Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-878/2024 16.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.4 və 271-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Şəxs MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında MN seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs MMC-nin ərazisinə keçirilən baxış zamanı əmələ gələn bərk məişət və qarışıq tərkibli tullantıların qanunla müəyyən olunmamış ərazidə qeyri-qanuni olaraq qalaqlanması və qanunamüvafiq idarə olunmaması, həmçinin ərazidə olan yaşıllıqların mühafizə tədbirlərinin görülməməsi aşkarlanmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 protokolu müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 253-1.4 və 271-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 20-23 fevral 2024-cü il tarixli, 078/2902-2024 nömrəli Monitorinq aktından görünür ki, Nərimanov rayonu, Dərnəgül sənaye zonası, məhəllə 2096, 507-ci küçə ünvanında fəaliyyət göstərən Şəxs MMC-nin ərazisində özünü şifahi olaraq MMC-nin direktoru kimi təqdim edən Həsən adlı şəxsin iştirakı ilə araşdırma aparıldı. Əraziyə keçirilən baxış zamanı müəssisənin ərazisində bərk məişət və qarışıq tərkibli tullantıların mövcud qanunvericiliyin tələbləri pozulmaqla atılaraq qalaqlandığı və qanunamüvafiq qaydada daşınmadığı, həmçinin ərazidə mövcud olan yaşıllıqların mühafizə qaydalarının pozularaq kökətrafı dib hissələrinin bağlanıldığı və yaşıllıqlara taxta hasar çəkilməsi məqsədilə mismar vurularaq zədələnməsi faktları məlum oldu. Həsən adlı şəxs şifahi olaraq “tullantıların daşınması üçün müqavilə bağlanılması barədə məlumatsız olduğunu” bildirdi. Bununla da Şəxs MMC tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. İş materiallarında olan fotoşəkillərdə bərk məişət və qarışıq tullantıların qanunla müəyyən olunmamış ərazidə qeyri-qanuni olaraq qalaqlanması, həmçinin ağacların mühafizəsinin təmin edilmədiyi müşahidə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir; 9.0.5-ci maddəsinə əsasən zədələnmiş, məhv edilmiş və götürülmüş (kəsilmiş) yaşıllıqların bərpası yaşıllıqların mühafizəsi tədbirlərin yerinə yetirilməsini nəzərdə tutur; 19-cu maddəsinə əsasən yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görmək, yaşıllıqların mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, şəxslərin əməlində daha ciddi qanun pozuntusu faktları müəyyən etdikdə onları aidiyyəti üzrə göndərmək hüququna malikdir. “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun: tullantıların daşınması- tullantıların əmələ gəldiyi, yerləşdirildiyi, istifadə və utilizasiya edildiyi, zərərsizləşdirildiyi, basdırıldığı və ya məhv edildiyi yerlər və obyektlər arasında daşınması mənalarını ifadə edir; məişət tullantıları (bərk məişət tullantıları) — əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar mənalarını ifadə edir; 12-ci maddəsinə əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Azərbaycan Respublikası İXM-in: 253-1.3-cü maddəsinə əsasən götürülmüş yaşıllıqların yerinin dəyişdirilməməsinə və ya bərpa edilməməsinə, yaxud zədələnmiş və ya məhv edilmiş yaşıllıqların və ya onların hissələrinin bərpa edilməməsinə görə - fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir. 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan fotoşəkillərdə bərk məişət və qarışıq tərkibli tullantıların qanunla müəyyən olunmamış ərazidə qeyri-qanuni olaraq qalaqlanması, həmçinin ərazidə olan yaşıllıqların mühafizə tədbirlərinin pozulması müşahidə edilir. Belə ki, fotoşəkillərə diqqət yetirərkən ağacların kök hissələrinə dirəklərin bərkidildiyi və zibil tullantılarının həmin dirəklərə söykədildiyi açıq-aşkar təzahür olunur. Bu hal bir daha Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.4 və 271-ci maddələrinin tələblərinin pozulduğunu göstərir. Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 253-1.4 və 271-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi öz təsdiqini tapdığından, hüquqi şəxs həmin maddələrdə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni Azərbaycan Respublikası İXM-in 253-1.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 53, 55, 114,115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.4 və 271-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3-cü maddəsi nəzərə alınmaqla barəsində 6500 (altı min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-878/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-878/2024
16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver