Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-976/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 barəsində Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən qəbul edilmiş 27.02.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3, barəsində Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən qəbul edilmiş 27.02.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tətbiq edilməsi göstərildiyi halda, cərimə məbləğinin 327.2-ci maddəsinin tətbiq edilməsini ədalətsiz və qərəzli hesab etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. O, 27.02.2021-ci il tarixdə anasını, həyat yoldaşını və uşaqlarını Nərimanov metrosu yaxınlığında olan mağazaya apararkən, onun idarə etdiyi “MERCEDES BENZ C200” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol hərəkəti qaydalarının pozulması haqqında ona YPX-nin inspektoru X2 tərəfindən protokol tərtib olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən tərtib edilmiş İXP ******* nömrəli protokola öz iradını bildirir. Belə ki, ona təqdim olunmuş protokolda yol hərəkəti qaydalarının 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi göstərilsə də, ona 60 manat ödənilməsi və 3 cərimə balının verilməsi göstərilmişdir. Niyə 40 manat yox, məhz 60 manat və üstəgəl cərimə balı? İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində 40 manatdan artıq cərimə yoxdur, niyə məhz ona həmin maddə ilə 60 manat və üstəgəl 3 cərimə balı? Məlumat üçün bildirir ki, onun şəxsi kabinetinə (kompüterdə) göndərilmiş məlumatlarda da İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsinin tətbiq edildiyi qeyd olunub, ancaq cərimə məbləği 60 manat ödənilməsi və 3 cərimə balının verilməsi göstərilmişdir. Təsdiqləyici heç bir video görüntü təqdim edilməmişdir. Məlumat üçün bildirir ki, barəsində tərtib olunmuş həmin protokola görə 03.03.2021-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin rəisi cənab Rəşid Piriyevin adına onlayn qaydada “şəxsi kabinetindən” şikayət məktubu göndərmişdir. Lakin bu günə kimi nə heç bir araşdırma aparılmayıb, nədə şikayətinə rəsmi cavab verilməmişdir. Hesab edir ki, ona qarşı ədalətsiz mövqe tutulduğundan tərtib edilmiş protokola aydınlıq gətirilməli və ləğv edilməlidir. Qeyd etdiklərini nəzərə alaraq barəsində Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən qəbul edilmiş 27.02.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən qəbul edilmiş 27.02.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, 27.02.2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokolun əsasında vətəndaş X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 327.2 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X1 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə -qırx manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X3 barəsində 27.02.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X3 Azərbaycan Respublikası İXM-in 329.1, 327.2 və 327.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən qəbul edilmiş 27.02.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhəri DYPİ-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən qəbul edilmiş 27.02.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikası İXM-in 329.1, 327.2 və 327.1-ci maddələri ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri DYPİ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-976/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-976/2021
07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver