Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-90/2022 18.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 dekabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 17 dekabr 2021-ci il tarixdə saat 13:30-da ünvan 1 ünvanında yerləşən Şəxs marketdə epidemiya əleyhinə rejimin, sanitariya-gigyena və karantin qaydalarının pozulması faktı aşkar edilmişdir. Belə ki, tibi qoruyucu maskadan istifadə edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 inzibati xəta haqqında protokola dair etiraz təqdim etməklə izahatında göstərmişdir ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edilmişdir. Belə ki, protokolda faktın foto şəkillər ilə təsdiq edildiyi qeyd edilsə də, həmin foto şəkillərin çəkilməsində istifadə olunan xüsusi texniki vasitənin göstəricisi, tipi, markası, modeli, yerləşdiyi yer, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt, yoxlamadan keçdiyini təsdiq edən sənədin nömrəsi, tarixi, növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar qeyd edilməmişdir. Üstəlik iş materiallarına əlavə olunmuş foto şəkillərin hansı tarixdə və hansı mağazada çəkildiyi məlum deyildir. Şəxs MMC-nin ölkə ərazisində bir çox mağazasının olduğunu nəzərdə alsalar, həmin şəkillərin hansı mağazada, hansı tarixdə çəkildiyi şübhə doğuran məqamlardır. Habelə, həmin şəxsin kimliyi ilə bağlı iş materiallarına heç bir şəxsiyyəti təsdiq edən sənəd, yaxud izanat əlavə edilməyib. Digər bir məqam ondan ibarətdir ki, DVX BKSİBİ əməkdaşları Cəfərov Cahid və Məmmədov Zaur tərəfindən tərtib edilən aktda, MMC-nin rəhbəri ilə əlaqə saxlamağın mümkün olmadığı, sözügedən mağazada səlahiyyətli şəxsin olmadığı, mağaza müdirinin rəhbərin uzaqda olması, obyektə gələ bilmədiyini bildirməsi halları qeyd edilmişdir. Halbuki, DVX BKSİBİ əməkdaşları tərəfindən əvvəllər MMC-nin rəhbəri ilə əlaqə saxlanılmayıb, digər tərəfdən mağazada həmin vaxt səlahiyyətli şəxs - mağaza müdiri Rəşad Əsgərov olub. Bu halda inzibati xəta haqqında protokol mağazanın fəaliyyətindən birbaşa məsul şəxs olan mağaza müdiri barəsində tərtib edilməli idi. İş materiallarında əlavə olaraq, vəzifəli şəxsin (mağaza müdirinin) izahatı və ya vəzifəli şəxs olmadıqda, protokolda bu barədə qeyd edilərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin imzası olmalı idi. Hər kəsə aydındır ki, hətta ona məlumat verilsəydi belə, MMC-nin qanuni təmsilçisi olan baş direktoru şirkətin baş ofisində əyləşir və mağazalarda hər hansı qayda pozuntusu olduğu təqdirdə izahat vermək üçün hadisə yerinə özünü dərhal yetirə bilməz. Belə hallarda dövlət orqanının əməkdaşları mağazada vəzifəli şəxs olan mağaza müdirinin izahatını almalı idi. Tərtib olunan aktın mətnindən də aydın olur ki, birtərəfli və formal məqsədlə tərtib olunmuşdur. Digər tərəfdən, tərtib olunmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələrinin izah edilməsinə dair heç bir qeyd aparılmamışdır. Bu da o deməkdir ki, Dövlət Vergi Xidməti BKSİBİ-nin əməkdaşı qanunvericiliyin bu tələbinə də əməl etməmişdir. Göründüyü kimi protokolun tərtib edilməsinə əsas olmuş sənədlərdəki məlumatlar qeyri-dəqiq, natamam, şablon formalı sözlərlə əhatə olunmuşdur. Bu da həmin sənədlərin doğruluğunu şübhə altına alaraq, iş üzrə mötəbər sübut kimi qiymətləndirməsinə imkan vermir. Dövlət Vergi Xidməti BKSİBİ tərəfindən İXM-nin 211.2-ci maddəsində göstərilən nzibati xətanın ünvan 2 ünvanında yerləşən Şəxs mağazasında təkrar törədilməsi faktı kifayət qədər araşdırılmamış, üstəlik Protokolda İXM 211.3-cü maddəsinə istinad edilməsi də əsaslandırılmamışdır. İş materiallarına nəzər yetirsək görərik ki, sözügedən Şəxs mağazasının yerləşdiyi obyektin ayrılıqda kodu (15010), adı, ünvanı mövcuddur. Halbuki iş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 3(004)-135/2021 saylı xx.xx.2021-ci il tarixli Qərarında Şəxs MMC-yə məxsus ünvan 4 ünvanında yerləşən mağazada müştərilər tərəfindən sanitar-gigiyena qaydalarının tələblərinə əməl edilməyərək tibbi maskadan istifadə edilməməsindən söhbət gedirdi. İnzibati xətanın eyni obyektdə təkrarən törədilməsi faktı təqdim edilmiş sənədlərlə sübuta yetirilmədiyindən, DVX BKSİBİ-nin vəzifəli şəxsinin Protokolu İXM-nin 211.3-cü maddəsi ilə tərtib etməsi əsassız və qanunaziddir. Bundan əlavə, Dövlət Vergi Xidməti BKSİBİ istinad etdiyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-135/2021 saylı, 01.02,2021-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin 3(103)-418/2021 saylı xx.xx.2021-ci il tarixli Qərarı ilə dəyişdirilmişdir. Lakin protokolu tərtib edən vəzifəli şəxs Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərardan bixəbər olmaqla, qüvvədən düşmüş qərara istinad etmişdir. Bundan əlavə, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli (vəzifəli) şəxs mövcud protokolu mağaza müdirinin adına tərtib etmək səlahiyyətinə malik olmasına baxmayaraq, birbaşa hüquqi şəxs barəsində tərtib etmişdir. Bu da öz növbəsinə məhkəmələrdə iş yükünün külli miqdarda artmasına, əlavə proseslərin keçirilməsinə səbəb olur. Qeyd edilənləri nəzərə alaraq, 17 dekabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri X3 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən ünvan 5 ünvanında yerləşən Şəxs marketə baxış keçirilən zaman, həmin marketdə işçilərin qapalı məkanda tibbi qoruyucu maskadan istifadə etməməsi halı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 135/2021 saylı, 01 fevral 2021-ci il tarixli qərarından görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə olunması qərara alınmışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs MMC-nin təqsirliliyini təsdiq etmək üçün kifayət etmir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə, inzibati xəta haqqında işin hallarını tam və hərtərəfli araşdıraraq və barəsində icraat aparılan hüquqi şəxs tərəfindən təqdim edilmiş etirazın dəlilləri ilə razılaşaraq qeyd edir ki, Belə ki, tibbi maskadan istifadə edilməsi yalnız fotoşəkillərlə təsdiq olunsa da, həmin şəkillərin hansı mağazada, hansı tarixdə çəkildiyi müəyyən olunmur. Bundan başqa, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin tibbiqoruyucu maskadan istifadə etmədən xidmət göstərməsi ilə hüquqi şəxsin hər hansı bir konkret xeyri və ya onun hər hansı bir konkret maraqlarının qorunması arasında səbəbli əlaqə yoxdur. İşçinin və ya vəzifəli şəxsin törətdiyi inzibati xətanın, İXM-nin 18.2-ci maddəsindəki ümumi və preyudisial şərtə münasibətdə hüquqi şəxsin inzibati məsuliyyətinə səbəb olacaq səbəbli əlaqə yoxdur. Eyni xidməti işçi maska taxaraq da göstərə bilər. İşçinin maska taxmaqla və ya taxmamaqla xidmət göstərməsinin hüquqi şəxsin xeyri və ya maraqları baxımından hər hansı bir fərqi yoxdur. Maska taxmaqla işçinin göstərdiyi xidmətin hüquqi şəxsin xeyrinin azalmasına və ya maraqlarına zidd olmasına gətirib çıxarması üçün əsaslandırılma aparıla bilmir. Tibbi maskadan istifadə etmədən fəaliyyət göstərmək nəticəsində hüquqi şəxs hər hansısa əlavə üstünlük və ya xeyir əldə etsəydi, onda belə bir əsaslandırma aparmaqla, hüquqi şəxsin bu xeyrinin mövcudluğu sübut olunmaqla, inzibati məsuliyyətə cəlb edilməsi mümkün olardı. Belə ki, nəzərə alınmalıdır ki, İXM-in 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Beləliklə, hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilirsə, İXM-in 18.2-ci maddəsində sadalanmış şəxslərin inzibati xəta törətməsi sübut olunmalıdır ki, həmin inzibati xətaya görə hüquqi şəxsin inzibati məsuliyyəti yaransın. Həm də həmin şəxslərin törətdiyi ixtiyari bir inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyət daşımır. Həmin şəxslərin törətdiyi o, inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin şəxslərin törətdiyi inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Yəni İXM-nin 18-ci maddəsinə əsasən hər bir pozuntu İXM-nin inzibati məsuliyyətinə səbəbə olmur, yalnız o inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Lakin belə bir əsaslandırma protokolda ümumiyyətlə aparılmamışdır. Protokolda ümumiyyətlə həmin işçinin törətdiyi inzibati xəta nəticəsində hüquqi şəxsin hansı xeyir gördüyü (xeyirin nədən ibarət olması, nə qədər olması) və ya hüquqi şəxsin hansı marağının qorunduğu qeyd edilməmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən tərəfindən tərtib olunmuş 17 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3cü maddəsi ilə tərtib edilmiş 17 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-90/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-90/2022
18.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver