Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-882/2021 16.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin sahə inspektoru X2, zərərçəkmiş şəxs X1, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsində tərtib olunmuş iş materialları 16 aprel 2021-ci il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin sahə inspektoru X5 tərəfindən tərtib olunmuş 16 aprel 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 26.09.2020-ci il tarixdə danışmaq adı ilə əvvəllər tanıdığı X3 məxsus “İphone” markalı mobil telefonu almış və geri qaytarmadan uzaqlaşmşdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin sahə inspektoru X5 izahatında göstərdi ki, 26.09.2020-ci il tarixdə vətəndaş X4 16-cı PB-nə müraciət edərək bildirmişdir ki, 18.09.2020-ci il tarixdə saat 21:00 radələrində əvvəllər tanıdığı Ziyadxan adlı şəxs Atatürk prospektində yerləşən “E-gov” mərkəzinin qarşısında 1-2 saatlıq istifadə etmək üçün ona məxsus 500 manat dəyərində “İphone” markalı mobil telefonu ondan almış və bir daha qaytarmayaraq ona qarşı dələduzluq etmişdir. Həmin ərizə əsasında Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin təhqiqatçısı Novruz Novruzov tərəfindən araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq toplanmış material üzrə cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş və hadisəni törətmiş Şəxs xırda talamaya görə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surətinin Nərimanov RPİ-nin 16-cı PB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talamaya görə inzibati məsuliyyət yaratdığından, Şəxs barəsində tərəfindən müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilib vermiş olduğu izahatında göstərmişdir ki, əvvəllər tanıdığı X4 ilə Nərimanov rayonu, Atatürk prospektində “E-gov” mərkəzi qarşısında qarşılaşmış, ondan telefonu 1-2 saatlıq istifadə etmək üçün almışdır. Telefonla danışaraq oradan uzaqlaşmış və telefonu sahibinə qaytarmamışdır. Həmin gündən 2-3 gün sonra Neftçilər metrosunun yaxınlığında lombarda qoyub müqabilində 250 manat pul almışdır. Sonra həmin pulu xərcləmişdir. İşləyib pulu qaytarmağı planlaşdırsa belə bu mümkün olmamışdır. Törətdiyi əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, 18.09.2020-ci il tarixdə saat 21:00 radələrində əvvəllər tanıdığı Ziyadxan adlı şəxs Atatürk prospektində yerləşən “E-gov” mərkəzinin qarşısında 1-2 saatlıq istifadə etmək üçün ona məxsus 500 manat dəyərində “İphone” markalı mobil telefonu ondan danışmaq adı ilə istəmiş, o da vermişdir. Birdə görmüşdür ki, Şəxs telefonu qaytarmadan oradan uzaqlaşmışdır. Bundan sonra anlamışdır ki, həmin şəxs onun telefonunu ələ keçirərək çıxıb getmişdir. Daha sonra o, bu barədə Nərimanov RPİ-nin 16-cı PB-nə ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilmədiyindən Şəxs barəsində qanunauyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil çıxış edərək Şəxs yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin təhqiqatçısı Novruz Novruzov tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edlməsi barədə” 02 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, material üzrə cinayət işinin başlanmasının rədd olunması və hadisəni törətmiş Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surətinin Nərimanov RPİ-nin 16-cı PB-nə göndərilməsi qərara alınmışdır. “İnzibati qaydada tutma haqqında” 15 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 14 aprel 2021-ci il tarixdə saat 13:50-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, 26.09.2020-ci il tarixdə törədilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə təqsirli bilinməli, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Qanunvericiliyin tələbinə əsasən, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildiyi gündən, yəni 02 oktyabr 2020-ci il tarixdən 3 aydan çox müddət keçdiyini nəzərə alaraq Şəxs 16 aprel 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb oluna bilməz, bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin Qərarın 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, müdafiəçi Vəkil 16 aprel 2021-ci il tarixdə keçirilmiş 1 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəsi üçün 3 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, lakin onun barəsində tərtib edilmiş 16 aprel 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından azad edilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-882/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-882/2021
16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver