Məhkəmə qərarları › İş №3(005)-99/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-99/2024

17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-99/2024 17.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 448-ci maddəsi ilə tərtib edilmiş 28 dekabr 2023-cü il tarixli, 10000-00140/23 nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 448-ci maddəsi üzrə tərtib olunmuş 28 dekabr 2023-cü il tarixli, 10000-00140/23 nömrəli inzibati xəta haqqında protokola əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat idarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 17 noyabr 2023-cü il tarixdə Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 99JV544/10ZK644 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsində idxal olunmuş mallara 22 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, Dərnəgül S/zonası adlanan ünvanda keçirilmiş baxış zamanı, sözügedən yük avtomobilində idxalatçı Şəxs MMC tərəfindən Sumqayıt Gömrük İdarəsinə təqdim edilmiş **********1350 sorğu nömrəli gömrük bəyannaməsinin 1-ci vərəqində 1 ədəd Azərbaycan bayrağı bəyan olunduğu halda əlavə olaraq aşkar edilmiş üzərilərində Azərbaycan Respublikasının Dövlət Bayrağının təsvirləri olan 2000 ədəd bayraqların ölçülərinin yoxlanılması zamanı eni təqribi olaraq 15 sm, uzunluğu isə təqribi olaraq 21 sm təşkil etdiyi, enin uzunluğa olan təqribi nisbəti 0,7 təşkil etməklə alınan nəticənin “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” 2 noyabr 2018-ci il tarixli 1331-VKQ nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.1-ci bəndindəki tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Səlahiyyətli orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə səlahiyyətli orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş 28 dekabr 2023-cü il tarixli, 10000-00140/23 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat idarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 17 noyabr 2023-cü il tarixdə Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 99JV544/10ZK644 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsində idxal olunmuş mallara 22 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, Dərnəgül S/zonası adlanan ünvanda keçirilmiş baxış zamanı, sözügedən yük avtomobilində idxalatçı Şəxs MMC tərəfindən Sumqayıt Gömrük İdarəsinə təqdim edilmiş **********1350 sorğu nömrəli gömrük bəyannaməsinin 1-ci vərəqində 1 ədəd Azərbaycan bayrağı bəyan olunduğu halda əlavə olaraq aşkar edilmiş üzərilərində Azərbaycan Respublikasının Dövlət Bayrağının təsvirləri olan 2000 ədəd bayraqların ölçülərinin yoxlanılması zamanı eni təqribi olaraq 15 sm, uzunluğu isə təqribi olaraq 21 sm təşkil etdiyi, enin uzunluğa olan təqribi nisbəti 0,7 təşkil etməklə alınan nəticənin “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” 2 noyabr 2018-ci il tarixli 1331-VKQ nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.1-ci bəndindəki tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 7 dekabr 2023-cü il tarixli **********772500 nömrəli məktubundan görünür ki, hüquqi şəxs - Şəxs MMC xx.xx.2020-ci il tarixdə ********** nömrəli VÖEN əsasında vergi ödəyicisi kimi ünvan 2 ünvanında qeydiyyata alınmışdır, statusu aktivdir, rəhbəri X1r, vergi borcu, habelə müəssisə barəsində cinayət işi yoxdur, həmçinin cinayət xarakterli material araşdırılmır, lakin rəhbəri barədə cinayət işi mövcuddur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 1/000731/23 nömrəli sınaq protokolundan görünür ki, hüquqpozma predmetləri olan 2000 ədəd bayraq eni 15 sm, uzunluğu 22,5 sm olmaqla, enin uzunluğa olan nisbəti 1:1,5 olmaqla alınan nəticə “AZS 001-2023” nömrəli standartların 3.2.1-ci, 3.2.3-cü və 3.2.4-cü bəndlərinin tələblərinə cavab vermir. İş üzrə materiallardan görünür ki, hüquqi şəxs - Şəxs ünvanına 99JV544/10ZK644 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsində dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan 2000 ədəd Azərbaycan Respublikasının Dövlət bayrağı idxal olunmuşdur. Beləliklə müəyyən edilmişdir ki, Şəxs tərəfindən dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan Azərbaycan Respublikasının Dövlət bayrağı idxal olunmuşdur. “Baxış keçirilməsi və götürmə haqqında” 22 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs MMC tərəfindən Sumqayıt Gömrük İdarəsinə təqdim edilmiş **********1350 sorğu nömrəli gömrük bəyannaməsinin 1-ci vərəqində 1 ədəd Azərbaycan bayrağı bəyan olunduğu halda əlavə olaraq aşkar edilmiş üzərilərində Azərbaycan Respublikasının Dövlət Bayrağının təsvirləri olan 2000 ədəd bayraqların ölçülərinin yoxlanılması zamanı eni təqribi olaraq 15 sm, uzunluğu isə təqribi olaraq 21 sm təşkil etdiyi, enin uzunluğa olan təqribi nisbəti 0,7 təşkil etməklə alınan nəticənin “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” 2 noyabr 2018-ci il tarixli 1331-VKQ nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.1-ci bəndindəki tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Baxış zamanı uyğunsuzluq hallarının müəyyən edildiyi mallar götürülərək saxlanca verilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də cəmiyyət həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə - saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinin sanksiyasının hədləri daxilində üzərilərində Azərbaycan Respublikasının Dövlət Bayrağının təsvirləri olan 2000 ədəd bayraqlar müsadirə edilməklə müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək üzərilərində Azərbaycan Respublikasının Dövlət Bayrağının təsvirləri olan 2000 ədəd bayraqlar müsadirə edilməklə 4000 (dörd min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar