Məhkəmə qərarları › İş №3(005)-824/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-824/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-824/2025 02.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Şikayət vermiş şəxs – X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ 25235474 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ 25235474 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 26 dekabr 2024-cü il tarixdə “Toyota Prado” markalı, **-RC-*** d.q.n. avtomobili ilə Bakı-Qazax-Gürcüstan yolu ilə Qazax istiqamətində hərəkət edib Gəncə şəhərinə çatdıqda guya İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulan xəta törətməyi barədə telefonuna məlumat daxil olmuşdur. Sistem vasitəsi ilə geniş məlumat əldə edərkən orada fotogörüntü yerləşdirilmişdir. Şəkildəki həqiqətən idarə etdiyi avtomobil olduğu məlumdur. Lakin avtomobili ilə yol boyu surət limitini göstərən nişanlara riayət etdiyinə baxmayaraq, elektron qərara əsasən surət limitini saatda 21 km aşmağı inandırıcı gəlmədi və şübhələr yaratmışdır. Bildirir ki, işləri ilə bağlı vaxtaşırı qeyd edilən istiqamətdə avtomobili ilə hərəkət etməklə yol boyu telefonunda olan “Waze” tətbiqindən istifadə edərək onun səsli bildirişlərinə (surət limiti və digər yol nişanları, bağlı yol, polis postu və s.) diqqət etmiş, ona görə də surət limitini aşmağı ilə bağlı əvvəllər cərimə olmamışdır. 26 dekabr 2024-cü il tarixli, EQ 25235474 saylı elektron qərara görə ərazidə saatda 90 km surət limitini göstərən nişan olan hissədə surətinin saatda 21 km aşaraq guya 111 km surətlə hərəkət etməyi inandırıcı deyil və şübhəlidir. Şübhələr ona görə yaranır ki, yol boyu avtomobili yuxarıda qeyd etdiyi məlumatverici “Waze” tətbiqindən istifadə etməklə idarə etmiş, həmçinin İXM-nin 328.1-ci maddəsinə görə yolda müəyyən edilmiş hərəkət surətini 10-20 km/saat həddində aşmağa görə 10 (on) manat, İXM-nin 328.2-ci maddəsinə görə isə yolda müəyyən edilmiş hərəkət surətini 21-40 km/saat həddində aşmağa görə 50 (əlli) manat və 2 cərimə bal nəzərdə tutulur. Burada eyni zamanda şübhəli məqam məhz surət həddinin 21 km/saat aşmağının qeyd edilməsidir. Sual yaranır necə oldu ki, surəti saatda 95,96,97,98,99 və 100 km və yaxud saatda 101,102,103, 104 km və s. olmadı məhz saatda 111 km oldu? Cavab isə sadə: İXM-nin 328.1-ci (10 manat) deyil, İXM-nin 328.2-ci (2 cərimə balı və 50 manat cərimə məbləği) maddəsinin təsirinin altına salaraq məni cərimə balı olan daha yüksək cərimə məbləğ ilə cərimələmək məqsədi güdülmüşdür. Belə olan halda qeyd edildiyi kimi saatda 111 km surətlə hərəkət etməyi barədə tərtib edilmiş sənədlərlə bağlı təqdim edilmiş sübut şübhəlidir və bununla bağlı qərar qanuni sayıla bilməz. Hesab edir ki, həmişə surət rejiminə əməl etdiyi halda texniki səhv və ya texniki xəta olaraq idarə etdiyi avtomobilə birbaşa İXM-nin 328.2-ci maddəsi ilə guya surət limitini saatda 21-40 km aşmağıma görə 2 cərimə balı və 50 manat məbləğində cərimə mötəbər, təkzibedilməz sübutlara istinad edilmədiyindən qanunsuz və əsassız tətbiq edilmişdir. Ona görə də şikayətlə məhkəməyə müraciət edərək İXM-nin 328.2-ci maddəsi ilə cərimə edilməyim barədə Baş Dövlət Yol Polis İdarəsinin 26 dekabr 2024-cü il tarixli, EQ 25235474 saylı elektron qərarının ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-101/2025 saylı, 16 yanvar 2025-ci il tarixli (hakim Gültəkin Əsədova) qərarı ilə şikayəti qismən təmin edilib, BDYPİ-nin 26 dekabr 2024-cü il tarixli, EQ 25235474 saylı elektron qərarı ləğv edilərək, həmin quruma işə yenidən baxılması tapşırılmışdır. BDYPİ-nin 02 mart 2025-ci il tarixli, EQ/ 25235474 saylı elektron qərarı ilə barəsində İXMnin 328.2-ci maddəsi ilə yenidən 2 cərimə balı və 50 manat məbləğində cərimə tətbiq edilmişdir. Həmin elektron qərarı alıb yenidən məhkəməyə şikayətlə müraciət etməli olmuşdur. Bildirir ki, 2 aya yaxın müddətdə BDYPİ tərəfindən hər hansı araşdırma aparılmamış, bununla bağlı ona məlumat verilməmiş, mötəbər və təkzibedilməz sübut təqdim edilməmiş, şikayətində qeyd edilən məqamlara aydınlıq gətirilməmiş, həmin stasionar radarın şikayətimdə qeyd etdiyi qanunvericiliyin tələblərinə uyğunluğu (cavab verməsi) barədə sənədlər təqdim edilməmişdir. Yəni, BDYPİ tərəfindən süründürməçiliyə yol verilərək təkrar Qanunsuz qərar çıxarılmışdır. Odur ki, şikayət təmin edilməli, BDYPİ-nin təkrar çıxardığı 02 mart 2025-ci il tarixli, EQ/ 25235474 saylı elektron qərar ləğv edilməli və işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən X2 çıxış edərək bildirmişdir ki, şikayəti əsaslıdır. Məhkəmədən şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən EQ 25235474 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə - əlli manat məbləğində cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Halbuki iş materiallarına əlavə edilmiş fotoşəkillərə məhkəmə iclasında baxış keçirilmiş və X2 xx.xx.2024-cü il tarixdə saat 12:13:45-də idarə etdiyi “Toyota Prado” minik markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Qazax yolu 294.5-ci kilometrliyində Qazax istiqamətində hərəkətdə olarkən 90 km/saatda hərəkət edilməsi nəzərdə tutulmuş yolda 111 km/saatda hərəkət etmişdir. Beləliklə də o, yolda müəyyən edilmiş hərəkət sürətinə riayət etməmiş və yol hərəkəti qaydalarını pozmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ 25235474 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ 25235474 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar