Məhkəmə qərarları › İş №3(005)-905/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-905/2022

12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-905/2022 12.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.6 və 327.8-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi X14i Şöbəsi tərəfindən 16 mart 2022-ci il tarixdə AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş protokoldan görünür ki, sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü və 77-ci maddəsinin tələbini pozaraq X2 idarə etdiyi “Angel EYE” markalı mopedlə toqquşaraq hadisə yerini tərk etmişdir. Hadisə zamanı sürücü X6 “Yüngül” dərəcəli bədən xəsarəti almış, hər iki nəqliyyat vasitələrinə maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Şəxs bildirmişdir ki, 03.02.2022-ci il tarixdə saat təxminən 10:00 radələrində özünə məxsus “Nissan Juke” markalı **-NP-*** dövlət nömrə nişanlı avtomobillə Z.Bünyadov prospekti ilə üzü Santral istiqamətinə doğru hərəkət edib geriyə dönmə əməliyyatı edərək dayanıb gələn maşına yol verib üzü Z.Bünyadov istiqamətinə doğru hərəkətinə saatda 50 km sürətlə davam etmişdir. Yoluna davam edərkən arxadan gələn avtomobil ona yaxın uzaq xəbəredici işıq etmiş, o isə elə anlamışdır ki, ona yol verilir. Mopedin onun avtomobilinə dəyməsini hiss etməmişdir. Həmin vaxtı maşında uca səslə musiqi dinləyirmiş. X2 ona qarşı şikayətinin olmamasını bildirmişdir. Barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: HK-1 №-138 nömrəli Raportdan görünür ki, 03.02.2022-ci il tarixdə saat 10:21-də vətəndaş X6 102 xidmətinə zəng vuraraq bildirdi ki, idarə etdiyi Mopedi Nissan markalı **- NP-*** dövlət nömrə nişanlı avtomobilin vurması və xəsarət alması barədə məlumat vermişdir. HK-2 №-1354 nömrəli raportdan görünür ki, 04.02.2022-ci il tarixdə saat 16:00-da, KTM-dən həkim İmranov məlumat vermişdir ki, YNH zamanı 1989-cu il təvəllüd X6 xəsarət alaraq müraciət etmişdir. “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 03 fevral 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Z.Bünyadov prospekti, yolun işlək hissəsi düz, yol örtüyünün vəziyyəti quru, nəqliyyat vasitəsi hadisə yerində olmamış, şin və tormoz izi aşkar edilməmişdir. Aparılan araşdırma zamanı X6 izahat verərək bildirmişdir ki, 03.02.2022-ci il tarixdə saat 09:45 radələrində özünə məxsus idarə etdiyi “Angel” markalı moped ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində köməkçi yolla Koroğlu MT-sı istiqamətindən üzü 20 Yanvar dairəsi istiqamətində avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş 3 zolaqdan ibarət avtomobil yolunda sağdan 1-ci zolaqla düzünə hərəkət edirdi. O, idarə etdiyi moped ilə düzünə hərəkətdə olan zaman Z.Bünyadov prospekti ilə 20 Yanvar dairəsi istiqamətindən üzü Koroğlu MT-sı istiqamətində hərərkət edən “Nissan Juke” minik markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Z.Bünyadov prospektində geriyə dönmə əməliyyatını həyata keçirib, Balaxanı yolu adlanan yerə getmək istəyən zaman onun əsas yolla gəldiyini görmədi və idarə etdiyi avtomobil ilə yola daxil oldu. Bu zaman onun idarə etdiyi mopedin ön hissəsi ilə həmin “Nissan Juke” minik markalı **-NP- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi toqquşmuşdur. Hadisədən sonra avtomobilin sürücüsü avtomobilini saxlamayıb və yoluna davam etmişdir. O xəsarət aldığını gördükdən sonra bu barədə polisə vermək qərarına gəlib. İstifadəsində olan mobil nömrə ilə DİN-nin 102 xidmətinə zəng edərək, baş vermiş hadisə barəsində məluma vermişdir. Bundan sonra Nərimanov RPİ-nin əməkdaşı hadisə yerinə gələrək araşdırma aparmağa başlamışdır. O da həmin araşdırmada iştirak etmişdir. Aparılan araşdırma zamanı X9 izahat verərək bildirmişdir ki, 03.02.2022-ci il tarixdə saat 10:00 radələrində özünə məxsus idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan 2008-ci il buraxılışlı “Toyota Prado” minik markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Koroğlu MT-sı istiqamətindən üzü 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olan zaman qeyd olunan prospektdə yerləşən Santral dükanının qarşısında inşa edilən yeraltı tunelin üst hissəsindən qəfil çıxaraq, ona və ounla eyni istiqamətdə baş yolda hərəkət də olan digər nəqliyyat vasitələrinə yol vermədən dairəvi yola daxil olmuş “Nissan Juke” minik markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobilin sağ yan qapı hissəsi ilə onun sağında düzünə hərəkətdə olan mopedin sol yan hissəsinə vurmuş, lakin dayanmadan hərəkətinə davam edib hadisə yerindən uzaqlaşıb getmişdir. O, bunu görən kimi “Nissan” markalı avtomobilin arxasınca sürüb ona işıq və səs siqnalları verərək, ondan dayanmasını və hadisə yerindən yayınmamasını tələb etsə də, sonuncu onun siqnallarına məhəl qoymayaraq hadisə yerindən uzaqlaşıb getmişdir. Bu səbəbdən o həmin avtomobilin foto şəklini istifadəsində olan mobil telefon vasitəsi ilə qeydə alıb hadisə baş verdiyi ünvana geri qayıdıb və mopedçiyə köməklik edib. 03.02.2022-ci il tarixli, 2/4162 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, müayinəsi aparılan sürücü Şəxs sərxoşluq halı müəyyən edilməmiş və hadisə zamanı ayıq olmuşdur. İş materialında olan X7 tərəfindən Nərimanov RPİ-nin rəisi Vaqif Müslümova ünvanlanmış 09.02.2022-ci il tarixli ərizədən görünür ki, 03.02.2022-ci il tarixdə özünə məxsus idarə etdiyi “Angel EYE” markalı moped ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olan zaman Şəxs idarə etdiyi “Nissan Juke” markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu vuraraq bədən xəsarəti yetirmişdir. Şəxs hadisədən sonra peşman olaraq ona vurmuş olduğu maddi və mənəvi ziyanı tam ödəmiş və barışmışlar. Bu səbəbdən də onun Şəxs barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 Nərimanov rayon şöbəsinin 08.02.2022-ci il tarixli, 113 nömrəli rəyindən görünür ki, X3 almış olduğu xəsarətlər – sol tərəfli postravmatik radikulapatiya və posttravmatik ağrı sindromu ilə müşayiət olunan sağ diz və sol dirsək oynağının şişkinli hematomaları, sol dizin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 03.02.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Bakı şəhəri Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı X1 tərəfindən qəbul olunmuş “Material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə” 16 fevral 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.6 və 327.8-ci maddələrinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmişşəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Bakı şəhər Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Bakı şəhər Nərimanov RPİ-nin X14 Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar