Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1/2023 22.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu Azərbaycan Respublikası Ekologiya və tərtib etmiş: Təbbi Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişi X4 oğlunun Barəsində inzibati xəta haqqında Şəxs MMC-nin nümayəndəsi iş üzrə icraat aparılan şəxs: Nümayəndə iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə ştq, Bülbülə 2, ev 35, VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə ünvan 2 ünvanlarda fəaliyyət göstərən Şəxs MMC-yə aid restoranın havalandırma sistemində əmələ gələn səs-küy çirklənməsi normadan artıq olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-2679/2022 saylı qərarı ilə iş üzrə icraata xitam verilsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə həmin qərar ləğv olunaraq iş yenidən baxılması üçün rayon məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarında aparılmalı olan bir sıra hərəkətlər göstərilmiş, o cümlədən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”na əlavə edilmiş Cədvəl 1-in 16-cı bəndinə istinad edilməli olmasının müəyyən edilməsi ilə bağlı xüsusi bilik tələb edən mütəxəssis, yaxud ekspert rəyinin alınması vurğulanmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişi X2 izahatında göstərdi ki, nazirliyin yanında Milli Hidrometeorologiya Xidmətindən daxil olan məlumatda ünvan 3 ünvanda fəaliyyət göstərən “Caravan” adlı restorana məxsus havalandırma sisteminin işlək olduğu müddətdə ətrafa yayılan səs-küy çirklənməsinin aşkar olduğu göstərilmişdir. Ölçmə işləri sabit hava şəraitində xx.xx.2022-ci il tarixdə, saat 16:00-dan saat 17:00-dək və təkrar olaraq xx.xx.2022-ci il tarixdə 15:00-dan saat 15:45-dək səyyar səs-küy ölçən PCE322A cihazı vasitəsi ilə həyata keçirilmiş, ətrafa yayılan səs-küy çirklənməsinin səviyyəsi 66,1dBA (Norma 60dBA) təşkil etmişdir. Ölçmə işləri zamanı “Ətraf mühitə və insan sağlamlığına mənfi-təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 796 nömrəli Fərmanının 16-cı bəndi əsas götürülmüşdür. Eyni zamanda bildirir ki, nazirlik üzrə aparılmış struktur islahatları nəticəsində qeyd olunan restoranda ölçməni həyata keçirmiş Milli Hidrometeorologiya Xidmətinin bu qurumu ləğv edilmiş, işçilərin də əksəriyyəti işdən azad olunmuşlar. Şəxs MMC-nin məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, restoranın fəaliyyət göstərdiyi ərazi yaşayış binalarının həyətidir və bu həyətdə restoranın qurğularından başqa digər obyektlərin də kondisioner və sair qurğuları var. Yoxlama zamanı həmin qurğuların söndürülməsi təmin edilməmiş və yaranmış səs-küyün normadan artıq olması məhz MMC-nin qurğularının işləməsi nəticəsində əmələ gəlməsi şübhə doğurur. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinin tərkib əlamətlərinin yaranması üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 796 nömrəli Fərmanının 16-cı bəndinin tələbləri pozulmalıdır. Bu normaya görə nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları mikrorayonlar və yaşayış binaları qrupları, istirahət evləri, pansionatlar, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin istirahət meydançaları, məktəbəqədər, ümumi və digər təhsil müəssisələrinin meydançalarının orta həndəsi tezlikli (Hs) oktava zolaqlarında səs təzyiqinin səviyyələri gündüz vaxtı 67, 57, 49, 44, 37, 35, maksimal səviyyəsi 60 dB müəyyən edilmişdir. Şəxs MMC-yə məxsus qurğular binanın istirahət meydançasında deyil, ümumi istifadədə olan sahədə yerləşir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan: - 21 və 30 iyun 2022-ci il tarixli, 0296 saylı monitorinq aktına görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətindən daxil olan xx.xx.2022-ci il tarixli, İD 14334 saylı məktubunda ünvan 3 ünvanın yaxınlığında monitorinqin keçirilməsi qeyd olunmuşdur. Monitorinqin məqsədi qeyd olunan ünvanda fəaliyyət göstərən “Caravan” restoranına məxsus havalandırma sisteminin işlək olduğu müddətdə ətrafa yayılan səs-küy çirklənməsinin tədqiqindən ibarət olmuşdur. Ölçmə işləri sabit hava şəraitində xx.xx.2022-ci il tarixdə, saat 16:00-dan saat 17:00-dək və təkrar olaraq xx.xx.2022-ci il tarixdə 15:00-dan saat 15:45-dək səyyar səs-küy ölçən PCE322A cihazı vasitəsi ilə həyata keçirilmiş, ətrafa yayılan səs-küy çirklənməsinin səviyyəsi 66,1 dBA (norma 60dBA) təşkil etmişdir. Ölçmə işləri zamanı “Ətraf mühitə və insan sağlamlığına mənfi-təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 796 nömrəli Fərmanının 16-cı bəndi əsas götürülmüşdür; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il il tarixli, 3(006)- 1/2023 saylı qərardadına əsasən iş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizası təyin edilmiş və ekspert qarşısında “ünvan 2 ünvanda fəaliyyət göstərən Şəxs MMC-yə aid restoranın havalandırma qurğusu sisteminin (işlək vəziyyətdə) yaratdığı səs-küy səviyyəsi gündüz vaxtı nə qədərdir?” sualı qoyulmuşdur; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/725 saylı məktubu ilə verilmiş məlumatda qoyulmuş sualın həll edilməsi üçün fiziki-kimyəvi ekspertizaları şöbəsində konkret ixtisas üzrə ekspert və maddi-texniki baza olmadığından tədqiqatın aparılmasının mümkün olmadığı göstərilmiş və ekspertizanın aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə məsuliyyət müəyyən edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi üzrə başlanılmız iş üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir (2.1-ci maddə); - Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5-7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsi istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir (2.2-ci maddə); - Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır (3.1ci maddə); - Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz (3.2-ci maddə); - Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır (13.1-ci maddə); - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (13.2-ci maddə); - Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (13.3-cü maddə); - Yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır (14.1-ci maddə); - İnsanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama aparılır (16.1.3-cü maddə); - Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır (16.11-ci maddə); - Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir (20.1-ci maddə). “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununa görə: - Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 1-dək dayandırılır (inzibati xəta haqqında protokol tərtib olunduğu zaman bu müddət 2023-cü ilin yanvarın 1-dək müəyyən edilmişdir) (1-ci maddə); - Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır (2.1-ci maddə); - Bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur (3.1-ci maddə). Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısına müvafiq olaraq: - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində siyahısı aşağıda göstərilən yoxlamalar aparıla bilər: sanitar-gigiyenik qaydalara riayət edilməsinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yoxlanılması; fitosanitar tələblərə, qaydalara uyğunluğun və baytarlıq tələblərinə, qaydalarına uyğunluğun Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılması; əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən monitorinqi; kənd təsərrüfatı bitkilərinin toxum və əkin materialları, habelə seleksiya nailiyyətləri ilə bağlı “Toxumçuluq haqqında”, “Çayçılıq haqqında”, “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının qanunları və bu sahədə münasibətləri tənzimləyən Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş müvafiq tələblərə riayət olunmasının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanılması (1-ci bənd); - Bu Siyahının 1-ci hissəsində nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti yoxlayıcı orqanın əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin razılığı ilə aparılır. Bu halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab etdikdə yoxlama həmin Nazirliyin əməkdaşının iştirakı ilə aparılır (2-ci bənd). Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə əsasən: - Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər (1.4-cü bənd); - Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur (1.5-ci bənd); - Bu Əsasnamənin müddəaları cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir (1.5-1-ci bənd). Göründüyü kimi, Şəxs MMC tərəfindən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin normalarına riayət edilməsi vəziyyətinin monitorinqinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olmuş, bu növ yoxlamanın keçirilməsinə yol verilməmişdir. Bununla yanaşı, inzibati xəta hadisəsi olmuş olsa belə, yoxlayıcı qurum tərəfindən qanunvericiliklə müəyyən edilmiş imperativ tələblər (sahibkarlıq fəaliyyəti subyektində yoxlamanının aparılması haqqında qərar qəbul edilmədən və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan) pozulmaqla Şəxs MMC barəsində monitorinq aparılmışdır. Bütün qeyd olunan hallar da hazırki monitorinqin hüquqi nəticəsini istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələbinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-53-cü, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver