Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-841/2025 08.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X13 iştirakları ilə, X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 13 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərara dair barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış X6 şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 13 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərara dair barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış X8 şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikası X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru X8 barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın “müəyyən edildi” hissəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən daxil olmuş məlumatlar əsasında müəyyən olunmuşdur ki, vətəndaşlar X10, X15 və X1 "xxxx" MMC tərəfindən işğaldan azad edilmiş ərazilərdə AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Göründüyü kimi bu faktı əsas götürən DƏMX-nin Bakı şəhər İdarəsi "xxxx" MMC-nin direktoru X8 barəsində xx.xx.2025-il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir.X16 Xidməti tərəfindən "xxxx" MMC barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən X10, X15 və X1 adına “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemindən işğaldan azad olunmuş ərazilərdə iş icazəsi alınmış, lakin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Belə ki, guya adı çəkilən şəxslər müqavilə hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Lakin bu protokol Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 3(005)-425/2025 saylı, xx.xx.2025-cı il il tarixli qərarı ilə əsasız hesab edilmiş və iş üzrə icraata xitam verilmişdir.Aşağıda qeyd olunanlara əsasən X16 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol ləğv edilməlidir: DƏMX-in Bizim Yükdaşıma” MMC-yə ünvanlandığı məktubda və eyni zamanda protokolda qeyd olunanın əksinə, bildiririk ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmır.Azərbaycan Respublikasında iş icazəsi yalnız əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün alınır və o xüsusi ərazi ilə məhdudlaşmır. “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş-çıxış məqsədi ilə şəxslərin adı əraziyə maneəsiz giriş-çıxış məqsədilə daxil edilir. Nərimanov Rayon Məhkəməsinə göndərilən inzibati xəta üzrə iş materiallarından görünür ki, DƏMX-in əmək müqaviləsi bağlanmadan işlədiyini iddia etdiyi şəxslər X10, X15 və X2r. DƏMX-nin iddiasının əksinə olaraq adlarını qeyd etdikləri şəxslər"xxxx" MMC ilə əmək müqaviləsi bağlamış lakin bir müddətdən sonra əmək müqavilələrinə qarşılıqlı razılıq əsasında xitam verilən şəxslərdir. Müvafiq şəxslər “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə əmək müqaviləsi qüvvədə olan dövrdə daxil edilmiş və əmək müqavilələrinə xitam verildikdən sonra həmin şəxslərin adlarının sistemdən çıxarılmasına dair müvafiq qaydada müraciət edilmişdir. Göründüyü kimi şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi halı birmənalı şəkildə baş verməmişdir.Həmçinin DƏMX-ə də məlum olduğu kimi əmək müqaviləsinə xitam verilən şəxslərin adlarının siyahıdan çıxarılması birbaşa olaraq şirkətin sərəncamında deyildir. Bu səbəbdən həmin şəxslərin adlarının çıxarılması üçün dərhal müvafiq orqana müraciət edilir. Həmin orqan tərəfindən isə müvafiq dövlət orqanına müvafiq qaydada müraciət yönləndirir. Göründüyü kimi birbaşa olaraq şirkət tərəfindən həyata keçirilmədiyindən prosedur uzanır və bu müddət uzanmalarının qarşısını almaq Şirkətin səlahiyyətindən tamamilə kənar olan məsələdir. “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi, bu ərazilərə maneəsiz giriş-çıxışın tənzimlənməsi məqsədilə yaradılmışdır. Həmin informasiya sisteminin məlumatlarını ətraflı təhlil etmədən və dəqiq araşdırma aparmadan girişinə icazə verilən şəxslərin əmək müqavilələrinin edilməsinə gətirib çıxarır və qanunvericilik də buna dair hər hansı imperativ tələb yoxdur. Məlumdur ki, xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı qərardan öncə MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Protokolda inzibati xəta hans “müəyyən edilmiş sübutlarla” təsdiq edilməsi hissəsində “Daxili İşlər Nazirliyi” tərəfidən təqdim edilmiş məlumatlar” əsasında təsdiq edildiyi qeyd edilmişdir.X9 əmək müqaviləsinə xx.xx.2025, X1 əmək müqaviləsinə xx.xx.2024 tarixində və X11 əmək müqaviləsidə xx.xx.2025 tarixində xitam verilmişdir. Yəni bu şəxslərin hər hansı bir işə cəlb edilməsi qeyri-mümkündür. DƏMXin bu şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməs əsası məntiqə belə ziddir. Şəxslərinin adlarının hələ də giriş-çıxış üçün icazə sistemində görünməsinin səbəbi isə yuxarıda izah olunmuşdur. Habelə, müəyyən şəxslərin adının qeyd edilən sistemə daxil edilməsi həmin şəxslərin göstərilən əraziyə getməsini, həmçinin bu şəxslərin həmin ərazidə müvafiq işlərə cəlb olunmasını təsdiqləmir.Həmçinin, əlavə edilmiş materiallar arasında olan bildirişdən (DƏMX-in 3- 17-5/2-10214/2025 saylı bildirişi) görünür ki, "xxxx" MMC-nin direktorunun MN ******* nömrə protokol üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2025 tarixində saat 11.30-a təyin olunmuşdur.Qeyd edir ki, həmin məktub onlara ümumiyyətlə çatmamışdır və bu səbəbdən onlar həmin görüşdə iştirak edə bilməmişlər. DƏMX isə məktubun onalara çatıb-çatmadığını dəqiqləşdirmədən prosessual hüquqları kobud şəkildə pozaraq iştirakları olmadan inzibati xəta haqqında iş üzrə icraata başlamış və barələrində inzibati xəta haqqında protokol və daha sonra əsassız olaraq qərar qəbul etmişdir. Belə ki, bildirişlərin çatıb-çatmadığını araşdırmayan DƏMX bu sənədləri (protokol və qərar) ünvanımıza göndərməmişdir. Lakin təcrübədən artıq onlara məlumdur ki, inzibati; xətalara dair işlərdə eyni “pozuntu” üzrə həm hüquqi şəxs, həm də onun direktoru barəsində iş aparılır. Bunu nəzərə alaraq onlar tərəfindən DƏMX-lə bir neçə dəfə əlaqə saxlanılmış, əgər vəzifəli səxs barəsində protokol və qərar tərtib edilmişdirsə, bu barədə məlumat vermələri və sənədləri göndərmələri üçün tərəfimizdən kağız daşıyıcıda və elektron poçt vasitəsilə məktub DƏMX-nə ünvanlanmışdır. Yalnız onların müraciətlərindən sonra protokol və qərar göndərilmişdir. "xxxx" MMC-nin partnyor şirkətlərindən biri olan "xxxx" MMC barəsində də İXM-nin 192.1-ci maddəsi üzrə adı çəkilən səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol qəbul edilmişdir. Lakin tərtib edilmiş inzibati xəta haqqında protokol Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 3(005)-2134/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, daha sonra bu qərardan DƏMX tərəfindən şikayət verilməsinə baxmayaraq Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1730/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə ləğv edilmiş və həmin inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilmişdir.Həmçinin hal- hazırda mübahisə predmeti olan halla bağlı əvvəlcədən "xxxx" MMC barəsində protokol tərtib edilmiş, buna baxmayaraq Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 3(005)-425/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Bütün yuxarıda sadalanan hallar sübut edir ki, "xxxx" MMC-nin direktorul X8 tərəfindən.İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xəta tərkibi mövcud olan əməl törədilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X18 məhkəmə iclasında X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsitərəfindən qəbul olunmuş 13 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı müdafiə edərək X7 şikayət ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə qeyd edilən şəxsin iştirakı olmadan məhkəmə prosesinin davam etdirilməsini uyğun hesab etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsitərəfindən qəbul olunmuş 13 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsimin 7-ci və 49-cu maddələrinin tələbləri pozularaq "xxxx" MMC tərəfindən X10, X15 və X1 adına “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemindən işğaldan azad olunmuş ərazilərdə iş icazəsi alınmış, lakin xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixdədək qedy edilən şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə (xidmətlərə) cəlb edilmişdir. X3 tərəfindən AR İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və inzibati məsuliyyətə cəlb olunaraq 3.500 manat cərimə edilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, X7 əməlində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Məhkəmə iclasında iş materialları tədqiq edilərkən müəyyən olundu ki: Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X15 "xxxx" MMC-də xx.xx.2024-cü il tarixdən işə başlamış, xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X10 "xxxx" MMC-də xx.xx.2024-cü il tarixdən işə başlamış, xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X4 "xxxx" MMC-də xx.xx.2024-cü il tarixdən işə başlamış, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(005)-425/2025 saylı qərarından görünür ki,"xxxx" MMC barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti tərəfindən qeyd edilən inzibati xəta haqqında protokolu tərtib edərək mühüm əhəmiyyə kəsb edən bütün faktiki halları, tam hərtərəfli öyrənmək üçün zəruri tədbirlər görülmədən, qeyri-dəqiq məlumat əsasında protokol tərtib edilmiş, X10, X15 və X1 hansı işə cəlb olunması məsələsi araşdırılmadan, ümumiyyətlə qeyd olunan şəxslərin işə cəlb olunubolunmaması, həmin vaxt harada işləməsi müəyyən edilmədən səthi araşdırma aparılaraq əsassız şəkildə protokol tərtib edilməsi nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin sadalanan normalarının tələblərindən göründüyü kimi, tərəflər arasında əmək münasibətlərinin yaranması üçün yazılı şəkildə əmək müqaviləsi bağlanılmalı, bu müqavilə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməli, əmək müqaviləsi bildirişi qeydiyyata alınmalı və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməlidir. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün tərəflər arasında əmək münasibətləri mövcud olmalı, yəni işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmalı, həmçinin bu hallar əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həyata keçirilməlidir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işə götürən X8 tərəfindən X15 xx.xx.2025-ci il tarixdə, X10 xx.xx.2025-ci il tarixdə, X4 xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmiş, bununla da AR Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbinin pozulması faktı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 13 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilərkən X15 xx.xx.2025-ci il tarixdə, X10 xx.xx.2025-ci il tarixdə, X4 xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsini nəzərə almamışdır. Bundan başqa Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(005)- 425/2025 saylı qərarla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində tərtib edilmiş protokol üzrə icraata xitam verilməsi qeyd edilən müəssisənin direktoru X7 əməlində inzibati xəta tərkibinin olmamasını bir daha təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. İXM-nin 76.1 maddəsinə əsasən - İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer;100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X8 tərəfindən AR İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi və inzibati məsuliyyətə cəlb olunaraq cərimə edilməsi əsassızdır. 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün X8 inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, hüquqi xidmətə görə tələb olunan 300 manat olunan məbləğin X16 Xidmətindən tutulması hissədə şikayət təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. X7 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmadığından barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 13 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-841/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-841/2025
08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver