Məhkəmə qərarları › İş №3(005)-847/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-847/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-847/2025 11.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Şikayət vermiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Şikayət vermiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət vermiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, X8 "xxxx" MMC-nin direktoru vəzifəsində çalışır. "xxxx" MMC-nin VÖEN-i ********** saylıdır. MMC-nin hüquqi ünvanı - ünvan 1 (Dövlət Vergi Xidmətindən çıxarışlar şikayətə əlavə edilmişdir). Mobil nömrəsinə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 3000 manat cərimə edilməyi və barəsində xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edildiyi haqqında SMS daxil olmuşdur. Bundan sonra xx.xx.2025-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinə müraciət edərək, barəsində olan inzibati xəta haqqında iş materialları ilə tanış olmaq, çıxarışlar etmək üçün şərait yaradılmasını, həmçinin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında tərtib edilmiş inzibati xəta haqqında protokolun və 3000 manat cərimə edilməyi barədə inzibati xəta haqqında qərarın ona təqdim etməsini xahiş etmiş, xx.xx.2025-ci il tarixdə etibarnamə üzrə nümayəndəsinə rəsmi qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun surəti və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarın surəti təqdim edilmişdir, (bu haqda müvafiq məktubların surəti şikayətə əlavə edilmişdir) İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, "xxxx" MMC-də xx.xx.2024-cü il tarixdən AR Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinin tələbləri gözlənilmədən, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, işəgötürən tərəfindən X9 ilə aralarında bağlanmış 013/01-24 nömrəli xidməti müqavilə əsasında işlər (xidmətlər) yerinə yetirməsinə cəlb edilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X4 protokolun müzakirəsində iştirak etmək üçün məktub göndərilsə də, iştirak edilməmişdir. İnzibati xətaya dair faktın müəssisədən təqdim edilmiş məktub və sənədlər ilə təsdiq edilir. Həmin protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarda bir daha göstərilmişdir ki, "xxxx" MMC-də xx.xx.2024-cü il tarixdən işəgötürən tərəfindən X9 ilə aralarında bağlanmış 013/01-24 nömrəli xidməti müqavilə əsasında AR Əmək Məcəlləsinin 7ci maddəsinin 2-3.4-cü hissəsinin tələbləri gözlənilmədən, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, işlər (xidmətlər) yerinə yetirməsinə cəlb edilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin qərar ilə həmin inzibati xətanın törədildiyinə görə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3000 manat cərimə edilməyi qərara alınmışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, direktoru olduğu "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 2. Həmin Məcəllənin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi yeri barəsində icraat aparılan şəxsin olduğu ünvan hesab edildiyindən, X8 isə "xxxx" MMC-nin rəhbər vəzifəli şəxsi - direktoru olduğundan, MMC-nin direktoru olaraq barəsində həmin inzibati xəta haqqında protokol və qərar qəbul edildiyindən, hazırkı inzibati xəta haqqında qərardan şikayətə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. İnzibati xəta haqqında protokol və eyni zamanda qərar ilə razılaşmayaraq hazırkı şikayəti verir, hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Direktoru olduğu “FRESH CATERİNG" MMC ilə X9 arasında xx.xx.2024-cü il tarixli 013/01-24 saylı xidmət müqaviləsi və həmin müqaviləyə xx.xx.2024-cü il tarixli əlavə bağlanmışdır. Xidmət müqaviləsində müqavilənin predmetini, tərəflərin öhdəliklərini, müqavilənin müddətini, tərəflərin hüquq və vəzifələrini, xidmətin dəyərini və ödənişini, tərəflərin məsuliyyətini, hüquqi müdafiə üsullarını əks etdirən şərtlər, öhdəlikləri pozulması halında məsuliyyət və kompensasiya verilməsi şərtləri, fors-major hallar, mübahisələrin həlli, müqaviləyə xitam verilməsi qaydaları, məxfilik, əqli mülkiyyət, digər məsəllər barəsində tərəflər arasında olan mülki hüquq münasibətlərini tənzimləyən müddəalar razılaşdırılmış və təsbit edilmişdir. Şikayət vermiş şəxsin nümayəndəsi (vəkili) Vəkil müvafiq sənədləri məhkəməyə təqdim edərək verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2024-cü il tarixdən AR Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinin tələbləri gözlənilmədən, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X9 ilə aralarında bağlanmış №13/01-24 nömrəli xidmət müqaviləsi əsasında işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron çıxarışından görünür ki, X9 (VÖEN **********) fərdi sahibkar kimi fəaliyyət göstərir. “Sifarişçi” "xxxx" MMC ilə “İcraçı” fərdi sahibkar X9 arasında bağlanan 013/01-24 №-li xidmət müqaviləsindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı Sifarişçinin tapşırıqlarına müvafiq olaraq Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun şəkildə bu müqavilənin əlavələrində göstərilən xidmətlər göstərməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli 013/01-24 №-li xidmət müqaviləsinə Əlavədən görünür ki, İcraçı Sifarişçiyə əmək ehtiyatlar – qabyuyan, ofisiant, aşpaz, xadimə xidmətləri təqdim edir. Ödəniş tapşırıqlarından görünür ki, "xxxx" MMC tərəfindən X3 fərdi sahibkar bank hesabına xx.xx.2024-cü il tarixdə 8246 manat, xx.xx.2024-cü il tarixdə 8071 manat, xx.xx.2024-cü il tarixdə 8182 manat, xx.xx.2024-cü il tarixdə 8833 manat, xx.xx.2024-cü il tarixdə 7991 manat, xx.xx.2024-cü il tarixdə 8241 manat, xx.xx.2024-cü il tarixdə 8436 manat, xx.xx.2024-cü il tarixdə 8564 manat və xx.xx.2024-cü il tarixli 7190 manat xidmət haqqı köçürmüşdür. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, məhkəmə iclasında araşdırma zamanı təqdim olunmuş sənədlərdən aydın olur ki, "xxxx" MMC ilə fərdi sahibkar X9 arasında xx.xx.2024-cü il tarixdə xidmət müqaviləsi və həmin müqaviləyə xx.xx.2024-cü il tarixli əlavə bağlanılmışdır. Həmin Xidmət müqaviləsinə əsasən İcraçı Sifarişçinin tapşırıqlarına müvafiq olaraq Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə uyğun şəkildə xidmətlər göstərməyi, Sifarişçi isə Xidməti qəbul edib, bu Müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə İcraçıya Xidmət haqqını ödəməyə öhdəsinə götürmüşdür. Həmçinin müəyyən edilmişdir ki, göstərilən xidmətlərin müqabilində "xxxx" MMC tərəfindən fərdi sahibkar X5 müvafiq ödənişlər edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 əməlində AR İXM-nin 192.1-ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:

1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X9 arasında əmək münasibətlərinin olması faktı öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, faktla bağlı araşdırma aparmadan X6 Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi barədə pozuntuya yol verilməsi və həmin MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün olmayan hüquqi nəticəyə gəlmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində əsassız inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 (dörd min) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar