Məhkəmə qərarları › İş №3(005)-909/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-909/2021

29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-909/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər BPİ-nin DYPİ-dən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsi ilə İXP seriyalı ******* nömrəli, 26.03.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs 26 mart 2021-ci il tarixdə, saat 11:49 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində idarə etdiyi “VAZ 21074” minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü məhdudlaşdıran örtükdən istifadə etmişdir. Beləliklə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 3(005)- 909/2021 saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək “VAZ 21074” minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü məhdudlaşdıran örtük müsadirə edilməklə 500 (beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 26.05.2021-ci il tarixli, 3(103)-1229/2021 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək “VAZ 21074 minik” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü məhdudlaşdıran örtük müsadirə edilməklə 500 (beş yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 3(005)-909/2021 saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, 26.03.21ci il tarixində mülkiyyətində olan “VAZ 21074 minik” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Z.Bünyadov küçəsində dayanma-durma qadağan olunmayan yerdə dayandığı zaman YPX əməkdaşı ona yaxınlaşaraq guya avtomobilinin DQN-ını gizlətdiyini əsas gətirərək avtomobili duracağa yerləşdirilmişdir. Etirazlarına baxmayaraq bu qanunsuz əməlindən əl çəkməyən inspektor tələb etsə də heç protokol belə tərtib etmədən onu BŞBPİ BDYİ-nə, 5-ci otağa, Arzuman Arzumanlının yanına yönləndirmişdir. A.Arzumanlının yanına getdikdə ondan açıq açıq şəkildə rüşvət tələb edilmişdir. Bu qanunsuz əməlinə etiraz etdikdə “kimə istəyirsən şikayət et, mən deyirəmsə deməli elədir” kimi ifadələr işlədərək avtomobilin yalnız 500 AZN rüşvət qarşılığında cərimə meydançasından buraxılacağını demişdir. 9 gün süründürməçilikdən sonra 04.04.21-ci il tarixində ona qanunsuz olaraq Ağayev Rəsul adından İXP3874012 protokol tərtib olunmuş və avtomobilin cərimə meydançasından buraxılmışdır. 9 gün ərzində tələb etdiyi 500 AZN rüşvəti vermədiyi üçün avtomobilini cərimə meydançasında saxlamağı ona 200 AZN məbləğ itirməyinə səbəb olub. 06.04.2021-ci il tarixdə bu barədə X4 cənab Vilayət Eyvazova şikayət məktubu ünvalayıb. 22.04.2021 tarixində yaşadığı ünvana Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən bildiriş göndərilmişdir. Bildirişdə Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında işin baxılması üçün 05 may 2021-ci il tarixə, saat 10:00 üçün Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin inzibati binasına məhkəmə iclasına dəvət olunmuşdur. Sözü gedən tarixdə və vaxtda göstərilən ünvanda olmasına baxmayaraq ona məhkəmənin 03 may 2021-ci il tarixində keçirilib və artıq barəsində qərarın verilməsi haqda məlumat verilmişdir. Sənədin nüsxəsini götürdükdə 342.9-cu maddəyə əsasən inzibati xəta törətməsi və Bakı Şəhər Baş Polis İdarəsi X5i idarəsi tərəfindən 13.01.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilərək baxılması barədə hissəsində protokolun tarixinin yalnış olduğu, həmçinin məhkəməyə çağırış sənədi ilə məhkəminin keçirildiyi tarixlərin fərqli vaxtlarda olması birbaşa onun məhkəmədə iştrakını əngəlləmək üçün nəzərdə tutulduğunu və qərarın qanunsuz olduğunu göstərir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsində nəzərdə tutulan xətanın tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin əməkdaşı X1 tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli, 26.03.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, «VAZ 21074» minik markalı, **-MM- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində, dövlət qeydiyyat nişanlarının görünüşünü çətinləşdirən örtüklərdən istifadə edilmişdir. İş materiallarında olan “Nəqliyyat vasitəsini mühafizə olunan duracağa yerləşdirilməsi barədə” 26.03.2021-ci il tarixli aktdan görünür ki, 26.03.2021-ci il tarixdə saat 11:49 radələrində «VAZ 21074» minik markalı, **-MM-*** nəqliyyat vasitəsi öz hərəkəti ilə “SİQNAL” İLİ-nin 17 saylı mühafizə olunan duracağına yerləşdirilmişdir. Nəqliyyat vasitəsində əzilmiş hissələr olmamış, banında yük olmamış, salonda qiymətli əşyalar və pul olmamışdır. Nəqliyyat vasitəsini saxlanması üçün “Əsədov” soyadlı şəxs qəbul etmişdir. İş materiallarında olan 26.03.2021-ci il tarixli Aktın surətindən görünür ki, 1. Bakı şəhər BPİ DYPİ İdarəsinə bilavasitə tabe olan YPX X2 Hissəsinin rəisi polis mayoru Cabir Hüseynov; 2. Bakı şəhər BPİ DYPİ İdarəsinə bilavasitə tabe olan YPX Alayı YPX baş inspektoru polis mayoru Talıb Qasımov; 3. Bakı şəhər BPİ DYPİ İdarəsinə bilavasitə tabe olan YPX X2 Hİssəsinin kiçik inspektoru polis serjantı Emin Şəmilov həmin aktı tərtib etmişlər ondan ötrü ki, vətəndaş Şəxs məxsus “VAZ 21074 minik” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən 26 mart 2021-ci il tarixdə götürülmüş örtüklər Bakı şəhəri BPİ-nin DYPİ-nin maddi saxlanc otağına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, “VAZ 21074 minik” markalı **-MM-*** dövlət qeydiyyat nişanın üzərində örtük vardır. Azərbaycan Respublikası İXM-nin 93-cü maddəsinin tələbinə görə baxış zamanı aşkar edilmiş əşyaların növü, miqdarı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar tərtib edilmiş protokolda göstərilməli, maddi sübutların qeydə alınması məqsədi ilə fotoşəkillərin, videoyazıların aparılması tətbiq edilməli, protokolda fotoşəkillərdən, videoyazıdan istifadə edilməsi barədə qeyd aparılmalı və əldə edilmiş materiallar müvafiq protokola əlavə olunmalıdır. Lakin hazırki iş üzrə bu tələblərə də əməl edilməmişdir. Həmin protokolda avtomobilin dövlət qeydiyyat nişanın örtüklə örtülməsi aşkar edilməsi qeyd olunmasına baxmayaraq, həmin örtüyün götürülməsi və onun xüsusi əlamətləri barədə heç bir qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikası İXM-nin 69.2-ci maddəsinə görə şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Azərbaycan Respublikası İXM-nin 93.2-ci (Nəqliyyat vasitəsinə baxış) maddəsinə görə nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə aparılır. Təxirə salınmayan hallarda nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsinin sahibinin iştirakı olmadan videoyazı aparılmaqla keçirilə bilər. 93.3-cü maddəyə görə nəqliyyat vasitəsinə baxış haqqında protokol tərtib olunur və bu protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; nəqliyyat vasitəsinin sahibi barəsində məlumatlar; nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün əsaslar; nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar; aşkar edilmiş əşyaların növü, miqdarı və digər eyniləşdirmə əlamətləri, o cümlədən silahın markası, modeli, seriyası və nömrəsi, döyüş sursatının növü və miqdarı barədə məlumatlar; aşkar edilmiş sənədlərin növü və rekvizitləri göstərilir. Lakin məhkəmə araşdırması zamanı müyyən edilmişdir ki, 26 mart 2021-ci il tarixli İXP ******* nömrəli protokola nəqliyyat vasitəsinə baxış keçirilməsi, görünüşü məhdudlaşdıran örtüyün müsadirə edilməsi və onların xüsusi əlamətləri, baxış zamanı istifadə edilən texniki vasitələr barədə protokol əlavə edilməmişdir. 26 mart 2021-ci il tarixli İXP ******* nömrəli protokola printer cihazından çıxarılmış A4 formatında şəkil əlavə edilsə də, həmin şəkilin hansı yolla əldə edilməsi, necə və hansı nəqliyyat vasitəsindən aşkarlanması barədə heç bir qeyd əlavə edilməmiş və buna dair mötəbər sübutlar işə əlavə edilməmişdir. Ehtimal edilsə ki, şəkili işə əlavə edilmiş örtük, sözü gedən nəqliyyat vasitəsindən aşkar edilmişdir, bu halda belə örtüyün dövlət qeydiyyat nişanın üzərinə Şəxs tərəfindən quraşdırılmasını məhkəmə baxışı zamanı iş materialları əsasında müəyyənləşdirmək qeyri-mümkündür. Protokol tərtib etmiş qurum tərəfindən isə götürülmüş örtüyün məhkəməyə təqdim edilməsi və mütəxəssis cəlb edilərək təkrar baxış keçirilməsi mümkün olmamışdır. Beləliklə məhkəmə müəyyən etmişdir ki, nəqliyyat vasitəsinə baxış keçirilməsi və müsadirə edilməsi barədə protokol tərtib etməməklə Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, qanuna zidd olaraq əldə edilmiş sübutlar məhkəmə tərəfindən qəbul edilə və istifadə oluna bilməz. Təqsirsizlik prezumpsiyasına əsasən barəsində protokol tərtib edilmiş Şəxs öz təqsirsizliyini sübut etmək vəzifəsi olmadığından mövcud şübhələr onun xeyrinə həll edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 76-cı maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 3-cü (İnzibati məsuliyyətin əsasları) maddəsinə görə yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 8-ci (Təqsirsizlik prezumpsiyası prinsipi) maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-53.0.2-ci maddələrinə görəinzibati xəta hadisəsi və əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Şərh olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli, 26.03.2021-ci il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar