Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-980/2024 17.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi Əhmədova Aynur Əvəz qızının katibliyi, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 482.1-ci maddəsi ilə tərtib edilmiş 19 mart 2024-cü il tarixli, 00100-00662/24 nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 482.2-ci maddəsi üzrə tərtib olunmuş 19 mart 2024-cü il tarixli, 00100-00662/24 nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs MMC tərəfindən bəyan edilmiş malların qiymətinə şübhə yaranması nəticəsində ekspert rəyinə əsasən ümumilikdə 25250.00 manat məbləğin düzgün göstərilməməsi faktına görə MMCnin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 çıxış edərək bildirmişdir ki, onlar gömrük orqanına özləri müraciət etmişlər. Onların ərizəsinə gömrük orqanında baxılmamışdır. Malların bir hissəsi 15 gün əvvəl alınmış, digər hissəsi isə gömrükdə qalmışdır. Onların təqdim etdiklərini sənədləri gömrük orqanı qəbul eləməmişdir. Səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyəti orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 19 mart 2024-cü il tarixli, 00100-00662/24 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan "Torch” MMCnin ünvanına 02.01,2024-cü il tarixdə Türkiyə Respublikasının “X3 Sanayi Ticaret LTD $Tİ” şirkətindən 31AKD840/31AJU890 nömrə nişanlı yük avtomaşınında NZR**********018 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük idarəsində **********2487 sorğu nömrəli 04.01,2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara 10.01,2024-cü il tarixdə “ipək Yolu" gömrük postunda gömrük yoxlaması həvata keçirilmişdir. Yoxlama zamanı Şəxs MMC tərəfindən idxal edilmiş mallara dair gömrük organına təgdim edilmiş **********2487 sorğu nömrəli 04.01,2024-cü il tarixli gömrük bəyannaməsində bəyan edilən 1 ədəd elektriklə işləyən lift yükündən əlavə gömrük organına bəyan edilməyən, mal-müşayiət sənədlərində göstərilməyən 16 ədəd lift qapısı, 1 ədəd 3 (üç) mərtəbəli mətbəx lifti, 2 ədəd lift mühərriki, 11 dəst lift paneli yükü aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 3-33-/027/000685 saylı 11.01,2024-cü il tarixli raportdan, 10.01,2024-cü il tarixli yoxlama haqqında protokoldan və 10.01,2024-cü il tarixli aktdan görünür ki, Şəxs MMC tərəfindən **********2487 sorğu nömrəli 04.01,2024-cü il tarixli gömrük bəyannaməsində bəyan edilən 1 ədəd elektriklə işləyən lift yükünün ümumi çəkisi 4970.00 kg, gömrük organına bəyan edilməyən malların ümumi çəkisi 3630.00 kq, ümumilikdə isə Şəxs MMC tərəfindən gömrük orqanına bəyan edilən və gömrük orqanına bəyan edilməyən malların çəkisi 8600.00 kq təşkil edir. İş materiallarına əlavə edilmiş **********2487 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, 1 ədəd elektriklə işləyən lift yükünün faktiki çəkisi 4970.00 kg olduğu və Şəxs MMC tərəfindən həmin malın çəkisi 4970.00 kq bəyan edilməli olduğu halda, sözügedən malın çəkisi MMC tərəfindən gömrük bəyannaməsində 8600.00 kg bəyan edilmişdir. Hügugi şəxs Şəxs MMC tərəfindən gömrük orqanına bəyan edilməyən malların dəyəri işin halları ilə uyğun olub-olmamasının və əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədi ilə elmi cəhətdən əsaslandırılmış müvafiq tədgiqatlar aparılmalı olduğundan məhkəmə ekspertiza tədqiqatlarının aparılmasına zərurət yaranmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2024-cü il tarixli, 9/538 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 4 adda lift avadanlıqlarının ümumilikdə 02.01,2024-cü il tarixə orta bazar qiymətinin 25250.00 (iyirmi beş min iki yüz əlli) manat olduğu müəyyən edilmişdir. Həmin avadanlıqların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Beləliklə, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən gömrük orqanına bəyan edilməyən 16 ədəd lift qapısı, 1 ədəd 3 (üç) mərtəbəli mətbəx lifti, 2 ədəd lift mühərriki, 11 dəst lift paneli yükünün ümumilikdə orta bazar qiyməti 25250.00 (iyirmi beş min iki yüz əlli) manat təşkil edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC-nin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 146-cı maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir; 148-ci maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək bəyannaməçinin vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin (25250.00) 40 (qırx) faizi məbləğində, yəni 10.100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, həmçinin ekspertiza tədqiqatının dəyəri 100 manat Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 31, 40-43, 48-51, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin (25250.00 manat) 40 (qırx) faizi məbləğində, yəni 10.100 manat məbləğində cərimə edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-980/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-980/2024
17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver