Məhkəmə qərarları › İş №3(005)-874/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-874/2025

08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-874/2025 08.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru X2 tərəfindən Şəxs barəsində MN seriyalı, ******* nömrəli, 18 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" MTK-nın rəhbəri Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4088/2021 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbi təmin etməkdən yayınmışdır. Bununla da borclu "xxxx" MTK-nın rəhbəri Şəxs İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X2 tərəfindən 18 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4088/2021 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi şöbənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu "xxxx" MTK-nın ünvanına bildiriş göndərilmişdir. İcraata başlamaq haqqında qərar borclu tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Bununla da borclu X7 icra sənədlərinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərilənləri nəzərə alaraq borclu "xxxx" MTK-nın rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MTK-nın rəhbəri Şəxs inzibati xəta haqqında materiala etiraz edərək qeyd etmişdir ki, təqdimatın verildiyi icra işinin aid olduğu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4088/2021 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, "xxxx" MTK tərəfindən tikilmiş yaşayış binasında 3 (üç) mənzil, tələbkar X3 verilməlidir. İcra sənədinin icrasının könüllü müddəti ötmüş və məcburi icra mərhələsinə keçmişdir. İcra sənədinin tələbindən aydın şəkildə göründüyü kimi tələbkara verilməli olan 3 ədəd mənzil "xxxx" MTK tərəfindən tikilmiş çoxmərtəbəli yaşayış binasında yerləşir. Yəni adı çəkilən mənzillərin yeri məlumdur. Əgər həmin mənzillərin hazırkı icra sənədi əsasında tələbkara verilməsi mümkündürsə, burada MTK-nın sədrinə və ya başqasına ehtiyac yoxdur. Məcburi icra qaydasında verilməsi təmin ediləcəkdir. Mənzillər MTK-nın sədri tərəfindən gizlədilməmiş, icra ilə bağlı binaya girişinə maneçilik törətməmişdir. Əksinə icra məmurları məcburi icra qaydasında gələn zaman onlarla birgə iştirak üçün nümayəndə ayırmış, tələbkarın özü, vəkilinin və yaxın qohumlarının binaya girişini tam şəkildə təmin edilmiş, icra hərəkətlərinin birgə həyata keçirilməsi üçün lazımı şərait yaratmışdır. Lakin hazırkı vəziyyətdə mənzillərin tələbkara verilməsi ilə bağlı icra sənədinin icrası mümkün olmadığı müəyyən edilmiş və bu barədə icra məmuru tərəfindən Akt tərtib edilmişdir. Belə ki, Gülara Xəlilova ilə MTK arasında bağlanmış müqaviləyə əsasən sökülməyə təqdim edilmiş tikililər üçün 2 ədəd, 3 otaqlı, tikinti altına təqdim etdiyi 228 kv.m. torpaq sahəsinin əvəzində isə 3 ədəd, 2 otaqlı mənzilin verilməsi razılaşdırılmışdır. Tələbkarın təqdim etdiyi 228 kv.m. torpaq sahəsi sonradan MTK-dan geri alındığından, ona qarşılıq 3 ədəd, 2 otaqlı mənzillə bağlı müqavilə tərəfinə bildiriş verilmiş və mənzillər başqasına satılmışdır. İcra sənədinin icrası ilə bağlı icra məmuru, tərəflərin nümayəndəsi ilə birlikdə mənzillərə baxış zamanı müəyyən edilmişdir ki, tələbkara verilmiş 2 ədəd, 3 otaqlı mənzillərin birində özü ailəsi ilə yaşayır, digərini isə kirayə vermişdir. Verilməsi tələb olunan 3 ədəd, 2 otaqlı mənzilllər, qətnamədən əvvəl satılmış başqa şəxslər tərəfindən təmir edilmiş və onların istifadəsindədir. Məhz bu səbəbdən icra sənədinin icrası mümkün olmamışdır. Bu nə MTK-nın, nə də sədrinin, eləcədə icra məmurun iradəsindən asılı olmamışdır. Adı keçən icra sənədində, mənzillərin boşaldılması, mənzildən çıxarılma tələbi yoxdur. Mənzillərdə yaşayanların mənzilin əvəzini tam ödəməklə qanuni əsaslarla əldə etdikləri ilə bağlı da mübahisə yoxdur. Burada icra sənədinin icrasına qəsdən maneə törədildiyi və ya icra sənədinin icrasından qəsdən yayınma mövcud olmadığı açıq vəziyyət. Protokolda da MTK sədrin icraya maneçilik törədilməsinin məhz hansı hərəkətində ifadə olunduğu qeyd edilməmişdir. Bundan başqa icra sənədinin icrasına hazırda imkan verməyən məhkəmə akt mövcuddur. Belə ki, adı çəkilən 3 ədəd mənzilləri əldə etmiş şəxslərin ərizəsinə əsasən Nərimanov Rayon Məhkəməsinin e-16(005)-435/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə e-2(005) 3232/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək ünvan 1 ünvanda cavabdeh "xxxx" MTK tərəfindən inşa edilmiş, çoxmərtəbəli yaşayış binasının 9cu, 10-cu və 11-ci mərtəbəsində yerləşən 153, 56 və 171 saylı mənzillərin özgəninkiləşdirilməsi və həmin mənzillərlə bağlı hər hansı (sökülməsi, giriş - çıxışının bağlanması, qapısının sındırılması, boşaldılması, formasını dəyişdirilməsi, başqa şəkildə məhv etməsi) fiziki təsirli hərəkətlər cavabdeh "Bina” MTK-ya, üçüncü şəxs (X6) və başqalarına qadağan edilmişdir. Ərizəçilərin iddiası ilə bağlı mülki işin baxılması davam edir. Qərardad icra olunması üçün Nərimanov rayon İcra şöbəsinə göndərilmiş, icrası eyni icra məmuruna tapşırılmışdır və onun tərəfindən icra olunmuşdur. Həmçinin tələbkar mənzillərin verilməsi ilə bağlı icra sənədinin icrasının faktiki mümkün olmadığı baxımından, həmin mənzillərin dəyərinin ödənilməsi ilə bağlı "xxxx" MTK-ya qarşı iddia qaldırmışdır və iddiaya Nərimanov Rayon Məhkəməsinin icraatında baxılır. Həmin tələb baxımından iddiaçının ərizəsi əsasında Nərimanov Rayon Məhkəməsinin e-16(005)-65/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə MTT seçilərək, MTK-nın iki bank hesabı üzrə ümumilikdə 686.114 manat məbləğində pul vəsaitinin üzərinə həbs qoyulmuşdur. Qərardad icra olunamsı üçün Nərimanov rayon İcra şöbəsinə göndərilmiş, icrası eyni icra məmuruna tapşırılmışdır və onun tərəfindən icra olunmuşdur. Son iki dəlildən də bir daha göründüyü kimi icra məmuru heç bir əsas və lazım olmadan hazırkı protokolu tərtib etmişdir. Əslində hazırkı protokolun tərtib edilməsi ilə bağlı icra məmurunun hərəkəti, vəzifəsini düzgün icra edilməməsinin göstəricisidir. Yuxarıda şərh olunanları nəzərə alaraq, Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu və verilmiş təqdimatın təmin edilməməsini, protokolla bağlı inzibati icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4088/2021 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfə məxsus evin sökülərək yerində cavabdeh tərəfindən tikilmiş çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən sahəsi 93.99 kv.m olan 2 otaqlı, binanın 10 və 11-ci mərtəbələrində yerləşən, hər birinin sahəsi 84.95 kv.m olan iki ədəd 2 otaqlı mənzillər, ümumilikdə 263.89 kv.m yaşayış sahəsi iddiaçı X4 verilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4088/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4088/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadına aşağıdakı kimi izah verilməsi qərara alınmışdır: Qərardada cavabdeh "xxxx" MTK tərəfindən ünvan 1 ünvanında tikilmiş çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 108,96 m2 olan bir ədəd 3 otaqlı orta təmirli mənzil, binanın 9-cu mərtəbəsində yerləşən sahəsi 93,99 m2 olan 2 otaqlı, binanın 10 və 11-ci mərtəbələrində yerləşən, hər birinin sahəsi 84,95 m2 olan iki ədəd 2 otaqlı mənzillərin hər hansı bir şəkildə üçüncü şəxslərə özgəninkiləşdirilməsi qadağan olunsun dedikdə, binanın 10-cu mərtəbələrində yerləşən, sahəsi 84,95 m2 olan 2 otaqlı mənzilin (hazırda 56 nömrəli mənzil) binanın 1-ci girişində (blokunda), qalan mənzillərin isə binanın 2-ci girişində (blokunda) yerləşən mənzillər olduğu başa düşülməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4088/2021 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu "xxxx" MTK-ya göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-4111/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, "xxxx" MTK-nın direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. “Elektron İcra” İnformasiya Sisteminin vergi məlumatlarından əldə edilmiş məlumata əsasən borclu "xxxx" MTK-nın rəhbərinin Şəxs olduğu göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya böyük icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu "xxxx" MTK-nın rəhbəri Şəxs icra qeydi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, icra vərəqəsinin icrasını tam şəkildə təmin etməmiş, icra sənədinin icrasının təmin edilməsinə hərəkətsizlik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə işin digər hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" MTK-nın rəhbəri Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar