Məhkəmə qərarları › İş №3(005)-834/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-834/2022

29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-834/2022 29.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov RPİ-nin X9 Şöbəsi tərəfindən 07 mart 2022-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Nərimanov RPİ TŞ-nin təhqiqatçısı T.Məmmədovun 165 nömrəli rədd materialının qərarına əsasən sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin İ hissəsinin tələbini pozaraq piyada X2 vuraraq sağlamlığına “Yüngül” dərəcəli bədən xəsarəti yetirib. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: 25 yanvar 2022-ci il tarixli, HK-1/105 nömrəli raportdan görünür ki, 25.01.2022-ci il tarixdə saat 21:55-də, DİN-nin 102 xidmətinə məlumat daxil oldu ki, vətəndaş X4 zəng vuraraq 24.01.2022-ci il tarixdə 2003-cü il təvəllüdlü qızı Nəzrini “Toyota Prius”markalı avtomaşın vurub xəsarət yetirmişdir. Aparılan araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, o, 4 ilə yaxındır ki, taksi sürücüsü kimi fəaliyyət göstərir. 24.01.2022-ci il tarixdə saat 12:29 radələrində etibarnamə ilə idarə etdiyi "xxxx" MMC-yə məxsus “Toyota Prius” minik markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi F.X.Xoyski küçəsi istiqamətindən üzü Təbriz küçəsi istiqamətində 3 zoladan ibarət avtomobil yolunda sağdan 1-ci zolaqla saatda 20-30 km sürətlə düzünə hərəkət edirdi. Həmin vaxt idarə etdiyi avtomobildə adını bilmədiyi və tanımadığı müştəri sərnişin qismində əyləşdi. O idarə etdiyi avtomobil ilə Ə.Rəcəbli küçəsi ilə Təbriz küçələrinin kəsişməsinə çatan zaman piyadaların hərəkəti üçün nəzərdə tutulmuş piyada keçidini görüb, sürətini azaltmağa başlayıb. O hərəkətə başlayan zaman piyada keçidində qəflətən piyada qabağına çıxıb. Bu zaman idarə etdiyi avtomobilin sol hissəsi ilə yolu keçməyə çalışan piyadanı vurub. Bundan sonra dərhal avtomobildən düşərək piyadaya yaxınlaşıb, onu xəstəxanaya aparmaq üçün avtomobilinə əyləşdirib. Yolda olan zaman həmin piyada qadın xəsarəti olmadığını bildirib, onu evə aparmağını xahiş edib. O da onun istəyi ilə onu evlərinə aparıb. Orada öz mobil nömrəsini verərək nəyəsə ehtiyac olarsa əlaqə saxlamalarını xahiş edib. 25.01.2022-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşı onunla əlaqə saxlayaraq aparılan araşdırmada iştirak etməyini xahiş edib. O da aparılan araşdırmada iştirak edib. Aparılan araşdırma zamanı X3 izahat verərək bildirmişdir ki, 24.01.2022-ci il tarixdə saat 12:29 radələrində piyada şəkildə Nərimanov rayonu, Təbriz küçəsi ilə hərəkət edirdi. O, piyada şəkildə hərəkət edib Təbriz küçəsi ilə Ə.Rəcəbli küçələrinin kəsişməsinə çatan zaman piyada keçidi ilə avtomobil yolunu keçmək qərarına gəlib. O, piyada keçidinə yaxınlaşıb avtomobillərin azalmasını gözləməyə başlayıb. Avtomobillər azaldıqdan sonra isə avtomobil yoluna daxil olub. Bu zaman “Toyota Prius” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobilin ön hissəsi ilə onu vurub. Daha sonra isə onu avtomobilinə əyləşdirib evə gətirib. O, avtomobildən düşən zaman isə öz mobil nömrəsini verərək nəyəsə ehtiyac olarsa əlaqə saxlamağını istəyib. O, evdə olan zaman baş vermiş hadisə barəsində valideynlərinə məlumat verib. Bundan sonra atası baş vermiş hadisə barəsində DİN-nin 102 məlumat xidmətinə bu barədə məlumat verib. Bundan sonra onlar Nərimanov RPİ-də aparılan araşdırmada iştirak ediblər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 tərəfindən verilmiş 01.02.2022-ci il tarixli, 92 nömrəli ekspert rəyindən görünür ki, X1 almış olduğu xəsarətlər-alt çənənin əzilmiş yarası, sağ budun sıyrığı, döş qəfəsinin əzilməsi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 24.01.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 08 fevral 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın sürətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmişşəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar