Məhkəmə qərarları › İş №3(005)-884/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-884/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-884/2025 03.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şəxs MMC-nin direktoru X1 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 275.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regioinal Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində İXM-in 275.2-ci maddəsi ilə MN ******* nömrəli, 13 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərmişdir. MN ******* nömrəli, 13 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nərimanov rayonu, Y.V.Çəmənzəminli 106 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Dəstərxan” restoranın fəaliyyəti zamanı restorandan gələn musiqi səs-küy səviyyəsinin yoxlanılması zamanı normadan çox olması aşkar edilmişdir. Bununla da Şəxs MMC İXM-in 275.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin direktoru X2 MN ******* nömrəli, 13 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokola etiraz edərək, qeyd edilən tarixdə müəssisədə qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq səs-küy olmamışdır. Həmçinin o bildirmişdir ki, qeyd edilən müəssisə hal-hazırda fəaliyyət göstərmir. Son olaraq o bildirmişdir ki, müəssisə barəsində inzibati xətaq haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regioinal Ekologiya və Təbii Sərvətlər İdarəsi xx.xx.2025-ci il tarixdə məktubundan və fotocədvəllərdən görünür ki, xx.xx.2024-cü il tarixil, İD.27661 nömrəli “Dəstərxan restoranından gələn musiqi səsinin yaratdığı narahatlıq" ilə bağlı müraciət idarə əməkdaşları tərəfindən yerində araşdırılmış, araşdırma zamanı ətraf mühitə yayıian səs-küy səviyyəsini təyin etmək məqsədilə restoran fəaliyyətdə olan zaman PCE-322 A səyyar cihazı vasitəsilə ölçmə-analiz isləri aparılmış, nəticəyə əsasən restoranın zalında səs-küy səviyyəsi ətraf mühit üçün yol verilən norma daxilindən artıq olduğu müəyyən olunmuşdur. İXM-in 275.2-ci maddəsinə əsasən Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə- şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən İXM-in 275.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Belə ki, Şəxs MMC restoran fəaliyyətdə olan zaman PCE-322A səyyar cihazı vasitəsilə ölçməanaliz işləri ilə ətraf mühit üçün yol verilən norma daxilindən artıq olduğu müəyyən olunmuşdur. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs MMC İXM-in 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinsin və barəsində 8.000 (səkkiz min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar