Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-986/2025 10.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1992-ci il tarixdə Sabirabad Türkədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Xətai, Bakı, Xudu Məmmədov K-Si, Korpus 1 Giriş C, 20, 3 qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 333.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Nərimanov rayon DYPŞ tərəfindən xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir . Təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:18 radələrində «İnfiniti Q50» minik markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən müəyyən olunmuşdur ki, sürücü nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edir. Bununla əlaqədar barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzinbati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təqdim etdiyi etiraz ərizəsində qeyd olunur ki, 22 mart 2025-ci il tarixində gecə saatlarında avtomobilimi idarə edərkən, **-YP-*** dövlət nömrə nişanlı polis əməkdaşı tərəfindən qanunsuz olaraq saxlanılmışdır. Polis əməkdaşı özünü təqdim etmədən və heç bir əsas olmadan ona içkili olub-olmadığını soruşmuş, o isə spirtli içki qəbul etmədiyini bildirmişdir. Bunun ardınca, həmin polis əməkdaşı ona qarşı qanunsuz şəkildə, razılığı olmadan içki yoxlanışı aparmağa qərar vermişdir. O, bu hərəkətin hüquq pozuntusu olduğunu bildirərək, qanuni olaraq xəstəxanaya getmək və analiz vermək istəyini bildirmişdir. Xəstəxanada analiz vermiş və qanında spirt aşkar olunmuşdur. Lakin, səhər saatlarında, polis əməkdaşından xəbərsiz olaraq həmin xəstəxanaya yaxınlaşıb yeni analiz vermiş və nəticədə spirtli içki qəbul etmədiyi məlum olmuşdur. Qanunvericiliyə əsasən, əgər spirtli içki qəbul etsə idi, 24 saat ərzində qanında qalmalıdır. Lakin bu halda qanında heç bir spirt tapılmamışdır. Bu hadisədən sonra, avtomobili **-LU-*** dövlət nömrə nişanlı avtomobili “№Siqnal22” adlı dayanacağa aparıldı və ona bildirildi ki, səhər Nərimanovda yerləşən Yol Polis İdarəsinə yaxınlaşsın. 23 maıt 2025-ci ildə həmin idarəyə yaxınlaşdıqda, mobil telefonunu əlindən alınmış və 1500 manat məbləğində pul tələb olunmuşdur. Cəriməni ödəmək istədiyi halda, bu məbləğ yenə tələb olundu. Qeyri-qanuni olaraq, özünü təqdim etməyən və 8-ci otaqda oturan şəxs, təzyiq göstərərək, əgər məbləğ verilməsə, məhkəməyə verəcəyini və polisə müqavimət göstərmək ittihamı irəli sürəcəyini bildirdi. Bundan sonra 26 mart 2025-ci il tarixində saat 17:00-a qədər vəziyyət davam etdi. O, 102 qaynar xəttə şikayət etdikdən sonra saat 20:00-da avtomobilimi buraxdılar, lakin sürücülük vəsiqəsi hələ də ona təqdim olunmamışdır. Əlavə olaraq, 27 mart 2025ci il tarixində ona İXP *** ** ** cərimə protokolu tərtib edilmişdir. Bu protokolun tərtib olunma tarixi 25 mart 2025-ci ilə göstərilsə də, “№Siqnal22” dayanacağının sənədində açıq-aydın görünür ki, avtomobilim 23 mart 2025-ci il tarixində həmin dayanacağa gətirilmişdir (əslində, 22 mart gecə saatlarında).Beləliklə, onun hüquqlarının kobud şəkildə pozulması və qeyri-qanuni hərəkətlərin həyata keçirilməsi məsələsi ilə bağlı xahiş etmişdir ki, bu qanunsuz hərəkətləri həyata keçirən və adını təqdim etməyən polis əməkdaşının ciddi şəkildə cəzalandırılması təmin edilsin. Eyni zamanda, hüququn pozulması ilə tərtib edilən cərimə protokolunun dərhal ləğv edilməsi və bu cür qanunsuz fəaliyyətlərin təkrarlanmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülməsini tələb edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə «İnfiniti Q50» minik markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobili ayıq vəziyyətdə idarə etmişdir. Onun həmin günü ayıq olmasını təsdiq edən həkim müayinəsinin nəticəsi olan xx.xx.2025-ci il tarixli akt mövcuddur. Həmin sənədi məhkəməyə təqdim etmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 333.1ci maddəsində nəzərdə inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixli, 2/16319 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Şəxs həmin tarixdə ayıq olmuşdur (müayinənin vaxtı saat 17:40). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 20-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının səhiyyə müəssisələri yolnəqliyyat hadisələri nəticəsində zərər çəkənlərə yardım göstərilməsini təmin edir, nəqliyyat vasitəsini idarə edən şəxslərin alkoqoldan, narkotik vasitələr, psixotrop maddələrdən və güclü təsir göstərən digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olub-olmadıqlarını müəyyən edir, onların uçotunu aparır, nəqliyyat vasitələrini idarə etməyə yararlılıq haqqında arayış verirlər; 83-cü maddəsinin İİİ hissəsinə əsasən müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 2.5-ci bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İXM-in 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. İXM-in: 333.1-ci maddəsinin qeyd hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 75.0.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 76.2-ci maddəsinə əsasən bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.5-ci bəndinə şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İXM-in 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Bundan başqa, İXM-in: 69.1-ci maddəsinə əsasən işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz; 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər; 69.3-cü maddəsinə əsasən hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2025-ci il tarixli, 2/16319 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”na əsasən Şəxs hadisə günü ayıq olmuşdur. Yəni Şəxs xx.xx.2025-ci il tarixdə sərxoşluq vəziyyətinə dair fərqli nəticələr müəyyən edən protokol və həkim müayinəsi aktı kimi sübutlar mövcuddur ki, bu da öz növbəsində Şəxs hadisə günü sərxoş olması faktını şübhə altında qoyur. İXM-in: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olduğu halda, məhkəmə hesab edir ki, Şəxs İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məhkəməyə təqdim olunan sənədlər ziddiyyətli olmaqla onun sərxoş olmasını şübhə altına alır, buna görə də məhkəmə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələri onun xeyrinə həll edərək, şəxsin təqsirsiz olması və onun əməlində İXM-in 333.1-ci maddəsinin tərkibinin olmadığı qənaətinə gəlir. Bu səbəbdən də, yəni Şəxs əməlində İXM-in 333.1-ci maddəsinin tərkibi aşkar edilmədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 333.1-ci maddəsinin tərkibi aşkar edilmədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 53, 114.2.1, 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tərkibi olmadığından, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-986/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-986/2025
10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver