Məhkəmə qərarları › İş №3(005)-961/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-961/2021

17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-961/2021 17.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Zeynalova Günel Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxxx 1989-cü il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, fərdi qaydada sürücü işləyən, Qəbələ rayonu Yenikənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Nərimanov RPİ-dən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsi ilə İXP seriyalı ******* nömrəli, 15.04.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs 15.04.2021-ci il tarixdə saat 11:25 radələrində idarə etdiyi «RENAULT MEGANE» minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsinə (salona) nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ölçmə cihazlarının işinə mane olan antiradar quraşdırmışdır. Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib barəsində 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş, «RENAULT MEGANE» minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ölçmə cihazlarının işinə mane olan texniki vasitə (antiradar) müsadirə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26.07.2021-ci il tarixli qərarı ilə barəsində qərar çıхarılmış şəхs Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şəxs оğlunun Azərbaycan Respublikası İnzibati Хətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati qaydada tənbeh olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakiminin 3(005)-961/2021 saylı, 07 may 2021-ci il tarixli qərarı barəsində qərar çıхarılmış şəхs Şəxs tərəfindən verilmiş şikayətə əsasən ləğv edilsin və iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərilmişdir. Apellyasiya məhkəməsi qərarın ləğv edilməsinə əsas kimi birinci instansiya məhkəməsi tərəfindən Şəxs idarə etdiyi “RENAULT MEGANE” minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilindən 15 aprel 2021-ci il tarixdə aşkar olunan qurğunun hansı qurğu olmasının, yəni antiradar və ya radar dedektoru olmasının araşdırılmadığını, qurğunun markasına və növünə görə qadağan olunmuş “antiradar” qurğusu olmasını təsdiq edən hər hansı normativ sənədə istinad edilmədiyini, həmin qurğuya məhkəmədə baxış keçirilmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Qəbələ rayonu - Bakı şəhəri istiqamətində sərnişindaşıma (taksi) fəaliyyəti ilə məşğul olur. Bakı şəhərində dayanacaq yeri, yəni rayondan Bakıya sərnişin aparan taksilərin müştəriləri çatdırdığı və ya qəbul etdiyi yer, el arasında “Şamaxinka” deyilən ərazidir. Ancaq işi ilə əlaqədar rayondan Bakı şəhərinə gedən müştərilərin ünvana aparılması, həmçinin göndərilən yüklərin ünvana çatdırılması məqsədilə şəhər daxilində də hərəkət etmək məcburiyyətində qalır. Bununla əlaqədar 15 yanvar 2021-ci il tarixdə günorta radələrində Bakı şəhəri, Nərimanov rayonu, Əcəmi Naxçivani küçəsi ilə hərəkət edərkən yol polisi onu saxlayaraq manevr qaydasını pozduğunu, hətta xuliqanlıq etdiyini bildirib etibarnamə əsasında idarə etdiyi “RENAULT MEGANE” minik markalı, **-SA-*** dövlət nömrə nişanlı maşını cərimə meydançasına yerləşdirdi. Yol polisinin iddia etdiyi pozuntunu törətmədiyini bildirmiş, birlikdə video görüntüyə baxmışlar və həqiqətən də müəyyən olunurdu ki, o, nəinki xuliqanlıq etmiş, heç manevr qaydasını da pozmamış, yol zolağını dəyişərkən, dönmə işıqlarından istifadə etmişdir. Ancaq bununla belə onunla razılaşmamışlar və maşına baxış keçirərək radar detektoru işlətdiyini, bunun isə qanunsuz olduğunu bildirmişlər. Günün sonunadək avtomobil cərimə meydançasında qalmış, Nərimanov yol polisi əməkdaşları ilə müzakirə heç bir nəticə verməmiş, qanunvericiliyin tələblərini onlara izah etsə də barəsində İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə protokol tərtib edilmişdir. Həmin vaxt ona “AsanPay” sistemindən bildiriş gəlmiş və 500 manat cərimə olunduğu qeyd edilmişdir. Barəsində inzibati xəta üzrə protokol tərtib edilməsi üçün qanuni əsaslar mövcud deyil, ona görə də protokol ləğv edilməklə, inzibati xəta üzrə icraata xitam verilməli idi. Belə ki, inzibati xəta protokolu İXM-nin 342.9-cu maddəsi ilə tərtib edilmişdir. Həmin maddədə deyilir: Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çox avazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi maddənin dispozisiyasında radar detektoruna dair heç bir göstəriş yoxdur, maddədə göstərilən antiradar qurğusudur ki, onun avtomobildə quraşdırdığı antiradar qurğusu deyil, məhz radar detektorudur. Belə olan halda DYP əməkdaşı İXM-nin 342.9-cu maddəsində radar detektoru ilə bağlı məhdudiyyət nəzərdə tutulmadığı halda həmin maddəyə istinad etməklə barəsində inzibati xəta protokolu tərtib edərək qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmənin qərarı əsassızdır, bu sbəblə qərar ləğv edilməli və inzibati xəta üzrə işin icraatına xitam verilməlidir. Tərtib edilmiş protokol üzrə işə baxan məhkəmə avtomobildə aşkar edilmiş qurğunun DYP əməkdaşı tərəfindən antiradar qurğusu adı ilə aktlaşdırıldığına, barəsində protokol tərtib edən şəxsin isə qurğunun radar detektoru olduğunu deməsinə baxmayaraq aşkar olunmuş qurğunun məhz hansı qurğu olmasına dair heç bir araşdırma aparmamışdır. Aşkar edilmiş qurğu müsadirə edilmişdi və məhkəmənin həmin qurğunun növünü müəyyən etmək imkanı vardı, hətta belə vəziyyətdə bu artıq zərurət idi. Məhkəmə iş üzrə həqiqəti müəyyən etmədən, qurğunun radar detektoru olduğunu bildiyi halda DYP əməkdaşları tərəfindən antiradar qurğusu kimi qələmə verilməsinə heç bir əhəmiyyət verməyərək onun əsassız məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etmişdir. Əvvəla Azərbaycan qanunvericiliyində antiradar quraşdırmaq birbaşa qadağan edilir və İXM-nin 342.9-cu maddəsinin tərkibini yaradan hal məhz antiradar qurğusunun quraşdırılmasıdır. DYP əməkdaşı isə onun avtomobilində antiradar qurğusu aşkar etməmişdir. Onun avtomobilində aşkar edilmiş radar detektorudur ki, həmin qurğunun quraşdırılmasına heç bir qadağa yoxdur. Çünki həmin qurğunun funksiyası istənilən müasir telefonda var və bu radarların fəaliyyət göstərməsinə mane olmur. Digər tərəfdən, hətta DYP radar quraşdırılmış yolda radardan öncə “radar var” nişanı quraşdırır ki, radar detektoru ilə “radar var” nişanının funksiyası mahiyyət etibarilə eynidir. Beləliklə, əsassız olaraq və qərəzli şəkildə məsuliyyətə cəlb edilmişdir. Lakin məhkəmə də protokol üzrə işə baxarkən bunlara əhəmiyyət verməmişdir. Şikayətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qərarının ləğv edilməsi, 15 aprel 2021-ci il tarixli, İXP ******* nömrəli protokolun ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasına dəvət edilmiş Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Radiotezliklər İdarəsinin Radiomonitorinq və texniki nəzarət departamentinin Texniki nəzarət şöbəsinin aparıcı mühəndisi X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, protokolda və iş materiallarında mübahisələndirilən SHO-ME-520-STR markalı cihaz radiotezlik şüalandırıcısı olmadığından həmin cihaz Dövlət Radiotezliklər İdarəsində qeydiyyata alınmamışdır. Digər tərəfdən bildirmişdir ki, həmin avandanlıq yalnız qəbul rejimində çalışır və sürücünü qarşıda olan radar qurğuları barədə məlumatlandırmaq üçün nəzərdə tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin DYPŞ-nin Yol patrul xidməti inspektoru X3 tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli, 15.04.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15.04.2021-ci il tarixdə saat 11:25 radələrində idarə etdiyi “RENAULT MEGANE” minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobildə nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan texniki vasitə (antiradar) quraşdırması aşkar edilmişdir. “Nəqliyyat vasitəsinə baxış zamanı aşkar olunmuş əşyaların və sənədlərin götürülməsi haqqında” 15.04.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs idarə etdiyi «RENAULT MEGANE» minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsinə (salona) nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar quraşdırılmışdır. Həmin antiradar protokolu tərtib etmiş X1, hal şahidləri X7 və X2, həmçinin Şəxs iştirakı ilə sökülərək götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda göstərilən AR İXM-nin 342.9-cu maddəsinin dispozisiyasından görünür ki, qanunverici sürücünü qarşıda olan radar qurğuları barədə məlumatlandırmaq üçün nəzərdə tutulmuş radar detektorundan istifadəyə görə məsuliyyət nəzərdə tutmamışdır. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqan Şəxs idarə etdiyi “RENAULT MEGANE” minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilindən 15 aprel 2021ci il tarixdə aşkar olunan qurğunun təyinatını müəyyən etmədən, həmin qurğunun markasına və növünə görə qadağan olunmuş “antiradar” qurğusu olmasını təsdiq edən hər hansı normativ sənədə və ya mütəxəssisin rəyinə istinad etmədən həmin qurğunun “antiradar” olması qənaətinə gəlməklə kifayətlənmiş və şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, məhkəmə iclasında qeyd olunan qurğuya mütəxəssisin iştirakı ilə baxış keçirilərkən həmin qurğunun protokolda göstərildiyi kimi antiradar qurğusu deyil, radar detoktoru olması təsdiq olunmuşdur ki, bu da tərtib edilmiş inzibati xəta haqqında protokolun polis əməkdaşı tərəfindən öz mülahizəsinə əsasən aşkar olunmuş qurğunun növünü müəyyən etməsi nəticəsində tərtib edilməsinə dəlalət edir. Belə olan halda qanunvericiliyin tələblərini rəhbər tutan məhkəmə, barəsində inzibati qaydada icraat aparılan şəxsin idarə etdiyi avtomaşından aşkar edilmiş qurğunun istifadəsinin qanunvericiliklə qadağan edilmədiyini və inzibati məsuliyyətə səbəb olmadığını nəzərə alaraq onun əməlində inzibati xəta tərkibinin olmaması qənaətinə gəlir. AR İXM-nin 3-cü maddəsinə əsasən təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində AR İXM-nin 342.9-cu maddəsinin tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Yuxarıda sadalanan qanunun tələbindən də göründüyü kimi iş üzrə maddi sübut kimi tanınan və Şəxs idarə etdiyi «RENAULT MEGANE» minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsinə (salona) quraşdırılmış qurğu (SHO-ME-520- STR markalı) Şəxs geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. İş üzrə maddi sübut qismində tanınmış SHO-ME-520-STR markalı, S/H-180403915 nömrəli qurğu Şəxs geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar