Məhkəmə qərarları › İş №3(005)-934/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-934/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-934/2023 28.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X6 nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 451-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş 16 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti 36F ünvanında Şəxs MMC-yə məxsus aptekdə xx.xx.2023-cü il tarixdə saat 12:00-da nəzarət markası olmayan dərman vasitələrinin satış məqsədilə saxlanması aşkar edilmişdir. Bununla da Şəxs MMC tərəfindən İXM-nin 451-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X6 nümayəndəsi X2 protokola uyğun çıxış edərək Şəxs MMC-yə məxsus aptekdə nəzarət markası ilə markalanmamış dərman vasitələrinin satış məqsədi ilə aşkar edilməsinin nəzərə alınmasını və cəmiyyətin inzibati tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən eldə edilmiş 07 mart 2023cü il tarixli, KY231899602 saylı çıxarışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli, 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi haqqında Əsasnamənin 8.5-ci maddəsində əsasən Şəxs MMC-nin ünvanına plan üzrə yoxlanılma keçirilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilən 02 (iki) növ dərman şəkillərindən (Bonaset və Tonsilgon N) aydın olur ki, dərman vasitələri nəzarət markası ilə markalanmamışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 451-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və inzibati qaydada təhbeh edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.5-ci bəndinə görə plan üzrə (növbəti) yoxlama - risk qiymətləndirilməsi sisteminə və yoxlamaların aparılmasının bu Qanunla müəyyənləşdirilmiş dövriliyinə uyğun olaraq əvvəlcədən tərtib olunan yoxlama planı əsasında aparılan yoxlamadır. Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” Qanununun 8.2-ci maddəsinə əsasən dərman vasitələrinin üzərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası yapışdırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 451-ci maddəsinə əsasən nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, satılmasına və ya digər üsullarla yayılmasına görə - nəzarət markası olmayan mallar, məmulatlar və məlumat materialları müsadirə edilməklə, onların hər birinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs hüquqi şəxs Şəxs MMC-yə istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ŞəxsMəhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 451-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 451-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar