Məhkəmə qərarları › İş №3(005)-997/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-997/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-997/2024 16.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən 28 mart 2024-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, protokol Nərimanov RPİ-nin TŞ-nin baş təhqiqatçısı Mirsaleh Cavadovun rədd materialı əsasında tərtib olunub. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 13.40 radələrində o, özünə məxsus olan, idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Nissan X Trail» markalı ** LK *** qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu G.Qədirbəyova küçəsində yerləşən "Qrand" marketlə üzbəüz yaşadığı binanın yeraltı dayanacağından çıxan zaman G.Qədirbəyov küçəsinə çıxmaq üçün sola baxan zaman qəfildən bir nəfər şəxsin avtomobilin ön sağ hissəsinə əli ilə vuraraq uca səslə ona avtomobili dayandırmağını bildirmişdir. Bu zaman avtomobili bir qədər geriyə doğru hərəkət etdirib saxlamışdır. Həmin orta yaşlı bir nəfər şəxsə ona sükan tərəfdən yaxınlaşmış və o pəncərəni aşağı salıb həmin şəxslə danışmışdır. İlk olaraq o həmin şəxsdən səhhətini soruşduqda sonuncu ona əsəbi formada irad bildirmiş və o həmin şəxsdən ona hər hansısa bir formada toxunmuş və ya toxunmamış olduğuna görə üzr istəmişdir. Lakin həmin şəxs davamlı olaraq ondan avtomobili ehtiyatlı sürməyini və avtomobili onun üzərinə sürməyini təkrar olaraq söyləmişdir. Buna baxmayaraq o, həmin şəxsdən dəfələrlə üzr istəmiş və həmin şəxsdən xəsarət almasını soruşaraq əgər ki özünün xəsarət almasını bildirmiş olsaydı o həmin şəxsi müayinə olunması üçün TTYS və yaxud həkimə aparmağa hazır olmuşdur. Həmin şəxsə yolu keçən zaman diqqətli və ehiyyatlı olmasını xahiş etmiş və həmin şəxs baş vermiş hadisə ilə bağlı DİN-102 xidmətinə məlumat vermişdir. O da öz növbəsində hadisə ilə bağlı DİN-102 xidmətinə məlumat vermişdir. Həmin şəxs mobil telefon ilə danışaraq hadisə yerindən uzaqlaşmışdır. Hadisə zamanı idarə etdiyi avtomobilin sürəti təxminən 5 km/saat olmuşdur. Buna baxmayaraq o piyadaçını görmədiyindən həmin şəxsə dəymişdir. Hadisə baş verən zaman o, əyləcdən istifadə edib avtomobili saxlamışdır. Avtomobili hərəkətə gətirmək istəyən zaman həmin şəxsin avtomobilin ön sağ hissəsinə qışqırdığını görmüşdür. Sonunda Şəxs əməlindən peşman olduğunu bildirərək barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: HK 1 N - 186/ 102 -2979 / nömrəli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:52-də DİN-in 102 Xidməti-zəng Mərkəzinə müraciət edən vətəndaş X4 məlumat verərək, Gülarə Qədirbəyova küçəsi 8-in qarşısında “Nissan” markalı ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilin onun ayağının üzərindən keçib əzməsini bildirmişdir. HK-2 N - 3619 / 102 -3008/ nömrəli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:57-də DİN-in 102 Xidməti- zəng Mərkəzinə müraciət edən vətəndaş Şəxs məlumat verərək, Gülarə Qədirbəyova küçəsi 8 ünvanında idarə etdiyi “Nissan”markalı ** LK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə qarajdan çıxan zaman naməlum kişinin əlini avtomobilə vuraraq ayağının üstünə çıxmasını deməsi, ona böhtan atmasını bildirmişdir. Araşdırma zamanı izahatı alınmış X5 oğlu izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13.00 radələrində Nərimanov rayonu Gülarə Qədirbəyova küçəsində yerləşən «Grand Mart» mağazası ilə üzbəüz binanın qarşısından keçmək istəyən zaman həmin binanin yeraltı dayanacağından çıxan “Nissan” markalı avtombobil onun ayaq nahiyəsinin üzərinə təkər ilə çıxmışdı, o əli ilə avtomobilin ön hissəsinə işarə etmişdir ki, avtomobli geriyə ya qarşıya hərəkət etdirsin ki, o ayağını avtomobilin təkərinin altından çıxartsın. Həmin avtomobilin sürücüsü qadın avtomobili geriyə sürdükdən sonra o ayağını təkərin altından çəkmiş və həmin şəxsə irad bildirmişdir ki, avtomobili sürən zaman ehtiyatlı olsun. Həmin qadın sürücü ona "sən yolu keçirsən görürüsənki qarajdan çıxıram ehtiyatlı ol" sözləri demişdir. O da baş vermiş hadisə ilə bağlı polisə məlumat vermişdi, daha sonra isə həmin qadın sürücü avtomobili dayandırmadan hərəkətinə davam etmişdir. Həmin hadisə zamanı o ayağından xəsarət almışdır. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 01 mart 2024-cü il tarixli 191 saylı rəydən görünür ki, X1 aşkar edilmiş xəsarət-ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol ayağın İ barmağın yumuşaq toxumalarının şişkinlik halında əzilməsi hematoması-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 06 mart 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını, iş materiallarında zərərçəkmiş şəxs X3 vurulmuş ziyanın ödənilməsinə və sonuncunun Şəxs ilə barışığının olub-olmamasına dair hər hansı bir sübutun olmamasını, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar