Məhkəmə qərarları › İş №3(005)-918/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-918/2022

12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-918/2022 12.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-0553/22 nömrəli, 18 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" QSC-nin adına Latviya Respublikasından idxal edilmiş və **********7112 sorğu nömrəli 15.03.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair əvvəlcədən təqdim edilmiş **********5134 sorğu nömrəli elektron qaydada qısa idxal bəyənnaməsində mallara dair məlumatlar düzgün göstərilsə də, sözü gedən malların idxal edildiyi nəqliyyat vasitəsinin nömrəsinin düzgün göstərilmədiyi, belə ki, idxal olunan mallar ölkə ərazisinə faktiki olaraq YX 406777 qoşqu nömrəli nəqliyyat vasitəsilə gətirilsə də, qısa idxal bəyannaməsində nəqliyyat vasitəsinin qoşqu nömrəsinin YX907867 nömrəli göstərildiyi aşkar edilmişdir. Bununla da Şəxs QSC-nin barəsində İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16.03.2022-ci il tarixli raportdan görünür ki, Şəxs QSC-nin ünvanına 15.03.2022-ci il tarixində M667AM67/YX406777 nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün, **********7112 nömrəli GB-si (61 proseduru) tərtib edilmişdir. Yük üçün yazılan **********5134 saylı QİB-də qoşqunun nömrəsi səhv qeyd edilmişdir; 15.03.2022-ci il tarixli, **********7112 nömrəli gömrük bəyannaməsinin 18-ci qrafasından görünür ki, Şəxs QSC tərəfindən idxal olunan malların idxal edildiyi nəqliyyat vasitəsinin nömrəsi YX 406777 göstərilmişdir. 02.03.2022-ci il tarixli, **********45134 nömrəli qısa idxal bəyannaməsinin 21-ci qrafasından görünür ki, Şəxs QSC tərəfindən malların idxal edildiyi nəqliyyat vasitəsinin nömrəsi YX 907867 göstərilmişdir. “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi”ndən çıxarışdan görünür ki, Şəxs QSC-nin ünvanına YX 406777 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə 15.03.2022-ci il saat 04:19-da daxil olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Yük üçün yazılan **********5134 saylı QİB-də qoşqunun nömrəsi səhv qeyd edilmişdir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 146-cı maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir; 148-ci maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək bəyannaməçinin vəzifəsidir. İXM-in 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsinin izahatında göstərdiyi xüsusatlara dair qeyd edir ki, bəyanetmə - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsidir. Gömrük bəyannaməsi bəyannaməçi tərfindən tərtib edilərək gömrük orqanlarına qanunvericiliklə müəyyən olunmuş qaydada, vaxtda təqdim edilməlidir və həmin bəyannamədə göstərilən məlumatlar təhrif olunmamalıdır (Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1, 146, 148-ci maddələri). Yəni, bəyannamənin düzgün tərtib edilməməsi ilə bağlı məsuliyyət bəyannaməçinin üzərinə düşür və bu səbəbdən də İXM-in 485.1-ci maddəsində Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına təhrif olunmuş məlumatın verilməsinə görə məsuiyyət nəzərdə tutulmuşdur. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs QSC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs QSC İXM-in 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar