Məhkəmə qərarları › İş №3(005)-941/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-941/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-941/2023 14.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi-müfəttiş X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi – “Mütəllimov və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 253.5.1-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 253.5.1-ci maddələri ilə MN seriyalı, ******* nömrəli, 10 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokolda göstərilmişdir ki, Əliyar Əliyev küçəsi xx.xx.2023-cü il tarixdə tikinti işləri zamanı əmələ gələn inşaat, məişət, plastik və s tullantıların yaşıllıq ərazisinə atılması və üç ədəd köküstə yaş ağacın zədələnməsi aşkar edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi-müfəttiş X3 məhkəmə iclasında tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs tərəfindən Əliyar Əliyev küçəsi xx.xx.2023-cü il tarixdə tikinti işləri zamanı əmələ gələn inşaat, məişət, plastik və s tullantıların yaşıllıq ərazisinə atılmış və nəticədə üç ədəd köküstə yaş ağacın zədələnmişdir. “Yaşıllığın mühafizəsi haqqında” Qanunda göstərilir ki, ağaca ziyan vurulması onun tamlığının pozulması deməkdir. Ərazidə tikinti işləri Şəxs MMC tərəfindən aparıldığından həmin tullantıların MMC tərəfindən aparılması qənaətinə gəlmişdir. Hesab edir ki, protokolda qeyd edilən tullantılar Şəxs MMC tərəfindən inşa edilmiş binada yaşayan, mənzillərini təmir edən sakinlər tərəfindən atılsa belə, məsuliyyəti MMC daşıyır. Həmin tullantıları atan vətəndaşlar barədə onlara məlumat verilərsə, onlar barəsində protokolun tərtib edilməsi mümkündür. Yekunda məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi – “Mütəllimov və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil məhkəmə iclasında tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarının icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri Nərimanov RİH Başçısının 08 iyun 2018-ci il tarixli, 243 nömrəli sərəncamı ilə Heydər Əliyev prospekti ilə Əliyar Əliyev küçələrinin kəsişməsində 2.13 ha torpaq sahəsində sökülmüş qəzalı binaların yerində Şəxs MMC-yə yaşayış binalarının tikintisinə icazə verilmişdir. Sərəncama əsasən Şəxs MMC-nə Heydər Əliyev prospekti ilə Əliyar Əliyev küçələrinin kəsişməsində qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyriyaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Şəxs MMC tərəfindən yuxarıda göstərilən istiqamətdə inşaat işləri görülmüş, nəticədə qeyd edilən ərazidə binalar inşa edilərək vətəndaşlar mənzillərlə təmin edilmişdir. 2020-ci ildə qeyd edilən ərazidə faktiki olaraq 300-dən artıq mənzil vətəndaşlara təhvil verilmişdir. Sakinlər öz mənzillərində mütəmadi olaraq təmir işləri aparırlar və mənzillərdə əmələ gələn tikinti qalıqları MMC tərəfindən quraşdırılmış qurğu vasitəsi ilə həyətə endrilərək MMC-nin vəsaiti hesabına ərazidən kənara tullantı zonalarına daşınır. Lakin, bəzi hallarda təmir işlərini aparan vətəndaşlar bu qaydalara riayət etməyərək həm mənzillərində olan ərzaq tullantılarını, həm də təmir zamanı artıq qalan tikinti materiallarını MMC-nin ərazisinə atırlar. Bu barədə onlara dəfələrlə xəbərdarlıq edilmişdir. Qeyd edilən tullantılar vənətdaşlar tərəfindən gecə vaxtı atıldığından çox vaxtı həmin şəxslərin kimliyini də müəyyən etmək olmur. Lakin, yenə də MMC öz vəsaiti hesabına ərazidə olan tullantıların daşınmasını təmin edir. Şirkət tərəfindən ərazidə və mənzillərdə hər hansı tikinti işləri həyata keçirilmədiyindən protokolun tərtib edilməsinə əsas olmuş tullantıların MMC tərəfindən atılması mümkün deyildir. Materiala əlavə edilmiş fotoşəkillərdən də müəyyən olunur ki, atılmış tullantıların əksəriyyətini marketlərdə istifadə olunan selfon torbalara yığılmış ərzaq tullantıları təşkil edir. Əlavə olaraq bildirmişdir ki, protokol heç bir araşdırma aparılmadan, MMC-nin nümayəndəsinin izahatı alınmadan, ümumiyyətlə həmin ərazidə tikinti işlərinin hansı şirkət tərəfindən həyata keçirilməsini müəyyən etmədən kortəbi olaraq tərtib edilmişdir. İnzibati xətalar qanunvericiliyinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilənləri nəzərə alaraq MMC-nin hərəkətlərində inzibati xəta tərkibinin olması öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş MMC-nin əməkdaşı X6 izahatında göstərmişdir ki, o, rəsmi olaraq Şəxsndə işləyir. MMC-də həyata keçirilən tikinti işlərinə, sakinlərin mənzillərində təmir etmə saatlarına və əraziyə nəzarət edir. Qeyd edilən ərazidə Şəxs MMC tərəfindən inşa edilmiş binalar uzun müddətdir ki, sakinlərin istifadəsinə təhvil verilmişdir. Binada yerləşən mənzillərin əksəriyyətində yaşayış vardır, digər mənzillərdə isə təmir işləri aparılır. Mənzillərində təmir aparan vətəndaşlar tullantıları MMC-nin quraşdırdığı qurğu vasitəsi ilə həyətə endirirlər və həmin tullantılar MMC-nin vəsaiti hesabına ərazidən kənara daşınır. Ərazinin təmiz saxlanılmasına mütəmadi olaraq nəzarət edilir. Amma bəzən olur ki, təmir işlərini həyata keçirən vətəndaşlar gizlin olaraq gecə vaxtlarında təmir və ərzaq tullantılarını binanın ərazisinə atırlar. Həmin tullantılar ərazidən mütəmadi olaraq daşınır. MMC tərəfindən mənzillərdə hər hansı təmir işləri həyata keçirilmədiyindən protokolun tərtib edilməsinə əsas olmuş tullantıların MMC tərəfindən atılması mümkün deyildir. O, iş vaxtlarında ərazidə olur və Nazirliyin əməkdaşlarının MMC-yə gəlib protokol tərtib etməsindən məlumatı olmamışdır. Əks halda həmin tullantıların hansı sakinlər tərəfindən atılması barədə məlumatlar da təqdim edə bilərdi. Hazırda ərazi tam olaraq MMC-nin vəsaiti hesabına təmizlənmişdir. Orada olan yabanı halda bitən ağaclar isə yaşıl olmamış, baxımsızlıqdan qurumuş ağaclar olmuşdur. Ağacların zədələnməsi barədə yazılanlar həqiqəti əsk etdirmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 78440 nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, idarəsinin xx.xx.2023-cü il tarixli, 049 nömrəli sərəncamına əsasən “Ətraf mühitin mühafizəsi haqqında” və digər ekoloji qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarət məqsədi ilə tərəflərindən ünvan 1 ünvanına baxış keçirilmişdir. Baxış zamanı tikinti aparılan hündürmərtəbəli binaların hasarlarının yaxınlığındakı təxminən 25-30 km ərazidə çoxlu miqdarda qarışıq tullantıların atıldığı aşkar edilmişdir. Araşdırma zamanı tullantıların yaşıllıq ərazisinə atıldığı, yaşıllıq ərazisindəki ağacların kök ətraf sahələrinin tullantılarla tullantılarla çirkləndiyi və yuxarı mərtəbədən atılan tullantılar səbəbindən bioloji inkişafda olan 03 ədəd ayland ağacının üst budaqlarının sındırılaraq zədələndiyi müəyyən edilmişdir. Məhkəmə iş üzrə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 253.5.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə - vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.5.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə-fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər dörd yüz manat miqdarında, hüquqi şəxslər iki min manat miqdarında cərimə edilir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlar və tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, iş materillarına yoxlama aktı və əraziyə atılmış tullantıların fotoşəkilləri əlavə edilsə də, həmin tullantıların Şəxs tərəfindən atılmasının həqiqiliyi və bunun nəticəsində qeyd olunan ərazidə olan ağacların zədələnməsinə dair inzibati orqan tərəfindən hər-hansı araşdırma aparılmamışdır. İşin həqiqi halları ilə müəyyən olunur ki, protokol tərtib edilərkən səlahiyyətli şəxs tərəfindən iş üzrə ətraflı araşdırılma aparılmamış, MMC-nin nümayəndəsinin izahatı alınmamış, tullantıların olduğu ərazinin Şəxsnə aid olmasına dair hər hansı rəsmi sənəd olub-olmaması müəyyən edilməmiş, həmçinin tullantıların atılması nəticəsində ağacların həqiqətən də zədələnməsi, ağacların əvvəlcədən yaşıl olub-olmaması, ağaclarda zədələnmə olduğu halda bunun Şəxs tərəfindən həyata keçirilmiş tikinti işləri nəticəsində baş verməsi müəyyən olunmamış, yalnız Şəxs barəsində həyata keçirilmiş yoxlama aktı və kim tərəfindən atılması müəyyən edilməyən tullantıların fotoşəkilləri əsas götürülərək inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış ziddiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Bundan başqa məhkəmə şahid X4 məhkəmə iclasında binanın uzun müddətdir ki, sakinlərə təhvil verilməsi, əksər mənzillərdə sahibləri tərəfindən təmir işlərinin aparılmasını və aşkar edilmiş tullantıların əsasən bina sakinləri tərəfindən gecə saatlarında atılması barədə səsləndirdiyi ifadəsini inandırıcı hesab edir və qeyd edir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, yaşayış binası sakinlərə təhvil verilmiş və sakinlər tərəfindən müvafiq təmir işləri aparılmışdır (bəzi mənzillərdə kondisioner və istilik sistemləri quraşdırılmışdır). Protokolu tərtib etmiş Nazirliyin nümayəndəsi də bu halları təkzib etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 48-ci maddəsinə görə, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55,114.1.4, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 253.5.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar