Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-879/2024 19.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Qurbanov Vüsal Rafiq oğlu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 6 (altı) sayda “İnzibati tənbeh vermə haqqında” qərarların ləğv edilməsi və onlar əsasında təyin edilmiş cərimənin silinməsinə dair qərar qəbul edilməsi barədə X2 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib MÜƏYYƏN ETDİ: X2 məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 6 (altı) sayda “İnzibati tənbeh vermə haqqında” qərarların ləğv edilməsi və onlar əsasında təyin edilmiş cərimənin silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan 6 (altı) sayda “İnzibati tənbeh vermə haqqında” qərarlardan görünür ki, inzibati xəta hadisələrinin baş verdiyi ərzailər Bakı şəhəri Nərimanov rayonunun ərazi yurisdiksiyasına daxil deyildir. İş materiallarından görünür ki, X2 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədəyalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. İş materiallarından da göründüyü kimi X2 işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmasına dair vəsatətlə müraciət etməmişdir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 122.8-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan 10 gün müddətində vəsatət vermədikdə, həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edilir və həmin vaxtdan 10 gün müddətində həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati xəta materialını araşdırıb, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 6 (altı) sayda “İnzibati tənbeh vermə haqqında” qərarlardan şikayət verilməsi prosedurunun, hər bir qərara münasibətdə inzibati icraatın müstəqil həyata keçirilməsinin, həmçinin bir neçə qərardan bir icraat qaydasında şikayət verilməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığını qeyd edərək hesab edirəm ki, inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokollar əsasında qəbul edilmiş qərarlarından ayrı-ayrılıqda (hər bir qərara münasibətdə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 6 (altı) sayda “İnzibati tənbeh vermə haqqında” qərarların ləğv edilməsi barədə şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər şikayətçiyə geri qaytarılsın. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-879/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-879/2024
19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver