Məhkəmə qərarları › İş №3(005)-858/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-858/2022

16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-858/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ YNH üzrə inspektoru polis mayoru X2, Barəsində inzibati xəta haqqında inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş 16 mart 2022-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs oğlu 19 fevral 2022-ci il tarixdə saat 11:40-da idarə etdiyi Hyundai İ30 markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə AR “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq LADA markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Toqquşmanın təsirindən sonuncu avtomobil istiqamətini dəyişərək maneəyə dəymişdir. Hadisə zamanı avtomobillərə maddi zərər dəymişdir. Sürücü Şəxs avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Bununla da, Şəxs oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ YNH üzrə inspektoru polis mayoru X4 tərtib etmiş olduğu inzibati xəta haqqında protokolun məzmununa uyğun şəkildə çıxış edərək bildirmişdir ki, 19.02.2022-ci il tarixdə saat 15:00 radələrində Abşeron rayonu Mərkəzi Xəstəxanasının həkimi Babayeva məlumat vermişdir ki, YNH-si zamanı Nərimanov rayonu Ayna Sultanova körpüsündə 13.11.2000-ci il təvəllüdlü X3 xəsarət alaraq onlara müraciət etmişdir. Daxil olmuş müraciət əsasında araşdırma aparılmış, hadisə yerinə baxış keçirilmiş, YNH-si yerinin sxemi tərtib edilmiş, izahatlar alınmış, ekspert rəyi əldə olunmuşdir. Beləliklə araşdırmanın nəticəsində müəyyən edilmişdir ki, hadisə zamanı Emin Alllahverdiyev dərəcələri təyin edilməyən bədən xəsarətləri almışdır. Hadisə sürücü Şəxs ehtiyatsızlığı nəticəsində baş verdiyindən və əməlində AR “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələbi pozulduğundan barəsində inzibati tənbeh vermə tədbiri görülməsi üçün toplanmış material inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək polis idarəsi tərəfindən onun barəsində tərtib edilmiş protokola etiraz etmədiyini, belə ki, yol-nəqliyyat hadisəsinin protokolda göstərildiyi kimi baş verdiyini bildirmişdir. Hadisə baş verdikdən sonra həmin şəxsə yaxınlaşıb xəsarət alıb-almadığını, tibbi yardıma ehtiyacının olub-olmadığını soruşmuş, o isə xəsarət almadığını deyib onun təklifindən imtina etmişdir. Nəqliyyat vasitəsini idarə etməyə sürücülük hüququ isə olmamışdır. Göstərilənləri nəzərə alaraq əməlindən peşmanlıq çəkdiyini qeyd edib barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X8 canlı şəxsin ekspertizasının 175 nömrəli, 22.02.2022-ci il tarixli rəyindən görünür ki, 2000-ci il təvəllüdlü X1 almış olduğu xəsarətlər-sol saidin səthi travması-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 19.02.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. 24.02.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin sonuncunun Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tələblərinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü material Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs oğlu İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir; 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs oğlu tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin iş materiallarında olan izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edərək əməlindən səmimi peşmanlıq çəkməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, belə nəticəyə gəlir ki, Şəxs oğlunun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar