Məhkəmə qərarları › İş №3(005)-832/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-832/2022

30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-832/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin rəhbəri Hakan Böyükbaş Fazlı oğlunun, Zərərçəkmiş şəxs X1 Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Sevinc Qurbanovanın iştirakları ilə, Şəxs MMC-nin rəhbəri Hakan Böyükbaş Fazlı oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsindən daxil olmuş 10 mart 2022-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs MMC-nin rəhbəri Hakan Böyükbaş Fazlı oğlu Şirvan Kommersiya Məhkəməsinin 2-2(086)-109/2019 saylı, 01.02.2019-cu il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin rəhbəri Hakan Böyükbaş Fazlı oğlu məhkəmə iclasında izahat verərək, pandemiya dövründə şirkətin ziyana uğradığını və iflas etdiyini bildirdi. Bu səbəbdən icra sənədi üzrə yaranmış borcu vaxtında ödəmək imkanının olmadığını bildirdi. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında izahat verərək, Hakan Böyükbaş Fazlı oğlu barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Sevinc Qurbanova yazılmış protokolu müdafiə edərək qanuna uyğun qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şirvan Kommersiya Məhkəməsinin 2-2(086)-109/2019 saylı, 01.02.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 100 (yuz) manat ekspertiza tədqiqatının dəyəri "X6 X4” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertızası Mərkəzinin hesabına köçürülməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, “X6 X4" Məhdud Məsuliyyətli Cəmiyyətindən vurulmuş ziyanın əvəzi kimi 15589 manat, bərpa işlərinə çəkiləcək xərcin dəyəri kimi 6116 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat, cəmi 21.715 manat məbləğində pul tutularaq X2 ödənilməlidir. “İcraata başlamaq haqqında” 11.01.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şirvan Kommersiya Məhkəməsinin 2-2(086)-109/2019 saylı, 01.02.2019-cu il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə borclu Şəxs MMC-yə göndərilmişdir; Nərimanov rayon İcra Şöbəsinin 19.01.2022-ci il tarixli, 7265/2022-15-13-002 saylı xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs MMC-yə Şirvan Kommersiya Məhkəməsinin 2- 2(086)-109/2019 saylı, 01.02.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi, əks təqdirdə hüquqi şəxsin barəsində inzibati tənbeh ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Sözügedən sənəd 19.01.2022-ci il tarixdə borclunun rəhbəri Hakan Böyükbaş Fazlı oğlu tərəfindən imza edilməklə qəbul edilmişdir; Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir; 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs MMC-nin rəhbəri Hakan Böyükbaş Fazlı oğlu məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, Şirvan Kommersiya Məhkəməsinin 2-2(086)-109/2019 saylı, 01.02.2019-cu il tarixli cra vərəqəsinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs MMC-nin rəhbəri Hakan Böyükbaş Fazlı oğlu İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, borclunun icra sənədinin üzrsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan, Şəxs MMC-nin rəhbəri Hakan Böyükbaş Fazlı oğlu İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə borclunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə borclu barəsində göstərilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin rəhbəri Hakan Böyükbaş Fazlı oğlu İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar