Məhkəmə qərarları › İş №3(005)-89/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-89/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-89/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Bakı şəhəri 35 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş Şahid əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2023-cü ilin 01 noyabr tarixindən 2023-cü ilin 18 noyabr tarixinədək Şəxs tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X2 çıxış edərək bildirmişdir ki, tərəflərindən müvafiq araşdırmalar aparılmışdır. Vətəndaş Şahid əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2023-cü ilin 01 noyabr tarixindən 2023-cü ilin 18 noyabr tarixinədək Şəxs tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Vatsap yazışmaları ilə də bu fakt öz təsdiqini tapır. Yekunda məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Bakı şəhəri 35 saylı Vəkil Bürosunun vəkili Nümayəndə izahatında bildirmişdir ki, X5 Xidmətinin Bakı şəhər Ərazi Şöbəsi qanunvericiliyin tələblərini pozmağa əvvəldən başlamışdır. X5 Xidmətinin Bakı şəhər Ərazi Şöbəsi tərəfindən nə məsələ araşdırılarkən, nə də protokol tərtib edilərkən Cəmiyyət dəvət edilməmişdir. Protokol isə ümumiyyətlə Cəmiyyətə təqdim edilməmişdir. Bununla da Cəmiyyət öz müdafiəsini həyata keçirmək imkanından məhrum edilmişdir. Tərtib edilmiş protokolda vətəndaş Şahid əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən 2023-cü ilin 01 noyabr tarixindən 2023-cü ilin 18 noyabr tarixinədək Şəxs MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduğu, bu faktın vətəndaş Şahid tərəfindən təqdim edilmiş mobil tətbiq üzərindən aparılan yazışmalar ilə təsdiq edildiyi və Cəmiyyətin İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi bildirilmişdir. Şahid 01 iyun 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək Şəxs MMC-də fəhlə vəzifəsində işləmişdir. İşə gecikməsi və cəmiyyətin daxili intizam qaydalarını riayət etmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə 01 noyabr 2023-cü il tarixdə xitam verilmişdir. Bundan sonra o, qəzəblənərək Cəmiyyətdən X5 Xidmətinin Bakı şəhər Ərazi Şöbəsinə şikayət etmişdir. X5 Xidmətinin Bakı şəhər Ərazi Şöbəsi şikayəti araşdırarkən birtərəfli mövqe nümayiş etdirmiş Şahid tərəfindən təqdim edilmiş mobil tətbiq üzərindən aparılan yazışmaları əsas gətirərək Şəxs MMC-nin inzibati xəta törətdiyi qənaətinə gəlmişdir. Halbuki, Şahid 01 noyabr 2023-cü il tarixdən sonrakı dövrdə Cəmiyyətlə hər-hansı bir əmək münasibətlərində olmamışdır. X5 Xidmətinin Bakı şəhər Ərazi Şöbəsi tərəfindən protokol tərtib edilərkən Cəmiyyət dəvət edilmədiyindən Cəmiyyət öz müdafiə hüququndan məhrum edilmişdir. Belə ki, X5 Xidmətinin Bakı şəhər Ərazi Şöbəsinin əsas arqumenti olan qrup yazışmasıdır. Qrup yazışmasını əsas gətirərək Cəmiyyətin inzibati xəta törətdiyi qənaətinə gəlmək heç bir məntiqə sığmır. Belə ki, iş materiallarına əlavə edilmiş qrup yazışmalarında X5 Xidmətinin Bakı şəhər Ərazi Şöbəsinin hansı əsaslarla Şahid Cəmiyyətlə əmək münasibətlərində olması və qanunsuz olaraq əmək münasibətlərinə cəlb edilməsi qənaətinə gəlməsi onlarda təəssüf doğurur. Bundan başqa Şahid Nərimanov rayon Məhkəməsinə və X5 Xidmətinin Bakı şəhər Ərazi Şöbəsinə ünvanladığı müraciətində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə işdən çıxarılmasına əsəbiləşərək X5 Xidmətinin Bakı şəhər Ərazi Şöbəsinə müraciət etdiyi və müraciətində qeyd etdiyi faktların həqiqəti əks etdirmədiyini, 01 noyabr 2023-cü il tarixdən sonrakı dövrdə Şəxs MMC arasında hər-hansı bir əmək münasibətləri mövcud olmadığını, hər-hansı bir işə cəlb edilmədiyini bildirmişdir. Bundan başqa Şahid ünvanladığı müraciətində vatsap mobil tətbiqi üzərindən olan qrup yazışmalarında olan yazışmalarala əlaqədar olaraq bildirmişdir ki, işdən çıxmağına baxmayaraq həmin qrupdan çıxarılmamış, orada olan yazışmalara çıxışı olmuş orada göndərilən sənəd və yazışmalar digər qrup iştirakçıları tərəfindən göndərilmişdir. Odur ki, sonda məhkəmədən Şəxs MMC-nin barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsin xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid bildirmişdir ki, şirkətdən işdən çıxarıldığından əsəbi olmuş və gedib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə şikayət etmişdir. Hüquqi şəxslə onun arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Həmin tarixdən də işlərin görülməsinə cəlb olunmamışdır. Həmçinin vatsap sosial şəbəkəsində qeydə alınmış yazışmalar onun tərəfindən deyil digər işçilər tərəfindən göndərilmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X6 bildirmişdir ki, vətəndaş Şahid ərizəsi onun icraatına daxil olmuşdur. İlk öncə vətəndaş işə bərpa edilməsini tələb etmişdir. Vətəndaş xx.xx.2023-cü il tarixdən sonra hüquqi şəxsə aid qrupdan çıxarılıb. Araşdırma barədə hüquqi şəxsə bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixli Şahid tərəfindən tərtib edilmiş və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, onun Şəxs MMC-yə qarşı hər hansı şikayət və tələbi yoxdur. Onun həmin şirkətlə hər hansı bağlılığı yoxdur, orada işə götürülməmiş və işçi kimi işləməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin üzərinə düşür. Qeyd edilən orqan məhkəmə iclasında əlavə hər hansı sübut təqdim etməmiş və Şəxsnın Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edərkən yalnız Şahid izahatına və vatsap sosial şəbəkəsində qeydə alınmış yazışmaların fotoşəkillərinə istinad etmişdir ki, həmin izahatda göstərilən hallar məhkəmə iclasında araşdırılan sübutlarla təkzib olunur. Belə ki, Şahid notarial qaydada vermiş olduğu ərizəsində, həmçinin məhkəmə iclasında izahatında da qeyd etmişdir ki, vatsap sosial şəbəkəsində qeydə alınmış yazışmalar onun tərəfindən göndərilməmiş və o, hüquqi şəxs tərəfindən əmək müqaviləsinə xitam verildikdən sonra işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:

1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə Şəxs ilə Şahid arasında əmək münasibətlərinin olması faktı öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Şəxs tərəfindən fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi barədə pozuntuya yol verilməsi və həmin MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün olmayan hüquqi nəticəyə gəlmiş və Şəxs barəsində əsassız inzibati xəta haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in : 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, Şəxs tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetmədiyindən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar