Məhkəmə qərarları › İş №3(005)-953/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-953/2021

16.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-953/2021 16.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi - X1 iştirakı ilə, Şikayətçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (vəzifəli şəxs) X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı 12 aprel 2021-ci il tarixli inzibati tənbeh verilmə haqqında qərarın ləğv edilməsi, tərəfindən ödənilmiş 1500 manat cərimə məbləğinin ona geri qaytarılması və inzibati iş üzrə icraata xitam verilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayətçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (vəzifəli şəxs) X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı 12 aprel 2021-ci il tarixli inzibati tənbeh verilmə haqqında qərarın ləğv edilməsi, tərəfindən ödənilmiş 1500 manat cərimə məbləğinin ona geri qaytarılması və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, X11 Xidməti Tərəfindən barəsində 12 aprel 2021-ci il tarixdə İXM-nin 469.2-ci maddəsi ilə inzibati qərar qəbul olunmuşdur. Qərarın qəbul olunmasına əsas və səbəb qanuni təmsilçisi olduğu “xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin (17nəfər) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmasının təmin edilməməsi olmuşdur. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Həmin qərar qəbul olunarkən, həm maddi hüquq normaları həm də prosessual hüquq normaları pozulmuşdur. Belə ki, inzibati xəta haqqında qərar qəbul olunarkən artıq inzibati xətaya cəlb etmə müddəti keçmişdir. Belə ki, inzibati icraatın başlanılmasına səbəb İcbari Sığorta bürosu tərəfindən daxil olmuş 11 dekabr 2020-ci il tarixli məktub olmuşdur. Yəni inzibati xətanın aşkara çıxarıldığı tarix 11 dekabr 2020-ci il ildir. inzibati xəta haqqında qərar isə 12 aprel 2021-ci il tarixdə tərtib edilmişdir. İXM-nin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İXM-nin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Göründüyü kimi inzibati xəta haqqında qərar inzibati xətanın aşkara çıxarıldığı vaxtdan 3 ay sonra qəbul olunmuşdur ki, bu da onun ləğv olunmasına əsasdır. İkincisi həmin inzibati xəta ilə bağlı həm “xxxx" MMC barəsində hüquqi şəxs qismində (0688322 nömrəli), həm də ki, onun barəsində vəzifəli şəxs qismində (0688323 nömrəli) protokol tərtib edilmişdir. Eyni inzibati xəta ilə həm hüquqi şəxs, həmdə ki, vəzifəli şəxs qismində inzibati protokolun tərtib olunması tam qanunsuzdur. Belə ki, İXM-nin 9-cu maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X3 çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin birinci hissəsinə əsasən, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Bu məqsədlə tərəfimizdən X10 Alt Sistemi vasitəsilə icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərə müvafiq xəbərdarlıq edilib. Daxil olmuş müraciətlərin araşdırılması və “Əmək müqaviləsi bildirişləri” təhlil altsisteminə 18 fevral 2021-ci il tarixində yenidən baxış keçirən zaman tərəfinizdən bir neçə işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanılmadığı və inzibati xəta əlamətlərinin olması müəyyən edilmişdir. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən AR Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin (17 nəfər) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Həmçinin şikayət vermiş şəxs ərizəsində MMC tərəfindən törədilmiş inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsinin müddətinin keçdiyini qeyd etmişdir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, AR İXM-nin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hazırki iş üzrə qeyd edilən xəta İXM-nin vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalar adlı 36-cı fəslini əhatə edir. Həmin xətaya görə isə inzibati məsuliyyətə cəlb edilmə müddəti 01 il nəzərdə tutulmuşdur. Odur ki, şikayət tam əsassızdır. Odur ki, rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayət vermiş şəxsə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, inzibati xəta haqqında materialı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (vəzifəli şəxs) X7 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə 30 mart 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, MMC AR Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin (17 nəfər) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 07.04.2020-ci il tarixli 158TAS7000202 nömrəli X10ndən görünür ki, işəgötürən X15 oğlu X4 18.07.2019-cu il tarixdə direktor vəzifəsinə təyin etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib etdiyi 12 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat miqdarında inzibati cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (vəzifəli şəxs) X7 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin (17nəfər) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunması təmin olunmamışdır. Həmçinin qeyd olunan inzibati xətanın törədilib-törədilməməsi faktının araşdırılması ilə bağlı inzibati araşdırmanın aparılması üçün hüquqi şəxsin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə dəvət olunmasına dair bildiriş məktubu da göndərilmişdir. Digər tərəfdən inzibati xəta haqqında şikayət vermiş şəxs ərizəsində onun tərəfindən inzibati xəta üzrə məsuliyyətə cəlb edilmənin 3 aylıq müddətinin bitdiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, AR İXM-nin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. X7 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin (17nəfər) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmasının təmin olunmamasına dair məsuliyyəti nəzərdə tutan AR İXM-in 469.2-ci maddəsi həmin məcəllənin 36-cı fəslini, yəni “Vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalar adlı” fəslini əhatə edir. Azərbaycan Respublikası İnzibati xətalar qanunveciliyinin tələblərinə əsasən isə vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın qərarının əsassız, heç bir araşdırma və ya əlavə sübut əldə edilmədən qəbul edilməsinə dair hər-hansı mötəbər sübut məhkəmə araşdırması zamanı əldə edilməmiş və ya məhkəməyə təqdim olunmamışdır. Əksinə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (vəzifəli şəxs) X7 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin (17nəfər) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmasının təmin olunmaması bir daha məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Bununla da məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (vəzifəli şəxs) X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı 12 aprel 2021-ci il tarixli inzibati tənbeh verilmə haqqında qərarından verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayətçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (vəzifəli şəxs) X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı 12 aprel 2021-ci il tarixli inzibati tənbeh verilmə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar