Məhkəmə qərarları › İş №3(005)-886/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-886/2021

06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-886/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı PB-nin əməkdaşı tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 02.01.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı PB-nin əməkdaşı tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 02.01.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X5 şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 02.01.2021-ci il tarixdə polis əməkdaşı ona yaxınlaşaraq sms icazəsinin olub-olmadığını soruşmuşdur. Onun işçi kimi icazə portalında adı var. Polis icazənin olduğuna əmin olub getmişdir. Heç bir pozuntudan söhbət getməmişdir. Yerində nə protokol yazılmış, nə də xəbərdarlıq edilmişdir. Çünki bütün sənədləri qaydasında olmuş və protokol yazılması üçün heç bir əsas olmamışdır. Lakin sonradan öyrənmişdir ki, barəsində guya tibbi maskadan istifadə etməməsinə görə protokol tərtib olunub və 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. Belə olan halda protokolun surəti polisin özünün də qeyd etdiyi kimi iki gün müddətində ona təqdim olunmamış, ona rəsmi bildiriş göndərilməmişdir. Protokolun surəti nömrəli məktubla onun ünvanına göndərilməli idi. Protokolda onun imzası, hadisəni təsdiq edən şahidlər yoxdur. Bütün qeyd etdikləri onu təsdiq edir ki, barəsində tərtib olunan protokol əsasızdır və həqiqəti əks etdirmir. Protokolun surəti bilərəkdən ona təqdim olunmayıb ki, onun şikayət müddəti ötsün. Qeyd etdiklərini nəzərə alaraq, barəsində tərtib edilmiş “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, proses iştirakçıları məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı PB-nin əməkdaşı tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 02.01.2021-ci il tarixli “İnzibati xəta haqqında protokol”un surətindən görünür ki, X1 rayonu, Atatürk prospektində tibbi maskadan istifadə etməmişdir. X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı PB-nin əməkdaşı tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 02.01.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, X5 tibbi maskadan istifadə etmədən karantin rejimini pozmuşdur. X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə X5 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəməyə təqdim edilən sənədlərlə onun İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən pandemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayət verən şəxs X3 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı PB-nin əməkdaşı tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 02.01.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X3 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar