Məhkəmə qərarları › İş №3(005)-928/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-928/2024

04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-928/2024 04.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov RPİ-nin 16-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verilmiş şikayət barədə X4 ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ ******* saylı qərarını ləğv edərək, iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X2 məhkəmə iclasında qeyd etdi ki, o mülkiyyətində olan ov silahını 2006-cı il tarixdə Nərimanov rayon Polis İdarəsində qeydiyyata aldırmışdı. Həmin tarixdən bu günə kimi silah onun mülkiyyətindədir. Lakin bir dəfə də olsun belə həmin ov silahından istifadə etməmişdir. 2008-ci il tarixdən X5 ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Uzun illər keçdikdən sonra xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən ona zəng gəldi və ondan hazırda harada qeydiyyatda olmağı ilə bağlı soruşuldu. Halbuki, bunu polis idarəsində soruşmadan da müəyyən etmək mümkündür. X5 bildirmişdir ki, ünvan 2 ünvanında qeydiyyatdadır, orada da yaşayır. Onu polis idarəsinə dəvət etmişlər ki, gəlib ərizə yazıb onun işini qeydiyyatda olduğunu rayonun Polis İdarəsinə göndərsinlər. X5 getmiş və orada ondan izahat almışlar ki, Binəqədi rayonunda qeydiyyatdadır, sənəd qovluğunu Binəqədi RPİ nə göndərsinlər. Sonradan ona bildirmişlər ki, ünvanı dəyişməyi ilə bağlı məlumat vermədiyinə görə cərimə olunacaqdır. X5 isə bunun düz olmadığını və qanuna zidd olduğunu bildirmişdir. Belə ki, 17 ildir həmin ov silahı X3r bir dəfə olsun silahın yararlı olub olmamasına dair baxış keçirilməmişdir. Lakin əsasız yerə o cərimələnmişdir. Onun narazılığından sonra polis əməkdaşı bildirmişdir ki, narazı olduğu halda şikayət edə bilər. xx.xx.2024-cü ildə SMS gəldi ki, qərar var X5 AR İXM 588-ci maddəsi ilə 80 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə etdiyi Nərimanov RPİ-nin tərtib etdiyi EXP ******* saylı protokola və EPQ ******* saylı qərara nəzər yetirərkən müəyyən olunur ki, nə protokol nə də qərar qanuna uyğun tərtib edilməmişdir. Belə ki, həm protokolu, həm də qərarın müəyyən etdi hissəsinə nəyi müəyyən ediblər ona məlum deyil. Qısa olaraq maddəni göstərib cərimə ediblər. Bu yolverilməzdir, belə qərarlar ləğv olunmalıdır. X4 adında və istifadəsində olan telefon nömrəsi 25 ildən artıqdır ki, onun istifadəsindədir, həmin nömrəyə bir dəfə olsun nə zəng edilməyib nə də SMS göndərilməyib ki, silaha baxış keçirmək istəyirlər. Bundan başqa bir dəfə olsun nə indi yaşadığı, nə də əvvəl yaşadığı ünvana silaha baxış keçirməklə bağlı bildiriş göndərilməmişdir. Halbuki, qaydala əsasən ən azı ildə bir dəfə silaha baxış keçirilməli və yararlı olub-olmaması müəyyən edilməlidir. Bu günkü günədək bir dənə belə akt tərtib olunmamışdır. Hesab olunur ki, vəzifə səlahiyyətlərindən istifadə edərək belə bir qərar verilməsi tam qanunsuzdur və yolverilməzdir. O, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ ******* saylı qərarını ləğv edərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-ci Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 142.2-ci maddəsinə əsasən işə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, ərizənin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Nərimanov RPİ-nin 16-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nərimanov RPİ-nin 16-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 588-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 80 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin Nərimanov Rayon Polis İdarəsi tərəfindən verilmiş №285 saylı şəhadətnamədən görünür ki, X5 yivsiz ov tüfənginin saxlanması və təyinatı üzrə istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 588-ci maddəsinə əsasən mülki silahın qeydiyyatı qaydalarının pozulmasına görə-səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). “Xidməti və mülki silah” haqqında Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinin 1-ci bəndinə əsasən mülki silah sahibinin aşağıdakı hüquqları vardır: 1) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada əldə edilmiş mülki silaha və döyüş sursatına sahib olmaq, istifadə etmək və sərəncam vermək; 2) mülki silahı könüllü və ya rekvizisiya üzrə təhvil verərkən bunun üçün kompensasiya almaq. “Xidməti və mülki silah” haqqında Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinin 2-ci bəndinə əsasən Vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi olan şəxs xüsusi icazə olmadan həmin silahın döyüş sursatlarını hazırlaya bilər. “Xidməti və mülki silah” haqqında Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinin 3-cü bəndinə əsasən Mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli; 3) silahın və ya döyüş sursatının başqa şəxsin ələ keçirməsini və yaxud onlardan istifadə etməsini istisna edən şəraitdə saxlanılmasını təmin etməli; 4) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada buna səlahiyyət verilmiş əməkdaşları silah saxlanılan yerə buraxmalı və onlara zəruri sənədi — müvafiq olaraq mülki silahın əldə edilməsinə xüsusi icazəni və yaxud vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməni təqdim etməli; 5) silahın və döyüş sursatlarının itməsi barədə dərhal Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov RPİ-nin 16-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 588-ci maddəsində nəzərdə tutulmuş X5 tərəfindən mülki silahın qeydiyyatı qaydalarının hansı formada pozulması dəqiq göstərilməmiş, X5 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhəri Nərimanov RPİ-nin 16-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 11, 40, 43, 48-52, 118 və 145 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 İXM-in 588-ci maddəsi ilə təqsirli bilinərək barəsində 80 manat cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında Bakı şəhəri Nərimanov RPİ-nin 16-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar