Məhkəmə qərarları › İş №3(005)-859/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-859/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-859/2025 01.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/25246723 nömrəli protokol əsasında tərtib olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərardan verdiyi şikayətə baxaraq, məhkəmə Müəyyən etdi: X3 onun barəsində olan İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər DYPİ-nin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, 26 dekabr 2024-cü il tarixdə “Toyota Prado” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə saat 20:00 radələrində Gəncə şəhərindən Bakı şəhəri istiqamətində hərəkət edib təxminən saat 24:00 radələrində Bakı şəhəri ərazisinə çatıb. 27 dekabr 2024-cü il tarixdə səhər saatlarında güya ötən gün İXMnin 328.2-ci maddəsində nəzərdə tutulan xəta törətməyi barədə telefonuna məlumat daxil olmuşdur. Sistem vasitəsilə geniş məlumat əldə edərkən orada foto görüntü yerləşdirilmişdir. Şəkildəki həqiqətən idarə etdiyi avtomobil olduğu məlumdur. Lakin, avtomobili ilə yol boyu surət limitini göstərən nişanlara riayət etdiyinə baxmayaraq, elektron qərara əsasən güya qeyd edilən ərazidəki saatda 50 km olan surət limitini saatda 21 km aşmağı inandırıcı gəlmədi və ümumiyyətlə həmin yolda həmin surət həddini göstərən nişanın olması onda şübhələr yaratmışdır. İşləri ilə bağlı vaxtaşırı qeyd edilən istiqamətdə avtomobili ilə hərəkət etməklə yol boyu telefonunda olan “Waze” tətbiqindən istifadə edərək onun səsli bildirişlərinə (surəti limiti və digər yol nişanları, bağlı yol, polis postu və s.) diqqət etmiş, ona görə də surət limitini aşmağı ilə bağlı əvvəllər cəriməsi olmamışdır. Tərtib edilmiş 27 dekabr 2024-cü il tarixli, EQ 25246723 saylı elektron qərara görə ərazidə saatda 50 km surət limitini göstərən nişan olan hissədə surətini 21 km/saat aşaraq güya saatda 76 km surətlə hərəkət etməyi inandırıcı deyil və şübhəlidir. Şübhələr ona görə yaranır ki, yol boyu avtomobili yuxarıda qeyd etdiyi məlumatverici “Waze” tətbiqindən istifadə etməklə idarə etmişdir, həmçinin İXM nin 328.1-ci maddəsinə görə yolda müəyyən edilmiş hərəkət surətini 10-20 km/saat həddində aşmağa görə 10 (on) manat, İXM-nin 328.2-ci maddəsinə görə isə yolda müəyyən edilmiş hərəkət surətini 21-40 km/saat həddində aşmağa görə 50 (əlli manat və 2 cərimə balı nəzərdə tutulur. Burada eyni zamanda şübhəli məqam ərazidə surət limitinin saatda 50 km olmasını bildirən nişanın olmaması və DYP avtomobilinin özü hərəkətdə olarkən digər avtomobilin surətinin müəyyən edilməsidir. Hesab edir ki, elektron qərara əlavə edilmiş fotoşəkildə DYP avtomobilindəki E-patrol vasitəsi ilə surət limitini saatda 26 km aşması avtomobilinin real surətinə uyğun olmamış və bu hal surət ölçmə vasitəsinin DYP tərəfindən düzgün işləməməsi (nizamlanmaması) nəticəsində baş verməsi ehtimalı və şübhələri yaradır. Eləcə də DYP-nin xidməti avtomobilinin özünün hərəkəti zamanı digər nəqliyyat vasitəsinin surətinin düzgün müəyyən edilməsi də şübhələr yaradır. Belə ki, DYP-nin xidməti avtomobilinin yalnız hərəkətsiz dayandığı halda surət ölçməsi qanunamüvafiqdir. Məhkəmə iclasında iştirak edən barəsində qərar qəbul edilən X3 inzibati qərarın qanunsuz olduğunu, əvvəl də məhkəmə tərəfindən qərar ləğv edilərək araşdırma üçün X6 İdarəsinə göndərilsə də yenidən onu dəvət etmədən eyni məzmunlu qərar qəbul edildiyini bildirmişdir. Barəsində tərtib edilmiş protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri DYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ/25246723 nömrəli protokol əsasında tərtib olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərarına əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 50 manat miqdarında cərimə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(005)- 100/2025 saylı qərarından aydın olur ki, X1 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı 25246723 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və işə yenidən baxılması Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinə tapşırılmışdır. Beləliklə iş üzrə müəyyən edilir ki, tənbeh qərarı qəbul edilən anda şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamışdır. İXM-nin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs X3 inzibati xətanın mövcudluğu ilə razılaşmamaqla yanaşı hər hansı qayda pozuntusuna yol vermədiyini bildirməsinə baxmayaraq onun barəsində inzibati tənbeh tətbiq edilmişdir. Halbuki inzibati qanunvericiliyin tələblərinə əsasən yol polisi əməkdaşı protokola baxılmasının vaxtı və yeri barəsində məlumat verməli və X1 iştirakı ilə araşdırma aparıb qərar qəbul etməli idi. Bundan başqa Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(005)-100/2025 saylı saylı qərarı ilə X2 tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı 25246723 saylı qərar ləğv edilərək yenidən hərtərəfli və obyektiv araşdırma aparılması üçün X6 İdarəsinə göndərilsə də yenidən heç bir araşdırma aparılmadan, şəxs dəvət edilmədən, video görüntü təqdim olunmadan eyni məzmunlu qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, protokol və s) istintaq etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq göstərilən qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Məhkəmə qeyd edir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(005)-100/2025 saylı saylı qərarı ilə X2 tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı 25246723 saylı qərar ləğv edilərək araşdırılması üçün vəzifəli şəxsə qaytarılsa da, həmin qərarda qeyd olunan hallar müvafiq inzibati orqan tərəfindən araşdırılmamış nəqliyyat vasitəsinin sürücüsü tərəfindən İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş hansı inzibati pozuntunun törədildiyi qeyd olunmamış, sübutlar şəxsə təqdim olunmamış və konkret məlumat verilməmişdir. Nəticədə yenidən xx.xx.2024-cü il tarixli, EQ/25246723 nömrəli protokol əsasında tərtib olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərar qəbul edilmiş, qərarda da hər hansı sübuta istinad edilmədən yenidən formal olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Buna görə də məhkəmə prosessual qənaət prinsipini əsas tutaraq hesab edir ki, mübahisələndirilən qərarın yenidən məhkəmə tərəfindən ləğv edilməsi və araşdırılması üçün inzibati orqana (vəzifəli şəxsə) göndərilməsi nəticəsiz olacaqdır. Həmçinin, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhəri DYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ/25246723 nömrəli protokolu əsasında tərtib olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Bakı şəhər X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/25246723 nömrəli protokol əsasında tərtib olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar