Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-920/2025 10.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Şikayətçi- X1 iştirakı ilə, X1 AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ/24709024 nömrəli, xx.xx.2024-cü tarixli və EQ/24724899 nömrəli, xx.xx.2024-cü tarixli inzibati xətaya dair inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv olunmasına dair şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ/24709024 nömrəli, xx.xx.2024-cü tarixli və EQ/24724899 nömrəli, xx.xx.2024-cü tarixli inzibati xətaya dair inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv olunmasına dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə idarə etdiyi “Mercedes” markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri AK.Həsən Əlieyv küçəsində dayanma-durma qaydalarını pozmağı haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında elektron qərarlar tərtib edilmişdir. Araşdırma zamanı törətmiş olduğ inizbati xətaların aşkar olunması və sənədləşməsində hüquqazidd hərəkətlərin yol verilməsi halları müəyyən edilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixində təxminən saat 12:40-a AK.Həsən Əliyev küçəsindən keçərkən, aptekdən dərman almaq məqsədi ilə, avtomobilni kənara verib saxlamışdır. Saxlamadan öncə yolun hər iki tərəfində yuxarı-aşağı baxaraq, “dayanma-durma qadağandır” işarəsinin olubolmamasını yəqin etdikdən sonra maşınını 2-3 dəqiqə saxlayıb, aptekə girib, dərman almış sonra da aptekdən çıxıb evə getmişdir. Daha sonra ona cərimə olunması barədə sms bildiriş gəlmişdir. Səhəri gün qeyd edilən yerə yenidən dayanma-durma işarəsinin olub-olmamasını yoxlamağa getmiş və ağacın sıx budaqları arasında qeyd ediln işarənin olduğunu görmüş və çaşqın vəziyyətə düşmüşdür. Daha sonra DİN əməkdaşlarına müraciət edərək qeyd edilən yerdə baş vermiş nöqsanın aradan götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini müdafiə edərək bildirdi ki, AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş əsassız EQ/24709024 nömrəli, xx.xx.2024-cü tarixli və EQ/24724899 nömrəli, xx.xx.2024-cü tarixli inzibati xətaya dair inzibati tənbeh vermə haqqında elektron qərarlar qanunsuzdur və həmin qərarların ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ/24709024 nömrəli, xx.xx.2024-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X3 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 20 manat miqdarında cərimə edilmişdir. Qərarın məzmunudan görünür ki, sürücü X3 xx.xx.2024-cü il tarixdə saat 12:41:47-də ünvan 1 ünvanı ərazində “Mercedes Benz 240” markalı **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş əmələ görə 20 manat cərimə edilmişdir. AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ/24724899 nömrəli, xx.xx.2024-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X3 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 20 manat miqdarında cərimə edilmişdir. Qərarın məzmunudan görünür ki, sürücü X3 xx.xx.2024-cü il tarixdə saat 12:59:42-də ünvan 1 ünvanı ərazində “Mercedes Benz 240” markalı **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş əmələ görə 20 manat cərimə edilmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ/24709024 nömrəli və xx.xx.2024-cü tarixli, EQ/24724899 nömrəli, xx.xx.2024-cü tarixli inzibati xəta haqqında inzibati tənbeh vermə haqqında elektron qərarlar ləğv edilməli, işə yenidən baxılması AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xətanın mövcudluğu ilə razılaşmayan X2 barəsində tərtib edilən inzibati xəta haqqında protokola baxılarkən onun iştirakı təmin edilməmiş, araşdırma düzgün aparılmamış və barəsində inzibati qaydada cərimə olunmasına dair qərar qəbul edilmiş, həmçinin hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, halbuki sübutetmə yükü məhz onun üzərinə düşür (İXM-8.2). İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X3 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X3 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ/24709024 nömrəli, xx.xx.2024-cü tarixli, EQ/24724899 nömrəli və xx.xx.2024-cü tarixli inzibati xətaya dair inzibati tənbeh vermə haqqında elektron qərarlar ləğv edilməli, X3 barəsində işə yenidən baxılması AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 İXM-in 346.1-ci maddəsi ilə cərimə olunmasına dair AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ/24709024 nömrəli, xx.xx.2024-cü tarixli və EQ/24724899 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında elektron qərarlar ləğv edilsin və işə yenidən baxılması AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-920/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-920/2025
10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver