmətlə yanaşmış, pandemiya dövründə heç bir halda tələbləri pozmamışdır. SMS icazəsinin müddətinin bitməsini nəzərə alaraq klinikadan müvafiq arayışı əldə etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 şikayətin dəlillərinə uyğun şəkildə çıxış edib, əlavə olaraq bildirmişdir ki, polis orqanında heç bir sübut yoxdur ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilsin. Klinika tərəfindən icazə üçün alınmış müddət bitdiyindən xüsusi arayış vermişdir ki, hərəkət fəaliyyətində mane yaranmasın. Buna baxmayaraq polis əməkdaşı barəsində protokol tərtib etmişdir. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 07 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İnzibati xəta haqqında materialı araşdıraraq məhkəmə hesab edir ki, qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci PB-i tərəfindən tərtib edilmiş 07.01.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, vətəndaş X3 müvafiq icazə olmadan hərəkət etdiyinə görə AR İXM-nin 211-ci maddəsi ilə 200 manat məbləğində cərimə edilmiş, lakin sonuncu izahatında həkimə getməsi ilə əlaqədar olaraq yaşayış yerini tərk etdiyini və icazə müddətinin bitdiyini bildirmişdir. İnzibati tənbeh vermə haqqında 07.01.2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan görünür ki, X3 AR İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. “Hİ-Fİ Stomatoloji Klinikası”-nın 10 nömrəli 07.01.2021-ci il tarixli arayışından görünür ki, Həmidə Aynur qızı həqiqəqən də klinikada həkim qəbulundə olmuş, müalicə müddəti uzun zaman aldığından SMS-lə verilən vaxt keçmişdir. Bunu nəzərə alaraq klinika tərəfindən arayış 07.01.2021-ci ildə saat 12:03-də verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 dekabr tarixli 488 nömrəli Qərarının 2.7.1.1-ci bəndinə əsasən rəqəmi-təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda, olduğu 4 ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); Hazırki iş üzrə isə müəyyən edilir ki, X2 müvafiq icazə müddəti bitdiyindən “Hİ-Fİ Stomatoloji Klinikası”-dan müalicə müddətinin uzanması səbəbindən verilmiş “Xüsusi Karantin rejimi” ilə əlaqədar müvafiq arayış təqdim edilmişdir. Eyni zamanda iş materiallarından da göründüyü kimi X3 qeyd olunan halla əlaqədar protokol tərtib edən polis əməkdaşına bildirsə də, buna məhəl qoyulmamış və inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Bu isə eyni zamanda belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından X3 tərəfindən verilmiş şikayət təmin olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 07 yanvar 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunsun. X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 07 yanvar 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar