Məhkəmə qərarları › İş №3(005)-847/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-847/2021

23.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-847/2021 23.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 100 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış X3 inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona xx xxxxxxxx 2020-ci ildə qanunsuz olaraq protokol tərtib edilmişdir. Araşdırma zamanı yol verilən saxtakarlıqlar və qanun pozuntuları nəzərə alınmayaraq onun iştirakı olmadan protokol əsasında qanunsuz qərar qəbul olunmuşdur. O bundan narazı olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən xx xxxxxx 2020-ci ildə № 3(005)-3647/2020 nömrəli işə baxıldı və onun haqlı olduğu tam sübuta yetirildi. Məhkəmə BŞDYP-nə prosesdə iştirak etmək üçün bildiriş göndərməsinə baxmayaraq, onlar müxtəlif bəhanələrlə iştirak etməkdən boyun qaçırdılar. Son olaraq məhkəmə araşdırma zamanı yol verilmiş nöqsanların qanuna zidd olmasını aşkarlayaraq protokol əsasında qəbul olunmuş qərarı ləğv edərək yenidən tam və hər tərəfli araşdırılması üçün Bakı Şəhər BPİ-nin X8 İdarəsinə göndərilməsini qərara aldı. Əks tərəfə 10 gün ərzində Bakı Apelyasiya Məhkəməsinə şikayət etmək hüququ olması barəsində xəbərdarlıq edilmişdir. Lakin məhkəmənin qərar qəbul etməsindən 2 aydan çox keçməsinə baxmayaraq onunla heç kim əlaqə saxlamadı və yeni araşdırma üçün dəvət edilmədi. Fevral ayının ortalarında o, bu barədə yenidən X7 saytında şikayət yazdım. Yalnız bundan sonra xx xxxxxx 2021-ci ildə onu telegram ilə işin araşdırılması üçün Bakı Şəhər BPİ-nin X8 İdarəsinə dəvət etmişlər. Qeyd olunan tarixdə BŞDYP-nin inzibati binasında olmasına və 3 saatdan artıq gözləməsinə baxmayaraq onu heç kim qəbul etməmiş, araşdırma aparılmamışdır. Qanunla müəyyən edilmiş araşdırma prosedurlarının tətbiqi zamanı onun haqlı olduğunu anlayan hər kəs bunun öz üzərinə götürülməsini istəmir və işə yenidən baxmaqdan boyun qaçırır. Son olaraq ona bu araşdırmanın iştirakı olmadan yenidən Rövşən Hüseynov tərəfindən aparılması və yenidən qərar qəbul olunması bildirildi. Maraqlıdır ki, bundan sonra həmin protokol 15 gün ərzində hələ də qərarsız statusunda qalır. Yalnız x xxxx 2021-ci ildə yenidən qərar qəbul olunmuşdur. Lakin qərar qəbul olunan zaman o, Bakı Şəhər BPİ-nin X8 İdarəsinə dəvət olunmamışdır. Qərarın surəti xx.xx.2021-ci il tarixdə rəsmi qaydada ona təqdim olunmuşdur. Həmin qərar qanunsuz və əsassızdır. Belə ki, iş üzrə onun təqsirini sübuta yetirən heç bir fakt mövcud deyildir. Belə olan halda qərarın hansı əsaslar üzrə qəbul olunduğu sual doğurur. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri Hə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə Hə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin İXM-nin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı Hə müəyyən ediimədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati orqan öz qanunsuz və əsassız qərarını qəbul edərkən ona araşdırmada iştirak etmək üçün bildiriş göndərməmişdir. Belə olan halda onun müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Qeyd olunan normaların tələblərindən aydın göründüyü kimi inzibati orqan ona bildiriş göndərməli olduğu halda bildirişi göndərməyərək heç bir araşdırma aparmadan qərəzli olaraq qərar qəbul etmişdir. Eyni zamanda bu özbaşınalığa son qoymaq məqsədilə yazıb məhkəmədən hər iki tərəfin iştirakı ilə işə yenidən baxılmasını xahiş edir. Hərçənd əmindir ki, yol verilən saxtakarlıqlara görə keçən dəfə ki kimi DYP-nin əməkdaşları prosesdə iştirakdan boyun qaçıracaqlar. Lakin bu dəfə də protokolun saxtakar və qərəzli olmasını sübut edə biləcəyinə əmindir və protokolun əks tərəfin iştirak edib-etməməsindən asılı olmayaraq tam ləğv edilməsində israrlıdır. Məhkəmənin tələbi ilə bütün sübutları və sənədləri təqdim etməyə hazırdır. Qeyd edir ki, inzibati xəta hadisəsinin baş verdiyi yer video müşahidə vasitələrinin (videokameraların) nəzarəti altında olduğu halda inzibati orqan həmin kadrları ona və məhkəməyə təqdim etməkdən boyun qaçırmışdır. Bununla da onun təqsirsiz olduğu bir daha sübut olunur. İnzibati Xətalar Məcəlləsinin 61.1.8-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin baş verdiyi yer video müşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərini barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə elektron daşıyıcıda surətini almaq hüquqları vardır. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 şikayətin dəlillərinə uyğun şəkildə çıxış edib, əlavə olaraq bildirmişdir ki, polis orqanında heç bir sübut yoxdur ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsi ilə protokol tərtib etsin. Məhkəmə tərəfindən mübahisələndirilən qərar ləğv edildikdən sonra qərarda göstərilən xüsusatların araşdırılması yerinə yenidən əsassız olaraq və heç bir inzibati araşdırma aparmadan eyni məzmunlu qərar qəbul etmişlər. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməlidir Belə ki, Bakı şəhəri BPİ-nin X8 İdarəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X1 barəsində tərtib edilmiş İXP seriyalı ******* saylı,xx.xx.2020-ci il tarixli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq, X1 Azərbaycan Respublikası İXM-nin 331-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(005)-3647/2020 nömrəli qərarından görünür ki, şikayət qismən təmin edilmiş, Bakı şəhəri BPİ-nin X8 İdarəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx xxxxxxx 2020-ci il tarixli qərar ləğv edilmiş, X3 barəsində Azərbaycan Respublikası İXM-in 331-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri BPİ-nin X8 İdarəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə -yüz manat məbləğində cərimə edilir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X1 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğdə cərimə edilmişdir. Məhkəmə iclasında X3 tərəfindən qaydanın pozulmadığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, nəqliyyat vasitəsinə yol verə bilməməsinin səbəbi həmin anda eyni istiqamətdə hərəkətdə olan avtomobillər olduğundan və onun fiziki cəhətdən həmin anda maşına qoşularaq hərəkət etmiş, bir qədər irəliyə keçdikdə isə avtomobili saxlamışdır. Qanunvericiliyin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən, şikayətçinin iştirakı təmin edilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd edir ki, baş vermiş hadisə ilə əlaqədar olaraq şikayətçinin barəsində qəbul edilmiş TP ******* saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi ilə bağlı məhkəmə ilkin müraciəti araşdırılarkən də eyni mövqe göstərilmiş, yəni inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərək sonuncunun hüquqlarını pozması bildirilmişdir. Bu səbəbdən inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılması və müvafiq qərar qəbul edilməsi üçün müvafiq qərarın surəti X8 İdarəsinə göndərilmişdir. Buna baxmayaraq səlahiyyətli orqan tərəfindən işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadan, habelə X3 yenidən inzibati araşdırmaya dəvət edilmədən hazırda mübahisələndirilən qərarı qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından X3 tərəfindən verilmiş şikayət təmin olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunsun. X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar